22:34 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
12

Xeyriyyə konsertinin məqsədi 44 gün sürən Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir.

BAKI, 12 may — Sputnik. İkinci Qarabağ müharibəsindən təsirlənən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları "Qarabağ uğrunda" həmrəylik cəmiyyətini yaradıblar. Məqsəd müxtəlif təşəbbüslər, bədii proqramlar vasitəsilə Qarabağda sülhün bərqərar olmasına, dinc həyatın bərpasına dəstək verməkdən ibarət idi. Yaradıcı insanlar tariximizdə nümunəvi birlik hissi yaşayaraq ifaları, çıxışları ilə bölgədə harmoniyanın bərpası səslərinə qatılmaq istəyib, "Qarabağ uğrunda" cəmiyyəti ətrafında birləşdilər.

Sputnik Azərbaycan xəbər verir ki, cəmiyyətin təşəbbüsü ilə "Qarabağa sülh, sevgi və ümid" adlı qlobal xeyriyyə konserti təşkil ediləcək. Dünyanın bir çox ölkələrindən mədəniyyət xadimləri birləşib virtual konsert proqramının məzmunu üzərində çalışıb. Qeyd etmək lazımdır ki, proqramın bədii rəhbəri, bir tərəfi əslən Şuşadan olan və hazırda Texas ştatında yaşayan doktor Cəmilə Cavadova-Spitzberq Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra 1986-91-ci illərdə Ağdam şəhəri Musiqi Texnikumunda dərs deyib. O, "Azərbaycan-Amerika Musiqi Fondu"nun yaradıcısı və təsisçisidir.

Xeyriyyə konsertinin məqsədi 44 gün sürən Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir. Bununla yanaşı, Qarabağdakı mədəni irsimizin dirçəlişinə də yardım ediləcək

"Qarabağa sülh, sevgi və ümid" konserti iki hissədən ibarətdir. Birinci hissə mayın 22-də, ikinci hissə isə mayın 23-də Nyu-York vaxtı ilə günorta saat 12:00-da, Bakı vaxtı ilə 20:00-da, Ankara və Moskva vaxtı ilə 19:00-da www.forkarabakh.com saytı vasitəsilə yayımlanacaq.

Proqram müxtəlif təşkilatların və fərdi insanların səyləri nəticəsində baş tutacaq. Bura Meyn ştatının Azərbaycan Cəmiyyətini, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasını, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyətini, "Mənim yolum" ("My way") - Uşaq İnkişaf Mərkəzini, Amerika Azərbaycan Cəmiyyətləri Konqresini, həmçinin Britaniya-Azərbaycan Cəmiyyətini, İsrail-Azərbaycan Beynəlxalq Birliyini (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyasını və onların rəhbərlərini, Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman və Aytən Muradovanı aid etmək olar. Proqramın bədii şura üzvləri doktor Zümrüd Dadaşzadənin, doktor Nigar Axundovanın, Günel Rzayevanın, Cahangir Novruzovun, Aysel Rəcəblinin, İslam Manafovun əməyini xüsusi qeyd etmək lazımdır. TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə proqramın istehsalına rəhbərlik edib. Proqram Azərbaycan-Amerika Tibb Birliyi tərəfindən maliyyələşdirilib.

Qeyd edək ki, İanə vermək istəyənlər bu keçiddən istifadə etməklə xeyriyyə aksiyasına kömək edə bilərlər: https://forkarabakh.com/peace-for-karabakh/

Əsas mövzular