On bir yaşlı qızın nişanlanması cinayətdir: Araşdırma üçün Gürcüstana müraciət edildi

© pixabay / Free-PhotosMəktəbli qız, arxiv şəkli
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
"Qeyri-rəsmi formada münasibətlərə cəlb olunan belə uşaqlar sonradan etibarnamə ilə "nişanlı" dedikləri adama verilərək ölkədən çıxarılır, daha çox Rusiyaya üz tuturlar", - Kəmalə Ağazadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. "Hətta "sözkəsdi", nişan belə olsa, bu, həmin qız uşağına qarşı bir cinayətdir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

"Gürcüstanda baş verən hadisə ilə əlaqədar olaraq bir neçə dəqiqə öncə Gürcüstanda əməkdaşlıq etdiyim təşkilatlardan birinin rəhbəri olan Tamar Masiyaşvili ilə əlaqə saxladım. O mənə bildirdi ki, özü bu məsələni yerindəcə araşdıracaq. Lakin qeyd edim ki, bu həmin kənddə baş verən birinci belə hadisə deyil", - Ağazadə bildirib.

Onun sözlərinə görə, qeyri-rəsmi formada münasibətlərə cəlb olunan belə uşaqlar sonradan etibarnamə ilə "nişanlı" dedikləri adama verilərək ölkədən çıxarılacaq, onlar daha çox Rusiyaya üz tutacaq, ya da Azərbaycana gələcək.

"Etibarnamə əsasında qeyri-rəsmi nikahda olacaqlar. Bir ildən sonra erkən nikahdan uşaqlar dünyaya gələcək", - deyə o, əlavə edib.

K.Ağazadə 11 yaşlı qıza qarşı edilən bu əməli cinsi istismar kimi qiymətləndirərək deyir ki, bu yaş həddində olan uşaqların evliliyə cəlb olunması böyük cinayətdir:

"Bu kimi hadisələrə qarşı ölkəmizdə də çox ciddi reaksiyalar var. Bir neçə həftə öncə azyaşlı qızlarla bağlı paylaşım etmişdim. Bu hadisəni dərhal ört-basdır etsələr də, nəticə etibarilə biz hər iki uşağın ata evinə qayıtmasına nail olduq".
© Photo : Qafqazinfo Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması
On bir yaşlı qızın nişanlanması cinayətdir: Araşdırma üçün Gürcüstana müraciət edildi - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması

K.Ağazadənin fikrincə, bu kimi hadisələrlə mübarizə aparmaq üçün kəndin ağsaqqalı, icra nümayəndəsi valideynlərlə profilaktik söhbətlər aparmalıdır.

O, təmsil etdiyi Birlik tərəfindən görülən işlərdən danışaraq deyib ki, birbaşa olaraq bu kimi hadisələrə müdaxilə edə bilməsələr də, onu ictimailəşdirərək və aidiyyəti qurumlara bu haqda məlumat verərək müəyyən nəticələrə nail olublar:

"Əvvəlki illərlə müqayisədə erkən nikahla mübarizədə nəticə var, amma bu yetərli deyil. Valideynlərə səslənərək deyirəm ki, övladınız nə fizioloji, nə də psixoloji cəhətdən bu münasibətə hazırdır. Siz göz görə-görə çox erkən yaşlarda övladlarınızın ruhunu öldürürsünüz. Ruhsuz birindən dünyaya gələn uşaqların da ruhu olmayacaq. Bizim ən çox rastlaşdığımız hallardan biri də budur ki, erkən nikahlardan dünyaya gələn uşaqların yolları sığınacaqlar, uşaq evlərindən keçir və bu zaman da ziyanı dövlət çəkir".

K.Ağazadə övladlarını erkən münasibətə cəlb edən valideynlərlə söhbət zamanı əksəriyyətinin bunu "adət" olaraq dəyərləndirdiyini, lakin 18 yaşadək gözləyəcəklərini dediklərini vurğulayır: "Lakin təbii ki, bunlar hamısı nağıldan başqa bir şey deyil. "9 yaşlı qıza papaq atdım, yıxılmadı deyə onu ərə verdim" tipli mif dağıdılmalıdır və bunun üçün uzun illər lazımdır".

Bu kimi hallarla mübarizə, belə faktların sayının azalması üçün K.Ağazadə qaydaların sərtləşdirilməsinin, valideynlərin məsuliyyətə cəlb olunmasının, ona qarşı ən azı inzibati cəzanın tətbiq olunmasının vacibliyini qeyd edir: "Fakt təsdiqini taparsa, belə uşaqları valideynlərindən uzaqlaşdırmaq lazımdır".

Birlik sədri erkən nikah probleminin təhsilsizlik, təhsilə önəm verilməməsindən qaynaqlandığını vurğulayaraq, dağılmış ailələrin bir qisminin kökündə də erkən nikahların dayandığını bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatların yayılması rezonansa səbəb olub. Məlumata görə, nişan mərasimi ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirilib.

Xəbər lenti
0