Azərbaycanın tanınmış pediatrı Adilə Namazova vəfat edib

© Photo : REPORTAdilə Namazova, arxiv şəkli
Adilə Namazova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.

BAKI, 16 dekabr — Sputnik. Azərbaycan tibb elminə ağır itki üz verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Qeyd edilib ki, dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib. Azərbaycanın ilk qadın pediatr alimi Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb. 1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub. A.Namazova "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbər lenti
0