12:07 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
XƏBƏRLƏR
Qısa URL
9111

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni işğalından azad olunması ilə Türkiyənin xarici ticarəti tamamilə yeni mərhələyə qədəm qoyacaq.

BAKI, 26 yanvar — Sputnik. Ermənistanın məğlubiyyətindən sonra bölgənin xarici ticarət balansının nəzərəçarpacaq dərəcədə dəyişəcəyi gözlənilir. Azərbaycanın qələbəsindən hətta nisbətən uzaq qonşumuz olan Qazaxıstana da pay düşəcək. Bununla belə, ən yaxın perspektivdə qazanc götürəcək ölkələrdən biri qardaş Türkiyə olacaq.

Türkiyənin "Milliyet" qəzetinin yaydığı xəbər görə, münaqişənin başa çatması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyannaməyə əsasən, Naxçıvan dəhlizinin açılması bu ölkənin geridə qalmış dörd şəhəri – İğdır, Qars, Ərdahan və Ağrının canlanmasına səbəb olacaq. Ümumilikdə, türkiyəli mütəxəssislər dəhlizin açılmasını bu ölkə üçün "böyük üstünlük" kimi dəyərləndiriblər. Onların qənaətinə görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni işğalından azad olunması ilə Türkiyənin xarici ticarəti tamamilə yeni mərhələyə qədəm qoyacaq.

Münaqişənin başa çatması bölgə ölkələrindən Gürcüstanı da xeyli ümidləndirib. Artıq əksər ekspertlər bildiriblər ki, Azərbaycanın qələbəsindən ən böyük pay alacaq ölkələr arasında Gürcüstan da yer alır. Bölgədə hakim olan yeni vəziyyət bu qonşu ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Mütəxəssislər Naxçıvan dəhlizinin açılmasının region ölkələri ilə yanaşı, Qazaxıstanın ticarət əlaqələrinin genişlənməsinə də töhfə verəcəyini vurğulayırlar. Qazaxıstanın iqtisadçı eksperti Saparbay Jubayevin sözlərinə görə, bu addım bütövlükdə Orta Asiyanın geostrateji mövqeyini xeyli gücləndirəcək. Onun sözlərinə görə, dəhliz Qazaxıstan kimi quru sərhədi həddən artıq böyük olan ölkənin tranzit marşrutunun şaxələndirilməsinə də gətirib çıxaracaq.

Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlara sahib olduğunu qeyd edən Jubayev vurğulayıb: "Beləliklə, həmin yükü Avropa və Çindən Rusiya və ya İrana ehtiyac qalmadan birbaşa çatdırmaq imkanı əldə edəcəyik".

Hazırda Qazaxıstanın Rusiya ərazisindən keçməklə və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya yük daşıdığını vurğulayan Jubayev "Naxçıvan dəhlizi sayəsində Türkiyə-Azərbaycan-Qazaxıstan "qardaş ölkələr marşrutu" yaradıla bilər" deyib.

"Beləliklə, Türkiyənin də Orta Asiya və Çinlə əlaqəsi asanlaşacaq. Üstəlik, bizim də Türkiyə ərazisindən keçməklə, Aralıq dənizi və Avropaya çıxış yolumuz genişlənəcək. Və ən əsası, türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq", – deyə ekspert qeyd edib.

Çindən gələn avtomobil nəqliyyatı yüklərinin 50 faizinin və dəmir yolu yüklərinin 10 faizinin Qazaxıstandan keçməklə Avropaya çatdırıldığını bildirən Jubayev vurğulayıb: "Hal-hazırda Çin daha çox Rusiya ərazisindən Avropaya mal nəql edir. Lakin bu vəziyyət Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ marşrutun açılması ilə dəyişə bilər".

Qazaxıstanın maliyyə mütəxəssisi Sabit Rısbayev isə qeyd edib ki, Naxçıvan dəhlizinin açılması tarixi "İpək Yolu"nun da yenidən canlanmasına səbəb olacaq.

Əsas mövzular