Milli Məclisdə bəzi sosial-iqtisadi məsələlərin həllinə çağırış edilib

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Deputatların fikrincə, bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər, ona görə də imtahana buraxılmırlar.

BAKI, 11 iyun — Sputnik. "Prezident İlham Əliyev iyunun 7-də "Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Cəlilabad seçiciləri bu Sərəncamı böyük ruh yüksəkliyi ilə qarşılayıb və məndən Prezidentə təşəkkür etməyimi istədilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Elman Nəsirli deyib.

O bildirib ki, ötən illərlə müqayisədə bu il Cəlilabadda su bolluğu olub: "Hətta elə məlumatlar da gəldi ki, Cəlilabadda bu il su lazım olandan daha çox verilib". Elman Nəsirov əlavə edib ki, Cəlilabadın sərhəd kəndlərində olan qaz problemi ilə bağlı da müsbət addımlar atılıb: "Artıq bu məsələnin həlli ilə bağlı "Azəriqaz" iş aparır".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə təklif edib ki, iclasın 1 saatı Qurtuluş Gününə həsr edilsin.

Əsas Azərbaycan brendinin dünyada tanıdılmasıdır

Deputat Elşad Mirbəşiroğlu isə deyib ki, Vətən müharibəsində inamlı qələbəmiz ölkə iqtisadiyyatının dayanıqlılığını növbəti dəfə göstərmiş oldu.

Deputat bildirib ki, ölkənin yeni çağırışlar qarşısında olduğu şübhəsizdir: “Bunun üçün də milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib. 2 fevral tarixində prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiq edilib. Bu sənəd çərçivəsində ixrac potensialının gücləndirilməsi təklif olunub. Ölkənin iqtisadi artım potensialı daha ciddi addımların atılmasını zəruri edir.

Azərbaycan brendinin dünyada tanıdılması əsas məsələlərdən biridir. Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Təklif edirəm ki, aidiyyəti qurumlar Azərbaycanda ixracat qurumlarının inkişafı sahəsində addımlar atsınlar. Gələcəkdə Azərbaycanın beynəlxalq əməkdaşlığı üçün bu çox vacibdir”.

Köhnəlmiş yol infrastrukturu insanların məişət qayğılarını artırır

Deputat Sevil Mikayılova çıxışı zamanı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işləri, iqtisadi inkişafı hədəfləyən tədbirlər göz qabağındadır:

"Lakin bəzi sosial çətinliklər sakinləri narahat edir. Belə ki, Xudat şəhəri və ətraf kəndlərdə yol təsərrüfatının yenidən qurulmasına ehtiyac var. Seçicilərlə görüşlərdə daim səsləndirilən problem məhz şəhərdaxili və kəndlərarası yolların yenidən qurulması ilə bağlıdır. Tərəfimizdən, eləcə də sakinlərin özlərinin dəfələrlə bu məsələni aidiyyatı qurumlar qarşısında qaldırılmasına baxmayaraq, problem indiyə qədər həll olunmayıb.

Şəhər və kənddaxili yolların dağılması, hərəkət üçün yararsız halda olması, dağılmış yollarla hərəkət avtomobilləri də zədələdiyindən maşın tapmaq mümkün olmur, sakinlər piyada qalır, yayda toz-torpaqlı, qışda isə palçıqlı yoldan əziyyət çəkirlər. Ələlxüsus məktəb yollarının yararsız vəziyyətdə olması azyaşlıların əziyyət çəkməsinə səbəb olur".

S.Mikayılova qeyd edib ki, köhnəlmiş yol infrastrukturu insanların məişət qayğılarını artırır, onlara maddi yük yaradır, lüzumsuz vaxt itkisinə gətirib çıxarır. Eyni zamanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində investisiyaların yatırılması üçün cəlbedici olan Xaçmazın iqtisadi nüfuzuna, həmçinin Nabran zonasının turizm sektoruna ciddi xələl gətirir.

Tibb və təhsildəki başlıca problemlər

"Millət vəkili seçildiyim Xaçmaz rayonunda sakinlər arasında narazılıq yaradan digər problem xəstəxana və tibb məntəqələrinin olmaması ilə bağlıdır. Belə ki, rayonun Xudat şəhərində yerləşən Mərkəzi Xəstəxananın binası yararsız və qəzalı vəziyyətdə olduğu üçün 2020-ci il iyun ayından fəaliyyətini dayandırıb. 198 nəfərlik işçi heyəti, bir neçə şöbəsi olan xəstəxana əslində 70000 nəfər əhaliyə tibbi xidmət həyata keçirməlidir. Hazırda isə yalnız təcili yardım şöbəsi və Ailə Sağlamlıq Mərkəzi bir neçə nəfərlə yarımtikilidə çətin şəraitdə işləmək məcburiyyətindədir", - deyə Mikayılova bildirib. 

Tibbi xidmətlə bağlı ehtiyacın tam təmin olunmasında təbii ki, problemlər yaranır, bu isə əhalini narahat edir. Məsələ ilə bağlı TƏBİB-ə müraciət olunub. Dövlət Agentliyi yeni xəstəxana tikintisi ilə bağlı qərarın Səhiyyə Nazirliyinin səlahiyyətində olduğunu bildirib. Təxirəsalınmaz tədbir görülməsi hazırkı vəziyyətin tələbidir, əlaqədar orqanları məsələyə operativ münasibət göstərməyə çağırıram. Ümumi inkişafımıza neqativ təsir edən bu problemləri aradan qaldırmaqla insanların məişət qayğılarını azaltmış, vətəndaş məmnunluğunu təmin etmiş olarıq".

“Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər. Ona görə də imtahana buraxılmırlar”. Bunu isə deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib. “Təklif edirəm ki, bu məsələ ilə bağlı aiddiyyəti komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar”, - deyə o bildirib.

Xəbər lenti
0