CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisə zor tətbiq edən şəxslə bağlı tədbir görülüb

© AP Photo / Natacha PisarenkoСилуэт человека, фото из архива
Силуэт человека, фото из архива  - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

BAKI, 10 iyun — Sputnik. 30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində  Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.

Bu barədə Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.

İstintaqla müəyyən edilib ki, Bərdə rayon sakini Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib.

Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, ötən ilin sonunda da analoji hadisə baş vermişdi. Belə ki, 31 dekabr 2020-ci il tarixdə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olan müraciət əsasında Ağstafa Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əlövsət Allahverdiyev hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini Sübhan Piriyevin ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbər lenti
0