20:31 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
40 0 0

Problem ondadır ki, iqtisadi və coğrafi amilləri nəzərə almamaq mümkün deyil, buna hətta Brüsselin məmurlarının da gücü çatmaz. Rusiya və Avropa həmişə qonşu olaraq qalacaqlar, buna görə də iqtisadi əlaqələri bir anda kəsmək ağlabatan iş deyil.

BAKI, 12 fevral — Sputnik, Pavel Danilin. Avropada fevral ayı isti keçir. Brüssel Rusiyaya necə münasibət göstərəcəyini heç cür müəyyənləşdirə bilmir. Berlində almanlar üçün nəyin daha dəyərli olması məsələsi müzakirə olunur: milli qürur, rus qazı, Navalnı kabusu və ya Amerika prezidentinin qarşısında mümkün olduğu qədər yaxşı təzim etmək... Bütün bunların fonunda Avropa diplomatiyasının başçısı Cozep Borrellin Rusiyaya ilk və adi səfəri (O, heç də Avropa İttifaqının ən əsas və ən məşhur məmuru deyil) qalmaqallarla müşayiət olundu.

Keçən həftə Moskvaya səfər edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozep Borrell geri döndükdən sonra bir sıra sərt açıqlamalar verdi. Beləliklə, Rusiyaya qarşı yeni sanksiyaların başlanacağını və bu məsələni fevralın 22-də Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qaldıracağını bəyan etdi. Daha sonra Avropa Parlamentinin plenar iclasında çıxış edən Borrell bəyan etdi ki, "Rusiya ümidləri doğrultmadı" və "müasir demokratiyaya çevrilə bilmədi". Avropalı məmurun əsas narazılığı ona dələduzluqda ittiham olunan Aleksey Navalnı ilə görüşməyə icazə verilməməsi və bu qoca ispanın arzuladığı kimi blogerin azadlığa buraxılmaması ilə bağlı idi.

Kreml bu ədəbsizliyə dərhal reaksiya verdi, özü də kifayət qədər sərt şəkildə.

"Əldə olan məlumata görə, Moskvadakı danışıqlar daha dolğun keçib və yalnız bir mövzu müzakirə olunmayıb", – deyə Borrellin açıqlamasını şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Borrellin niyə bu cür bəyanatlarla çıxış etdiyi aydındır. Onun səfərini tamamilə uğursuz adlandırmaq olar. Navalnı məsələsindən istifadə etməklə Moskvanın əsəblərini yerindən oynatmaq cəhdi baş tutmadı. Rusiya hakimiyyəti avropalı məmurun qarşısında əyilmədi və özünü elə göstərmədi ki, sanki Moskvanın Brüssellə münasibətlərində heç bir problem yoxdur.

Vəziyyət kifayət qədər aydın idi: Rusiya xarici işlər naziri Sergey Lavrov avropalı diplomatın üzünə dedi ki, Aİ etibarlı tərəfdaş deyil. Buna cavab olaraq Aİ-nin Navalnı və onun komandasını dəstəkləyəcəyi barədə artıq rituala çevrilmiş bəyanatlar səsləndirilməyə başlandı.

Geri qayıdan Borrelli digər ölkələr də mehribanlıqla qarşılamadı. Bir tərəfdən Avropa Parlamentində Borrellə müxalifətdə olan radikallar bu səfərin nəticəsindən narazı qaldılar. Onların fikrincə, Aİ təmsilçisi Moskvada "rus ayısı"nın pəncələri altında tapdanıb.

Digər tərəfdən, Rusiya ilə qarşıdurma ritorikasından bezmiş ciddi Avropa siyasətçiləri də səfərin yekunlarından məmnun qalmadılar. Buna misal olaraq Gerhard Şröder, Frank-Valter Ştaynmayer və Hayko Maasın birmənalı açıqlamalarını göstərmək olar. Onların hamısı Moskvanı qəzəbləndirmək cəhdinin geosiyasi fəlakətə səbəb ola biləcəyini bəyan etdilər.

Məlum olduğu kimi, siyasət iqtisadiyyatın davamıdır. Borrellin Moskva səfərini də məhz bu kontekstdən dəyərləndirmək lazımdır. Navalnı məsələsi kimi avropalı məmurun səfəri də mahiyyət etibarilə "Şimal axını-2" layihəsi ətrafında yaranan münaqişənin davamıdır.

Qısa xatırlatma: "Şimal axnı-2" – Rusiyadan Almaniyaya Baltik dənizi üzərindən (iki xətt boyunca 2468 kilometr) inşa edilən 1234 kilometr uzunluğundakı qaz boru kəməridir. "Şimal axını" kəmərinin davamıdır. Boru kəməri beş ölkənin müstəsna iqtisadi zonası və ərazi sularından keçir: Almaniya, Danimarka, Rusiya, Finlandiya və İsveç. Təbii qaz kəmərinin Rusiya ərazisindən keçən hissəsinin uzunluğu 118 kilometrdir. Kəmərin Finlandiya hissəsi 374, İsveç 510, Danimarka 147 və Almaniya hissəsi 85 kilometrdir.

Qaz kəmərinə dəfələrlə çomaq soxmağa çalışsalar da, hazırda layihə final mərhələsinə yaxınlaşır. Və bu okeanın o tayındakıların xoşuna gəlmir. Hətta o dərəcədə ki, 2019-cu ilin dekabrında ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2020-ci il üçün Rusiya enerjisinə qarşı sanksiyaların nəzərdə tutulduğu hərbi büdcə layihəsini yayımlayıb. Əsas hədəf – "Şimal axını-2" layihəsi idi. Sanksiyalar layihədə iştirak edən xarici boru döşəyən gəmilərə də şamil olundu.

ABŞ-ın bu məsələdə tutduğu mövqe Avropada dəstəklənmədi. Rusiya təbii qazına əsas maraq göstərən ölkə isə Almaniyadır. 2020-ci ilin yanvarın 11-də Amerika sanksiyalarından dərhal sonra Almaniyanın kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan etdi ki, "Berlin "Şimal axını-2"-yə qarşı sanksiyaları rədd edir və layihənin siyasi deyil, kommersiya xarakteri daşıdığını düşünür. Merkel onu da vurğuladı ki, layihə mütləq başa çatdırılmalıdır.

Almanlar yaxşı bilirlər ki, amerikalıların təzyiqi və "Şimal axını-2"-yə qarşı anti-Rusiya sanksiyalarına qoşulma tələbi, rəqabətin yalnız bir hissəsidir və ABŞ Rusiya qazını Avropa bazarından sıxışdırıb onun yerinə öz mayeləşdirilmiş qazını ixrac etmək istəyir. Heç kim bunun Avropaya daha baha başa gələcəyini inkar etmir, amma ideoloqların fikrincə, nəticədə Avropa Kremlin "qaz şantajından" xilas olacaq. Eyni zamanda, amerikalılar Rusiyanın göbəyində "demokratik dəyərlərin müdafiəçisi" kimi çıxış edə biləcəklər.

ABŞ-ın hansı şantajdan dəm vurduğunu qətiyyən anlamaq olmur. Belə ki, "Qazprom" Qərb tərəfdaşları qarşısında öz öhdəliyini yerinə yetirir.

Ötən müddət ərzində okeanın o tayından Almaniyaya edilən təzyiqlərə baxmayaraq, bu ölkənin mövqeyində ciddi dəyişiklik baş verməyib. Almaniyanın yüksək çinli məmurları dəfələrlə vurğulayıblar ki, bu ortaq təbii qaz layihəsi ekoloji proyektdir və Avropa siyasəti bu məsələyə qarışdırmaq niyyətində deyil.

Ancaq ötən ilin payızından etibarən Rusiyaya qarşı hücumlar daha da kəskinləşdi. Sanksiya təhdidlərinin ardınca "ağır artilleriya" da işə düşdü ki, bu elan olunmamış müharibənin ən ağır mərmilərindən biri Navalnı məsələsi, digəri isə Borrellin Moskvaya səfəri oldu.

Bununla belə, Borrellin bu səfəri müdrik atalar sözünü bir daha təsdiqlədi: dəyirman öz işində, çax-çaxı baş ağrıdır. Bu yaxınlarda təbii qaz kəmərinin Danimarka hissəsinin başa çatma müddəti elan edildi. Bu barədə müvafiq məlumatlar Danimarka Dəniz Administrasiyasının saytında dərc olunmuş məlumatda öz əksini tapdı. Danimarka sularında yanvar ayında başlayan "Şimal-axını-2" qaz kəmərinin inşası bu ilin aprelində başa çatmalıdır.

Almaniyanın xarici işlər naziri Hayko Maas Bundestaqda bəzi deputatları başa salmağa çalışdı ki, Rusiyanı istədikləri qədər söyə bilərlər, ancaq bu, qaz kəmərindən imtina etməyin Almaniya üçün nə qədər fəlakətli nəticələrə gətirib çıxaracağı reallığını dəyişdirməyəcək və Almaniyanın rəqibləri bundan istifadə edəcəklər: "Bəzi ölkələr var ki, bizdən kəmərin tikintisini dayandırmağı tələb edir, özləri isə Rusiyadan qaz ixracını artırırlar".

Almaniya Federativ Respublikasının vitse-kansleri Olaf Şolts və Avstriya kansleri Sebastyan Kurts lahiyənin başa çatdırılacağına əmin olduqlarını ifadə etdilər.

Beləliklə, Borrellin səfəri Avropa İttifaqında yeni rusofobiya dalğasının başlamasına səbəb olmadı. Ancaq rahatlanmağa dəyməz – bu yalnız döyüşqabağı kəşfiyyat idi. Aİ-nin xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək görüşündə onsuz da Moskvanı bütün "günahları"na görə ittiham etməyə çalışacaq, daha sonra mart ayında keçiriləcək sammitdə də əldə edilmiş razılaşmaları birləşdirəcəklər.

Və yalnız Kremlin davamlı sərt mövqeyi Qərb "tərəfdaşlarımıza" bir çox alman siyasətçinin xəbərdar etdiyi real təhdidi ciddi qəbul etməyə imkan verəcək: Şərqlə Qərb arasındakı münasibətlərin daha da pisləşməsi geosiyasi mənzərəni dəyişdirə və bütövlükdə Avropa üçün ağır nəticələnə bilər. Axı çoxdan idi ki, Avropa ölkələri ilə münasibətlərimiz bu qədər aşağı səviyyəyə düşməmişdi.

Problem ondadır ki, iqtisadi və coğrafi amilləri nəzərə almamaq mümkün deyil, buna hətta Brüsselin məmurlarının da gücü çatmaz. Rusiya və Avropa həmişə qonşu olaraq qalacaqlar, buna görə də iqtisadi əlaqələri bir anda kəsmək ağlabatan iş deyil, bu heç Soyuq müharibənin ən qızğın dövründə də baş verməyib.

Siyasət iqtisadi əlaqələrə təsir edir, amma necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar və belə infantil siyasət, ümumiyyətlə, ciddi dövlətlər və siyasətçilər üçün xarakterik deyil. Navalnı ilə bağlı əsrarəngiz əhvalata görə Rusiyanı baş əyməyə məcbur etmək arzusuna gəlincə, Moskvanın nümayiş etdirdiyi kimi, Rusiyanı belə ucuz nömrələrlə yola gətirmək mümkün deyil.

Əsas mövzular