13:35 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
19

Belaruslu idman şərhçisi Ruslan Vasilyev hesab edir ki, hər iki komandanın bir qlobal psixoloji problemi var

BAKI, 2 iyun — Sputnik. Futbol üzrə Belarus və Azərbaycan yığmaları arasında Minskdə keçiriləcək yoldaşlıq görüşü yerli tamaşaçılarda böyük maraq doğurmur, çünki milli komanda onları məyus edib. Bunu Sputnik Azərbaycan-ın idman şərhçisinə onun belaruslu həmkarı Ruslan Vasilyev oyundan gözləntilərini bölüşərkən deyib.

Çərşənbə günü, iyunun 2-də Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda futbol üzrə Belarus və Azərbaycan yığma komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Canni de Byazinin yetirmələri üçün bu, son bir həftə ərzində ikinci oyun olacaq. Belə ki, mayın 27-də Azərbaycan yığması səfərdə türkiyə yığması ilə oynayıb və 1:2 hesabı ilə məğlub olub.

Belarus komandası isə öz növbəsində son oyununu 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 30-da səfərdə Belçika komandasına qarşı keçirib və 0:8 hesabı ilə məğlub olub.

Belaruslar yığmanın məğlubiyyətindən məyus olublar

"Qarşıdakı oyun Belarus idman həvəskarları üçün ön planda durmur," - deyə Sputnik Azərbaycan-a müsahibəsində belaruslu idman şərhçisi bildirib.

"Məsələ bundadır ki, bu günlərdə Riqada (Latviya) xokkey üzrə dünya çempionatı keçirilir. Həm də bu çempionatın əvvəlcədən Minskdə keçirilməsi planlaşdırılırdı. Odur ki futbol hazırda diqqət mərkəzində deyil. Həm də ki, futbol yığmamız, yumşaq desək, Belçikada alçaldıcı hesabla məğlub olmaqla azarkeşləri çox məyus edib. Odur ki komandanı hələlik yaddan çıxarıblar", - deyə Vasilyev bildirib.

Qeyd edək ki, belorusların məğlubiyyətindən sonra yığma komandanın baş məşqçisi Mixail Marxel istefa verib. Azərbaycan yığması ilə qarşılaşmaya meydan sahiblərini baş məşqçinin vəzifələrini icra edən Georgi Kondratyev çıxaracaq.

"Onun (Marxelin- red.) komandaya rəhbərlik etdiyi son il yarım başdan ayağa məyusluqdan ibarət idi. O, komanda heyəti ilə təcrübələr keçirirdi, biz ard-arda iki oyuna belə eyni heyətlə çıxa bilmirdik. Payızda komandanın yeni baş məşqçisinin olacağını gözləyirik. Müxtəlif variantlar var. Həm də, müvəqqəti baş məşqçinin elə daimi olacağı da mümkündür. Halbuki, Kondrtayev əvvəllər də yığmaya rəhbərlik edib, lakin o da elə bir nailiyyət əldə etməyib", - deyə Vasilyev qeyd edib.

Mütəxəssis deyib ki, Belarus komandasının Azərbaycan yığması ilə oyunu belçikadakı darmadağın olmasının əvəzini çıxmaq üçün istifadə edəcəyinə şübhə edir.

"Bu oyunu gələcək hədəflərə nail olmaq üçün bir məşq kimi nəzərdən keçirmək olar. Təbii ki, əgər belə hədəflər varsa. Biz daimi məşqlərdən və sınaq qarşılaşmalarından elə bezmişik ki, artıq rəsmi oyunlar da bizdə sınaq oyunu kimi keçir. Qlobal mənada bu oyun yeni yüksəlişin başlanğıcı ola bilər. Mən bu cür düşünmək istərdim. Lakin, əgər bizim hələ baş məşqçimiz yoxdursa, hansı reabilitasiyadan və ya yeni dövrün başlanmasından söhbət gedə bilər?!", - deyə şərhçi bildirib.

Azərbaycan komandasında Banişevskilər yoxdur

Yeri gəlmişkən, Belarus və Azərbaycan yığmaları arasında oyun tamaşaçıların iştirakı ilə keçiriləcək. Oyuna biletlər artıq bir həftədir ki, satılır. Lakin idman şərhçisi hesab edir ki, stadionda tamaşaçıların sayı o qədər də çox olmayacaq.

"Düşünürəm ki, tamaşaçıların sayı az olacaq. Burada bəzi məqamlar var. Məsələn, koronavirus. Həm də milli komandanın populyarlığı da sıfıra yaxındır. Ola bilər ki, kimsə Azərbaycan yığmasının oyununa tamaşa etməyə gəlsin. Amma, inciməyin, bizə elə gəlir ki, Azərbaycan futbolunda hazırda Banişevskilər, Cavadovlar, Ponomaryovlar yoxdur", - deyə Sputnik Azərbaycan-ın müsahibi vurğulayıb.

Azərbaycan yığmasına gəldikdə isə, ekspertin fikrincə, bəzi oyunlarda yığma o qədər də pis təsir bağışlamayıb.

"Zənnimcə, Azərbaycan yığması bəzi oyunlarda yaxşı təsir bağışlayırdı. Həm Azərbaycan, həm də Belarus komandasının bir qlobal psixoloji çatışmazlığı var – bu, özünə inamın olmamasıdır. Biz rəqibə həddən artıq rəğbət bəsləyir və öz gücümüzə şübhə ilə yanaşırıq", - deyə Vasilyev fikrini tamamlayıb.

Əsas mövzular