12:03 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
16 0 0

"Kosmonavtlar üçün geyim əşyası hazırlanarkən başqa vaxt olduğu kimi dizayner fantaziyamızı işə sala bilmirik. Ancaq istehsalçılar kosmonavtların bəzi arzularını, məsələn rəng seçimini nəzərə ala bilərlər".

BAKI, 12 aprel — Sputnik. "RİA Novosti" Kosmonavtika Günü münasibətilə kosmonavtlarla bağlı ən məhrəm məqamlara aydınlıq gətirən məqalə yayımlayıb. Məqalədə bildirilir ki, kosmosda ilin mövsümləri dəyişmədiyindən geyimlər də yalnız bir mövsümə uyğun hazırlanır. Bununla belə, kosmonavt geyimlərinin keyfiyyətinə tələbat ən məşhur moda evlərində olduğundan belə daha yüksəkdir. Hazırda Beynəlxalq Kosmik Stansiyasının mütəxəssislərini üç ölkə geyindirir: Amerika, Yaponiya və Rusiya.

Kosmonavtlar üçün xüsusi əşyaların istehsalı ilə məşğul olan "Kentavr-Nauka" şirkətinin baş direktoru Svetlana Kryutçenkonun sözlərinə görə, fərqi yoxdur, yun corab, şort və ya futbolka olsun, kosmonavtlar üçün nəzərdə tutulan hər hansı bir əşya alınarkən bir qovluq sənəd hazırlanır. Həmin sənədlərdə geyimin bütün detalları təsvir olunur: parçanın xüsusiyyətləri, tikişi, boyaq maddələri və s.

"Kosmonavtlar üçün geyim əşyası hazırlanarkən başqa vaxt olduğu kimi dizayner fantaziyamızı işə sala bilmirik. Ancaq istehsalçılar kosmonavtların bəzi arzularını, məsələn rəng seçimini nəzərə ala bilərlər. Məhsullar hər bir heyət üzvünün fərdi ölçülərinə uyğun hazırlanır", – deyə Kryutçenko vurğulayır.

Onun sözlərinə görə, bununla belə, kosmonavt geyimləri üçün estetik tələblər müasir dəblə uyğunlaşdırılır.

"Siluet, forma, genişlik və ya darlıq, dekorasiya elementləri, rənglər və onların paltarla uyğunluğunu müasir dəb tendensiyaları müəyyənləşdirir. Ancaq bütün bunlar kosmonavt geyimi üçün əsas amil sayılmır", – deyə baş direktor qeyd edib.

Onun sözlərinə görə, dizaynerlər rənglərlə işləyərkən onların insan psixikasına təsirini və kosmonavtların istəyini nəzərə alırlar. Amma hər bir halda, bütün mövsümlərdə bir tendensiya mövcuddur: maksimum dərəcədə yüngül və funksional geyimlər hazırlamaq.

"Alt paltarlarında və geyimlərdəki rəng qammasının müxtəlifliyi qapalı kosmik stansiyada kosmonavtların psixi durumunu lazımi səviyyədə saxlamağa imkan verir. Bizim kataloqlarda 35-dən çox rəng var", – deyə Kryutçenko izah edir.

Hazırda Beynəlxalq Kosmik Stansiyanın Rusiya tərəfinə məxsus göyərtəsində kosmonavtların gündəlik geyim assortimenti çox müxtəlifdir və kosmosun fatehləri öz zövqlərinə uyğun geyim dəsti sifariş verə bilərlər.

Məsələn, vaxtilə alman kosmonavtı, fizik Reynhold Evold üçün çoxlu sayda cibləri olan geyim sifariş olunmuşdu. Onun stansiyada öz kayutu olmadığından bu bol cibli skafandr sayəsində bütün əşyalarını daşıya bilirdi. Uçuşdan sonra geyimindən çox razı qalan alman onu hazırlayanlara öz fotosunu hədiyyə edərək üstünə də bu sözləri yazmışdı: "Sizin kollektivin bu skafandrı kosmosdakı sınaqlara uğurla davam gətirdi".

Hazırda Rusiya tərəfi Beynəlxalq Kosmik Stansiyasının göyərtəsinə 23 adda geyim, alt paltarı, profilaktik tədbirlər və gəmidə iş vaxtı tələb olunan vasitələr çatdırır. Mütəxəssislər bunların yarıdan çoxunun dünyada analoqu olmadığını bildirirlər.

Beynəlxalq Kosmik Stansiyaya göndərilməzdən əvvəl bütün məhsullar adi tozsoranla hərtərəfli şəkildə təmizlənir. Sonra hər bir maddə plastik torbaya qoyulur, işarələnir, kosmonavtın ad-soyadı göstərilir. Torbanın ağzı hermetik şəkildə bağlanır. Bütün geyim dəstləri rentgen müayinəsindən keçirilir ki, üstündə sancaq, iynə kimi metal əşyalar qalmasın. Son addım isə sterilizasiyadır.

Kosmosda paltar yumağa imkan olmadığından kosmonavtların gigiyenik sağlamlığı baxımından alt paltarı və corabları üç gündən bir dəyişdirmək tövsiyə olunur.

Kryutçenko onu da bildirib ki, kosmonavt geyimləri hazırlamaq üçün parçalar Belarus, Türkiyə, Yaponiya və Almaniyadan gətirilir.

Əsas mövzular