Şenol Günəş: Azərbaycanda rəqiblərimiz özlərini səfərdə hiss edəcəklər

© AP PhotoГлавный тренер сборной Турции Шенол Гюнеш
Главный тренер сборной Турции Шенол Гюнеш - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin İtaliyaya qarşı açılış oyunundan və komandasının Bakıda keçirəcəyi görüşlərdən gözləntilərini paylaşıb.

BAKI, 11 iyun — Sputnik. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarında Türkiyə yığmasının rəqibləri özlərini səfərdə hiss edəcəklər. Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İtaliya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

Futbol üzrə Avropa çempionatının İtaliya və Tükiyə komandaları arasında açılış qarşılaşması iyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da Romada başlayacaq.

Türkiyə yığmasının baş məşqçisi yetirmələrinin azarkeşləri qazanılmış xallarla sevindirə biləcəyinə ümid edir.

"Futbolçularımdan qeyri-adi bir şey tələb etmirəm. Əsas odur ki, görüş bitdiyi zaman aldığımız xalların sevincini yaşayaq. Heyətimizdə İtaliya çempionatında çıxış edən oyunçular var. Bu, onlar üçün üstünlükdür, amma onlar da tək başına nəsə edə bilməzlər. Turnirə favorit qismində qatılmırıq, amma favoritlər sırasına düşməyi xəyal edirik", - Günəş deyib.

O həmçinin qeyd edib ki, onun komandası ilk növbədə qrupdan çıxmağa çalışır. Mütəxəssis Bakıda keçiriləcək oyunlardan da danışıb.

"Romaya gələnə qədər 4 dəfə hərarətimizi yoxladılar. Əsl səfər ab-havası yaşayırıq. Düşünürəm ki, Azərbaycanda da Uels və İsveçrədən olan rəqiblərimiz bizə qarşı özlərini səfərdə hiss edəcəklər", - Günəş əlavə edib.

Qeyd edək ki, futbol tarixində Türkiyə ilə İtaliya bunadək 10 dəfə qarşılaşıb və bu oyunların yalnız 3-ü heç-heçə bitib, digərlərində isə italyanlar qalib olublar.

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları

Qeyd edək ki, koronavirus pandemiyasına görə 1 il təxirə salınmış AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi edəcək.

Daha öncə, Bakıda keçiriləcək AVRO-2020 oyunlarının təşkilat komitəsi və Nazirlər Kabineti yanında Operativ Qərargah çempionatın oyunları zamanı Bakı Olimpiya Stadionunun 50% dola biləcəyinə zəmanət veriblər. AVRO-2020-nin Bakıda keçirilən oyunlarında iştirak edən ölkələrdən olan əcnəbi azarkeşlər biletləri və ya UEFA-dan akkreditələri olduğu halda Heydər Əliyev adına hava limanında sadələşdirilmiş qaydada viza ala biləcəklər. AVRO-2020-nin Bakıdakı oyunlarına bilet satışı mayın 15-dən yenidən qüvvəyə minib.

Xəbər lenti
0