CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kanalizasiya suları göllərə axır - Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Bu gün Abşeronda su aynasına görə böyük olan 9 göl var ki, onlar bu və ya digər formada çirklənməyə məruz qalıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Göllər təbiətin aynası hesab olunsa da, ölkəmizdəki göllərin əksəriyyəti o qədər çirklidir ki, orada nəinki təbiətin ecazkar əksini, heç içində yaşayan canlıların siluetini də görmək mümkün deyil. Bu günlərdə bu məsələyə toxunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib ki, Azərbaycanda bəzi göllərin çirkli olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır. Onun sözlərinə görə, təkcə Abşeron yarımadasında irili-xırdalı, quruyan və mövcud olan 800-dən çox göl və gölməçə var. Agentlik sədrinin sözlərinə görə, bütün ərazilərdə yenidən monitorinq aparılıb, ilkin qiymətləndirmə hazırlanıb. M.Qənbərov deyib ki, əsas məqsəd bu gölləri təmizləmək üçün sahibkarların, bu sahəyə marağı olan iş adamlarının həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etməkdir: "Eyni zamanda, proqramda nəzərdə tutulan göllərin təmizlənməsinin həyata keçirilməsidir. Hesab edirəm ki, yaxın zamanda göllərin təmizlənməsi işlərinin şahidi olacağıq".

Sputnik Azərbaycan ölkəmizdə göllərin təmizlənməsində sahibkarların iştirakını, problemin həlli yollarını araşdırıb.

M.Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahibkarlara imkan yaradılmalıdır ki, həmin göllərin ətrafında infrastruktur qursun: "Bu zaman həm sahibkar fayda götürəcək, həmçinin də ekoloji baxımdan faydalı bir iş olacaq".

Agentlik sədrinin sözlərinə görə, göllərin təmizlənməsinə başlamazdan öncə, göllərin nə ilə çirkləndiyini öyrənmək lazımdır. M.Qənbərov deyir ki, aparılan monitorinqin nəticələri göstərib ki, göllər əsas etibari ilə təsərrüfat-məişət mənşəli tullantı suları ilə çirklənir: "Tullantı sularının tərkibində biogen maddələrin miqdarı qat-qat çoxdur. Təsərrüfat-məişət suları kanalizasiya sularıdır. Bu sular göllərə axıdılır və nəticədə göllər çirklənir. Göllərin təmizlənməsindən qabaq göllərə çirkli su axarlarının qarşısını almaq lazımdır. Çirkab suların daxil olmaması üçün həmin suların əhatə dairəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi qurulmalıdır. Su qapalı vəziyyətdə idarə olunaraq təmizləyici qurğulara tökülməlidir. Bu proses tullantı suları ilə göllərin çirklənməsinin qarşısının alınması deməkdir".

Həmsöhbətimiz bildirir ki, bu gün Abşeronda su aynasına görə böyük olan 9 göl var ki, onlar bu vəya digər formada çirklənməyə məruz qalıb. M.Qənbərov qeyd edir ki, bunlar Böyük Şor gölü, Xocahəsən gölü, Qırmızı Göl, Buta gölü, Qu gölüdür: "Sadaladığım bu göllər daha çox çirklənməyə məruz qalıb. Bülbülə gölü də bu siyahıya aiddir. Qeyd etdiyim göllərin ətrafında mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından həmin kanalizasiya suları göllərə axıdılır".

M.Qənbərov deyir ki, göllərin çirklənmə səviyyəsi monitorinq nəticəsində müəyyən olunur. Onun sözlərinə görə, suyun analizlərinə baxaraq bu təhlil edilir: "Çirkləndirici elementlərin, biogen maddələrin çoxluğu gölün çirklilik səviyyəsini müəyyən edir. Qeyd olunan göllərdə neft amili də var. Uzun illər neftlə çirkləndiyi üçün dib çöküntülərində mazutlaşmış, bərkimiş qat əmələ gəlib. Göllərdə çirklənmə sahələri var ki, bərk məişət, istehsalat tullantıları atılıb. Çirklənmə səviyyəsinə görə göllərdə vəziyyət fərqlidir", - deyə M.Qənbərov bildirir.

Xəbər lenti
0