Kredit ittifaqları qarşısında yeni tələblər - Problemli kreditlərin həllinə töhfə

© AFP 2023 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Kredit ittifaqları üçün yeni cərimə və vəzifə müəyyənləşib, "Kredit ittifaqları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklərin mahiyyəti və əhəmiyyəti barədə Sputnik Azərbaycan-ın materialında.

BAKI, 11 iyun — Sputnik. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Bu məsələ "Kredit ittifaqları haqqında" qanuna təklif edilən yeni 15.1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" qanun ilə tənzimlənəcək.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, kredit ittifaqları üçün yeni cərimə müəyyənləşib. Belə ki, kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna "Kredit ittifaqları haqqında" və "Kredit büroları haqqında" qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşib. Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihələri Milli Məclisdə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dəyişiklikləri şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, banklarda və digər bank olmayan kredit təşkilatlarında bu qayda var: "Lakin kredit ittifaqının fəaliyyəti ayrı qanun ilə tənzimlənir. Baxmayaraq ki, kredit ittifaqı bank olmayan kredit təşkilatının bir növüdür. Azərbaycanda bankların fəaliyyətini, kredit ittifaqı istisna olmaqla bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən iki qanun mövcuddur. Bir də "Kredit ittifaqları haqqında" qanun var ki, sırf onların fəaliyyətini tənzimləyir. Yəni "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlarda bu tələb var. Lakin "Kredit ittifaqları haqqında" qanunda bu tələb yox idi. İndi isə kredit ittifaqı verdikləri kredit barədə ən azı bir kredit bürosuna məlumat verməlidir. Əgər məlumat verməsələr, onlar məsuliyyətə cəlb olunmalıdırlar".

"Kredit ittifaqı da bank olmayan kredit təşkilatıdır. Onun digər bank olmayan kredit təşkilatından fərqi budur ki, kredit ittifaqı yalnız öz üzvlərinə kreditlər verir. Yəni kredit ittifaqı kənar şəxslərə, üçüncü şəxslərə kredit verə bilməz", - deyə o qeyd edib.

Ekspertin fikrincə, burada dövlət istəyir ki, borcalanların kredit tarixçəsi imkan daxilində tam obyektiv və hərtərəfli olsun: "Belə ki, hazırda şəxs bankdan kredit götürəndə bütün banklar onu görür. Eləcə də bank olmayan kredit təşkilatından kredit götürən zaman bütün bank olmayan kredit təşkilatları onu görürlər. Lakin kredit ittifaqından kredit götürəndə onlar bunu görmürlər. Bu da borcalanın maliyyə vəziyyətinin hərtərəfli qiymətləndirilməsini təmin etmir. O baxımdan kredit ittifaqları üçün də bu cür tələblər sərtləşdirilməlidir. Problemli kreditlərin artmasının qarşısını almaq baxımından qanunvericiliyə dəyişikliklər müsbətdir".

İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, problemli kreditlərin artmasının qarşısını almaq üçün müəyyən addımların atılması gözlənilir: "Bu dəyişiklik ilk addımlardan biridir. Beynəlxalq təcrübədə də kredit tarixçəsi anlayışı var və kredit tarixçəsi yaxşı olan müştərilərin üstünlüyü var. Bu sahədə stimullaşdırıcı addımlar da atıla bilər. Təkcə cərimələrlə məsələnin həllinə nail olmaq çətindir. Qanunvericiliyə dəyişikliklər müsbətdir, lakin kredit tarixçəsi yaxşı olanlar üstünlük qazanmalıdır. Bu zaman sistem işləyə və effekt verə bilər".

Xəbər lenti
0