00:55 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
83310

Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Bu gün saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib. Qanunvericilikdə hərbi vəziyyət dövründə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu tədbirlər sırasına rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi və təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması da daxildir. Qeyd edək ki, bu tədris ilindən koronavirus pandemiyasına görə, ali təhsil müəssisələrində tədris tamamilə onlayn, orta təhsil müəssisələrində isə hibrid təşkil olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə əlaqədar artıq dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edilir. Sputnik Azərbaycan belə bir şəraitdə onlayn dərslərin necə davam etdiriləcəyini, mövcud problemdən çıxış yollarını arayıb.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmiz müharibə şəraitindədir, amma bununla belə təhsil unudulmamalıdır: "Müəyyən dəyərlər sistemi var. Bu dəyərlərdən biri də təhsildir. Amma sağlamlıq tamamilə başqa bir dəyərdir. Sağlamlıq təhsildən öndə durur. Pandemiya və müharibə şəraiti müvəqqətidir. Əminəm ki, biz bu iki müharibədən qalib çıxacağıq. Düzdür, bu gün internetə məhdudiyyətlərin tətbiq edilməsi təhsilimizin onlayn da olsa davam etdirilməsini əngəlləyir. Təhsilimizdə bir sınma dövrü müşahidə olunur. Amma bu çox müvəqqətidir. Həmçinin də nəzərə alaq ki, boş bir məsələyə görə sınmır. Torpaqlarımızın bütövlüyü naminə sınır, axsayır. Əminəm ki, Azərbaycanın təhsil ictimaiyyəti, Azərbaycan müəllimi bu çətin dövrü də arxada qoyacaq. Təbii ki, belə bir vəziyyətdə dərslərin onlayn davam etdirilməsi mümkün deyil. Ona görə də, şagirdlər ancaq televiziyalardan "Dərs vaxtı"nı izləyə bilərlər. Qeyd edim ki, teledərslər Təhsil Nazirliyi tərəfindən məhz internetin olmadığı şərait üçün yayımlanır. "Teledərslər"in şagirdlərə istiqamətverici təsiri var. Ona görə də, hazırda çıxış yolu televiziyadan yayımlanan dərsləri izləməkdir. Amma bununla belə, müəllimlər də öz şagirdləri ilə əlaqə 

saxlamalı, dərsdə başa düşməyən məqamları onlara izah etməlidirlər. Demək olar ki, hazırda təhsilin davam etməsi üçün yeganə çıxış yolu budur".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "ARB Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur: "Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə "Zəfər sənindir!" deyirik".

Məlumat üçün bildirək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Xatırladaq ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olması, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması nəzərə alınaraq, sentyabrın 28-də saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

Əsas mövzular