12:51 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
42320

İşğaldan azad edilmiş Füzuli şəhərində ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Füzulidə ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Bunu mədəniyyət naziri Anar Kərimov bir neçə gün əvvəl "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş "Araz" qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub: "Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik".

Bu xəbərdən sonra üz tuturuq, Füzuli rayonunda olan "Araz" qəzetinin redaksiyasına. Qarşımıza dağılmış və vandalizmə məruz qalmış "Araz" qəzetinin redaksiyası çıxır.

  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası

Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet "Araz" qəzeti olub. Qəzetlə bağlı ətraflı məlumat verən Füzuli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov deyir ki, "Araz"ın çoxlu oxucu kütləsi olub. "Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır", prinsipi ilə çap edilən bu qəzet rayon mətbəəsində həftədə üç dəfə 3500-4000 nüsxə tirajla çıxıb: "Füzulidə nəşr olunan "Araz" qəzeti azsaylı redaksiyalardan idi ki, burada texniki işçilərin də çoxu universitetin Jurnalistika fakültəsinin məzunları idi. Yəni "Araz" redaksiyada sürücüdən və xidmətçidən başqa hamısı diplomlu idi. Doğrudan da korrektor, teletaypçı, makinaçı, hətta yerli radio verilişlərinin diktoru da ixtisasca jurnalist idi. Əlbəttə ki, belə bir kollektiv, dərc olunan qəzetdə rayonun sosial-iqtisadi və mədəni həyatını dolğun şəkildə işıqlandırırdı".

Müsahibimizin sözlərinə görə, "Araz" qəzetinin redaksiyası 1931-ci ildə yaradılıb. Lakin, qəzet 1966-cı ilə qədər "Qızıl Araz" adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə "Araz" adı ilə nəşrini davam etdirib. İşğaldan sonra isə "Qarabulaq" və hal-hazırda "Qayıdış" adı ilə nəşr olunur. Elçin Əsədov deyir ki, "Araz" qəzeti Ermənistanın işğalından əvvəl bölgədəki əsas media orqanı olub: "Ermənilər buranı işğal etməzdən əvvəl redaksiya tam heyəti ilə işləyirdi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Düzdür, "Araz" qəzetinin redaksiyasının bərpası nəzərdə tutulur. Əslində biz bərpanı da gözləyirdik. Çünki, bu qəzetin tarixi xeyli qədimlərə dayanır. 90 yaşlı "Araz" qəzetinin Füzuli Tarix-diyarşünaslıq Muzeyində 500-ə müxtəlif vaxtlarda nəşr olunmuş nümunələri saxlanılır".

© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası XX əsr

Qeyd edək ki, muzeydə qorunub, saxlanılan qəzetlərdə gündəlik olaraq Füzuli rayonunun mədəni, siyasi, iqtisadi və əmək sahələrində çalışan zəhmətkeş insanlar haqqında məlumatlar verilib. Səhifələrində sözlərin də inci kimi seçilib, yer aldığı "Araz" qəzeti yəqin ki, yaxın günlərdə öz əvvəlki adını da geri qaytaracaq. Ümidvarıq ki, qarşıdakı günlərdə biz "Qayıdış" yox, elə 30 il əvvəlki "Araz" qəzetinin abunəçisi olcağıq…

Əsas mövzular