19:14 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
1610 0 0

Bu gün Azərbaycanın hər yerində "Son zəng" tədbirləri keçirilib, Təhsil naziri özü isə "Məzun Günü"nü region məktəblərinin birində qeyd edib.

BAKI, 14 iyun — Sputnik. Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir. Təhsil Nazirliyinin təlimatına görə, “Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməlidir. 11-ci sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında təşkil edilməlidir. Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Bu gün Azərbaycanın Təhsil naziri Emil Əmrullayev özü də şəxsən "Son zəng" tədbirində iştirak edib. Ö, bu barədə Facebook səhifəsində paylaşım edib.  

"Bu gün "Son zəng"i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - deyə nazir bildirib.

O, təbiət qoynunda keçirilən tədbirdən maraqlı fotolar da paylaşıb. 

Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva isə pandemiya dövrünün ilk "Son zəng"inin necə baş tutduğunu öyrənmək üçün paytaxtdakı məktəblərə üz tutub. Onun hazırladığı reportajı təqdim edirik:

© Sputnik / Zulfiyya Guluyeva
Ən son "Son zəng" tədbiri məktəblərdə 2018-2019-cu tədris ilində keçirilib.

Yolumuzu Bakının Yasamal rayonu 21 saylı məktəbindən salırıq. Bu dəfə valideynlər məktəbdə keçirilən “Son zəng” tədbirini məktəbin həyətinin giriş qapısından izləyirdilər. Məktəbin həyətinin giriş qapısında isə iki polis əməkdaşı növbə çəkirdi. Övladı məzun olan valideynlərin məzunların sevincinə şahidlik etmək üçün tədbiri ayaq üstə, məktəbin həyətinə daxil olmadan kənardan seyr etməsinə isti hava da mane ola bilməmişdi. 21 saylı məktəbin həyətində isə əsl toy-bayram əhval-ruhiyyəsi vardı. Sinif yoldaşının köynəyinə ürək sözlərini yazan kim, müəlliməsini qucaqlayıb ağlayan kim...

Məktəbdə ingilis dilini tədris edən Məlahət Məmmədova da hisslərini cilovlaya bilmirdi. Şagirdlərini bağrına basaraq onlara xeyir-dua verən Məlahət müəllimə hər il bu hissləri yaşadığını söyləyir. 32 ildir məktəbdə müəllimə işləyən M.Məmmədova bildirir ki, 11 a sinif şagirdlərinin hər biri ona öz balası qədər doğmadır: "Mənim üçün onlardan ayrılmaq çox çətindir. Hər il Məzun Günü mən öz balalarım qədər sevdiyim şagirdlərimdən ayrılanda göz yaşlarımı saxlaya bilmirəm".

© Sputnik / Zulfiyya Guluyeva
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84069 nəfər şagird bitirir.

Mənsurə Məmmədova isə Məlahət müəlliməsini heç zaman unutmayacağını söyləyir: "Məlahət müəllimə bizə ana qədər doğma olub. Bu gün məktəbi bitirmək mənə öz anamdan ayrılmaq qədər çətindir", - deyə məzun bildirir.

Bakı şəhər 21 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə isə bildirdi ki, bu il məktəbi 42 nəfər məzun bitirir.  R.Ağazadənin sözlərinə görə, məktəbdə iki buraxılış sinifi var. Onların içərisində buraxılış imtahanlarında naliyyətləri yüksək olan 7 nəfər şagird 200 baldan yuxarı bal toplayıb. Direktor bildirdi ki, pandemiyaya görə “Son zəng” tədbiri məktəbin həyətində keçirilir. Pandemiya qaydalarına əməl edilməsinə görə nəzarətçilər ayrılıb. Eyni zamanda pandemiya qaydalarının pozulmaması, məktəbin həyətinə valideynlərin, kənar şəxslərin daxil olmaması üçün polislər tərəfindən nəzarət tədbirləri həyata keçirilir.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı şəhər 21 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə

21 saylı məktəbin 11 b sinif rəhbəri Fidan Ağasıyeva isə “Son zəng” günü nə qədər özünü ələ almağa çalışsa da, ağladığını söyləyir: "Mənim sinfimdə dəcəl şagirdlər çox idi. Amma bununla belə onlardan ayrılmaq bir müəllim kimi məni kədərləndirir", - deyir F.Ağasıyeva.

Amin Mehralıyev də bu gün məktəbi başa vuraraq yeni həyata atılmasına sevinsə də, məktəbdən ayrılmağına kədərləndiyini gizlətmir. Deyir ki, bu hissi ancaq yaşayanlar bilər.

  • 21 saylı məktəbin 11 b sinif rəhbəri Fidan Ağasıyeva məktəblilərlə
    © Sputnik / Zulfiyya Guluyeva
  • 21 nömrəli məktəbdə "Son zəng" tədbiri
    © Sputnik / Zulfiyya Guluyeva
  • 21 nömrəli məktəbdə "Son zəng" tədbiri
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
21 saylı məktəbin 11 b sinif rəhbəri Fidan Ağasıyeva məktəblilərlə

“Son zəng” ənənəsinə uyğun  olaraq sinif yoldaşının köynəyinə ürək sözlərini yazan məzunlar isə pandemiya dövründə bu tədbirin keçirilməsinə icazə verildiyi üçün ürəkdən sevindiklərini söyləyirlər. Aytac adlı məzun deyir ki, “Son zəng” hər bir məzunun həyatında bir dəfə baş verdiyi üçün bu günü qeyd etmək mütləqdir: "Keçən il pandemiyaya görə “Son zəng” tədbirinə icazə vermədilər. Amma bu il sağ olsunlar ki, məzunlara məktəblə vidalaşmağa fürsət yaratdılar. Buna görə cənab nazirimiz Emin Əmrullayevə təşəkkür edirəm. Nazir bununla bizə imtahan ərəfəsi böyük ruh yüksəkliyi bəxş etmiş oldu. İmtahan stresimiz bu tədbirlə xeyli azaldı".

Digər məzunlar da pandemiya dövründə “Son zəng” tədbirinin keçirilməsinə icazə verildiyinə görə sevindiklərini bildirdilər. Onların sözlərinə görə, məktəbdən kənar “Son zəng” tədbiri keçirməyi nəzərdə tutmurlar.

© Sputnik / Zulfiyya Guluyeva
21 nömrəli məktəbdə "Son zəng" tədbiri

“Son zəng” tədbirində 1-ci siniflərin iştirakı nəzərdə tutulmasa da, "Son zəng"i vurmaq üçün bir neçə 1-ci sinif şagirdi tədbirə qatılmışdı.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84069 nəfər şagird bitirir. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, onlardan 38461 nəfəri qız, 45608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6110 məktəbəhazırlıq qrupunu 106580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

© Sputnik / Zulfiyya Guluyeva
21 nömrəli məktəbdə "Son zəng" tədbiri

Xatırladaq ki, ötən tədris ili orta ümumtəhsil müəssisələrini 84600 şagird bitirib. Ən son "Son zəng" tədbiri məktəblərdə 2018-2019-cu tədris ilində keçirilib. 2020-ci ildə "Son zəng" tədbiri onlayn baş tutub. Onu da qeyd edək ki, pandemiyadan əvvəl məktəblərdə "Son zəng" tədbirləri böyük coşqu ilə keçirilirdi. Bu tədbirlərdə nəinki 1-ci və 11-ci sinfin şagirdlərinin valideynləri, eləcə də qonaqlar, müğənnilər iştirak edirdilər. Bu il isə "Son zəng" tədbiri məktəb rəhbərliyi, sinif rəhbərləri və məzunların iştirakı ilə baş tutdu".

Bu il "Son zəng"də ürəkdə tutulan arzular da təkcə təhsillə bağlı deyildi. Məzunlar bu son zəngin həm də pandemiya üçün çalındığını, koronavirusun həyatımızdan çıxmasını arzu etdiklərini bildirdilər. Onlar yeni həyata məhdudiyyətlərsiz, azad, sərbəst, bütün əyləncələri yaşayaraq atılmaq istədiklərini dilə gətirdilər. Biz isə məzunlara ali məktəbə qəbul və həyat imtahanından uğurla çıxmağı arzulayaraq məktəbi tərk etdik...

Əsas mövzular