QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakıda universitet döyüşdə olan tələbələrin diplomlarını vermir?

© Photo : ADNSUAzərbaycan Dövlət Neft və Sənaye Universiteti, arxiv şəkli
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi elə bir vəziyyətdir ki, kim o tələbələrdən etibarnamə istəyə bilər? Heç bunun yeri də deyil. Bu məlumat doğru deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müharibədə döyüşən tələbələrin diplomunu vermir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov öz "Facebook" hesabında məlumat paylaşıb: "Mən bu universitetdə ictimai şuranın üzvüyəm. Etiraf edim ki, universitetdə xeyli pozitiv dəyişikliklər var. Amma bu yaxınlarda məni dəhşətə salan xəbərlər eşidirəm. Universitet rektoru hazırda hərbi xidmətdə və döyüşdə olan tələbələrin diplomlarını valideynlərinə vermir. Deyir ki, özləri gəlsin. Bəzi tələbələrin isə kiçik məbləğdə borcları var. Hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur. Pulu ödəməlisən. Ödəyəndə də yenə diplom verilmir ki, özü gəlsin, ya da notariusdan etibarnamə versin. Hərbi xidmətdə, döyüşdə olan hərbçidən etibarnamə tələb edirlər. Qanunun formal tərəfini qoyuram bir tərəfə, amma bu rektor və onun komandasında elementar insani hisslərin olmaması təssüf doğurur. O bayrağı yalandan asmaqla deyil. Çox təəssüf. Telefonla rektorun köməkçisi ilə danışmaq istədim. Adam elə danışdı ki, sankı yerin-göyün sahibidir. Elementar etikadan xəbəri yoxur adamın".

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqə saxlayıb. Universitetin Tədris işləri üzrə prorektoru, texnika elmləri namizədi, dosent Qasım Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu məlumatın doğru olmadığını bildirib. Qeyd edib ki, hətta döyüşdə olan tələbələrin valideynləri universitetə dəvət olunaraq onlara övladlarının diplomları verilir: "İndi elə bir vəziyyətdir ki, kim o tələbələrdən etibarnamə istəyə bilər? Heç bunun yeri də deyil. Bu məlumat doğru deyil".

S.Məmmədov isə bir həftədir ki, bu məsələ ilə bağlı rektorla danışıqlar apardığını, sms yazdığını, zəng etdiyini bildirib: "Mən nə var onu yazmışam. Burada yalandan söhbət gedə bilməz. Mən diplomunu ala bilməyən tələbələrdən birinin dayısıyam".

Xəbər lenti
0