Vətən müharibəsində yaralanan qazilərin müalicəsi necə gedir - Polkovnik aydınlıq gətirdi

© Photo: Azerbaijan Medical UniversityYaralılar
Yaralılar - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb.

BAKI, 3 aprel - Sputnik. Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən yaydığı məlumata görə, F. Nəbiyev deyib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.

Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub:

“Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".

O, həmçinin qeyd edib ki, hazırda Vətən müharibəsində yaralanan 59 qazimizin müalicəsi davam etdirilir. Bu qazilər Baş Klinik Hospitalı və Bilgədəki hospitalda müalicə alır.

““YAŞAT" Fondunun qazilərin xaricdə, ölkədəki klinikalarda müalicəsini xüsusi qeyd etmək istəyirəm. YAŞAT Fondu Türkiyədən həkimlər dəvət edir”, - polkovnik deyib. 

O qeyd edib ki, Türkiyədən gələn həkimlərin köməyi ilə "YAŞAT" Fondu qazilərin birinci, ikinci növbədə xaricə müalicəyə göndərilməli olduğunu müəyyənləşdirib:

“54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq”. 

F. Nəbiyev deyib ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və ordan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər. 

Polkovnik bildirib ki, o da bəzən bu məsələ ilə bağlı TƏBİB-ə, Səhiyyə Nazirliyinə müraciət edir: “Həmin yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Hazırda ölkədəki bütün xəstəxanalar tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı probom yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş həmin hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.

 

 

Xəbər lenti
0