"Qarabağa azadlıq!" deyənlər ev dustaqlığına buraxıldılar

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağa azadlıq!" şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda günahlandırılan bir qrup şəxs haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

BAKI, 7 dekabr — Sputnik. Bu gün Səbail rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən 15 nəfər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və təqsirləndirilən şəxslərdən AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarovun cəzası ev dustaqlığına dəyişdirilib.

Bundan başqa, aksiya zamanı saxlanılan ADR üzvü Pərvin Çobanov, Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq nazir müavini Siyavuş Mustafayev və digər 10 nəfər – İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşfiq Vahabov, Fərid Abadov və Dəyanət Mövlayev də ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il iyulun 14-dən 15-nə keçən gecə "Qarabağa azadlıq!" şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olan 36 nəfər barəsində cinayət işi başlanıb.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə, 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 186.2.1 (Özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 278.1-ci (Konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri ilə ittiham olunurlar.

Aksiya zamanı saxlanılan 36 nəfərdən 21 nəfəri bu il noyabrın 16-da məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Xəbər lenti
0