11:03 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
XƏBƏRLƏR
Qısa URL
14201

Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.

BAKI, 30 yanvar - Sputnik. Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak edirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb.

Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Əsas mövzular