16:26 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirib

BAKI, 14 noyabr — Sputnik. Baş prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, noyabrın 14-də Baş prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Türkiyənin müxtəlif siyasi partiyalarını və bölgələrini təmsil edən millət vəkillərinin də iştirak etdiyi nümayəndə heyyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz" və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror, Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlər boyu olan dostluq-qardaşlıq münasibətlərinin dayanmasını diqqətə çatdırıb.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə "Skad" və "Smerç" tipli raketlərdən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və əhalinin sıx yaşadığı digər iri şəhərlərinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Mingəçevir SES, Oğuz-Qəbələ-Bakı su kanalının atəşə məruz qalması barədə məlumat verilərək bunun Ermənistanın terrorçu təəfəkkürünün təzahürü olduğu vurğulanıb.

Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olmuş, 410 nəfər yaralanıb, 3410 yaşayış evinə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan "Asala" və PKK-PYD-YPG terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyən edilib, həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanılıb.

Baş prokuror, Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, Türkiyənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib.

Əsas mövzular