05:47 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Millət vəkili Musa Qasımlı: "Hesab edirəm ki, sənədin təsdiqlənməsi münasibətlərimizdə yeni səhifə açacaq".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktyabrın 31-də Bakıda imzalanıb. R.T.Ərdoğanın təsdiq etməsi ilə sənəd qüvvəyə minib.

Sputnik Azərbaycan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyəti və perspektivləri ilə bağlı millət vəkili Musa Qasımlının və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq ikitərəfli münasibətlərini xeyli genişləndirib və yeni keyfiyyət mərhələsinə çıxarıblar: “İki ölkə arasındakı əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində də dərinləşdirilir. Hərbi sahədə əməkdaşlığın formaları imzalanmış sənədlərdə təsbit edilib. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmələri ordularımızın böyük güc halına gəlməsinə imkan verib. Hesab edirəm ki, sənədin təsdiqlənməsi münasibətlərimizdə yeni səhifə açacaq. Azərbaycan-Türkiyə əməkdaşlığının yaxşı perspektivləri var”.

Politoloq İlyas Hüseynov da ikitərəfli münasibətlərin inkişaf etməsinə diqqət çəkib: “Bildiyimiz kimi iki ölkə müdafiə sənayesi sahəsində uzun müddətdir əməkdaşlıq edir və bir sıra önəmli işlər görülüb. Bu sahə ilə bağlı tərəflər arasında çox saylı sazişlər bağlanıb, sənədlər imzalanıb. Bu, onu deməyə əsas verir ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi hərbi müstəvidə də əməkdaşlıq inkişaf etməkdədir. Eyni zamanda 44 günlük Vətən müharibəsində Türkiyə hərbi sənayesinin istehsalı olan silahlar özünü döyüş meydanında effektiv şəkildə göstərdi. Məhz buna görədir ki, Vətən müharibəsinin ardınca hərbi sahədə olan əməkdaşlığın dərinləşdirilməsi üçün əməli addımlar atılır. Eyni zamanda iki ölkə hərbçiləri mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər”.

Politoloqun fikrincə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi üçün ikitərəfli sənədlərin imzalanması aktuallığını qoruyur: “Hüquqi baxımdan bu sənədlər iki ölkənin hərbi əməkdaşlığının yeni formatlarını müəyyən edir. Vətən müharibəsi ərzində Türkiyənin dünya informasiya məkanında Azərbaycanın maraqlarının müdafiə etməsi ölkəmizin mövqelərinin daha güclənməsinə səbəb oldu. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın yeni konturları müəyyənləşəcək”.

Əsas mövzular