04:48 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
274212

QMİ sədrinin Nobel mükafatına namizədliyinin verilməsinin səbəblərindən biri, Rusiya ilə Çeçenistan müharibəsinin dayandırılmasındakı xidmətləridir.

BAKI, 14 sentyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi təsdiqlənib. Bəs görəsən, dünyanın ən məşhur mükafatlarından olan Nobel Sülh Mükafatı hansı kriteriyalara görə təqdim olunur? Beynəlxalq Nobel İnformasiya Mərkəzinin yaradıcısı, vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərovla bu barədə danışdıq. Mərkəzin yaradıcısının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu mükafat elm adamlarına və ictimai xadimlərə verilir: "Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır. Bu vaxta qədər 896 nəfərə Nobel mükafatı verilib. 25-i qadın, digərləri isə kişidir. 39 ölkənin bayrağı dalğalanır. 40-cı biz olacağıq".

Bəybala müəllim bildirir ki, seçilmiş namizədlər oktyabr ayında dünya ekspertlərinə göndəriləcək: "Namizədi biz seçirik. Məsələn, biz bilirik ki, hansısa alimin kəşfi var. Dəvət edirik, ya da özləri müraciət edir. Respublikamızdan 4 təqdimat var. Sonra gizli təqdimat keçirilir. Nobel mükafatının təqdimat prosesi dekabr ayının 10-dan fevral ayının 1-ə qədər davam edir. Bir ay sonra, yəni, oktyabr ayında dünya ekspertlərinə göndəriləcək".

Müsahibimizin sözlərinə görə, namizədlər hər regiondakı ekspert qrupu tərəfindən müəyyən edilir və sənədlər toplanaraq Nobel komitəsinə təqdim olunur: "Bir aydan sonra həmin sənədlər dünya ekspertlərinə göndərilir. Amerika, İngiltərə, Almaniya, Rusiya və s. ölkələrə göndəriləcək. Onlardan müsbət rəy aldıqdan sonra gizli səsvermə keçirilir. Bu da hər il sentyabrın axırı, oktyabrın əvvəlində olur. Seçilmiş namizədlər dekabrın 10-da - İsveçin milli bayramı günündə təqdim olunacaq ".

Həmsöhbətimiz deyib ki, Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir: "Birinci dəfə texniki səhv ucbatından sənədlər qəbul olunmayıb. Bu dəfə isə onun namizədliyi təsdiqlənib. Keçən il Ümumdünya konfransında şeyxin namizədliyini bir daha gündəmə gətirdim. Lazım olan bütün sənədləri də hazırlayıb göndərdim Nobel komitəsinə. Bizə dedilər ki, sənədlər qeydiyyatdan keçdi. İndi qalıb gizli səsvermə".

"Niyə məhz Allahşükür Paşazadə?" sualına Beynəlxalq Nobel İnformasiya Mərkəzinin yaradıcısı belə cavab verib:

"Onun seçilməsinin kriteriyalarından biri, Rusiya ilə Çeçenistan müharibəsinin dayandırılmasındakı xidmətləridir. Bundan başqa, özünün də iştirakı ilə çoxsaylı qanvermə aksiyaları keçirib. Dünyanın 7 ölkəsindən şeyxin mükafatı alması barədə müsbət rəy söylənilib. İlk səs qardaş Türkiyədən gəldi".

"Beynəlxalq Nobel İnformasiya Mərkəzin nəznində ekspert qrupları işləyir. Kimya, fizika, ədəbiyyat və s. üzrə elm adamları Nobel Sülh mükafatına namizəd seçirlər. Əvvəlcə azərbaycanlı eksperlər seçir, sonra dünya eksperlərinə göndəririk. Beynəlxalq Nobel İnformasiya Mərkəzinə çalışırıq gəncləri götürək", - deyə Bəybala Ələsgərov əlavə edib.

Qeyd edək ki, bu vaxta qədər Azərbaycandan 11 nəfər Nobel ödülünə təqdim olunub. Professor Nemət Qasımov 1998-ci ildə Nobeldən 2 səsə görə məhrum olub.

Əsas mövzular