12:19 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
70630

Ailənin ikinci övladı olan körpəyə Fatimə adı qoyulub. Ailəyə bir illik pulsuz gediş hədiyyə edilib. Həmçinin, sürücü də mükafatlandırılıb.

BAKI, 4 sentyabr — Sputnik. Qeyri-adi hadisə Bakıda İsgəndərovlar ailəsinin başına gəlib. Xətai rayonunda yaşayan ailənin gəlini 9 aylıq hamilə olub və ötən gün doğum sancıları başladığından "189" taksi xidmətindən maşın sifariş edərək xəstəxanaya getmək qərarına gəliblər. Sputnik Azərbaycan-ın məlumatına görə, ailənin əvvəlcədən müəyyən etdiyi xəstəxana Yasamal rayonunda olsa da, taksi sərnişinləri oraya çatdıra bilməyib. Elə taksidəcə qız uşağı dünyaya gəlib. Sürücü Mehman Rzayev Sputnik Azərbaycan-a bildirib ki, ilk dəfədir başına bu cür hadisə gəlir və bu olayı ömür-boyu unuda bilməyəcək.

"Gəlib burada, Qara Qarayevdə tıxaca düşdük. Nə qədər fırlatdım ki, haradan gedim, məhəllə aralarına girdim. Bəlkə oralardan çıxaram deyə. Məhəllə arası ilə gedirdik, birdən arxadan səs gəldi. Dedilər ki, uşaq gəlir. Birinci şoka düşdüm. Həmin anı yaşamaq lazımdır. Çevrilib gördüm ki, uşaq oturacağın üstündədir, özümü itirdim. Həm də eşitmişəm ki, uşağın səsi çıxmalıdır. Uşağın səsi də çıxmırdı, qorxdum ki, uşağa bir şey olar".

© Sputnik / Ibrahim Hashimov.
Uşağın atası və nənəsi

Mehman Rzayev ailəni yaxınlıqdakı 7 saylı Doğum Evinə çatdırıb:

"Sürüb gətirdim, maşını xəstəxananın həyətinə saldım. Uşaq artıq doğulmuşdu. Orada da göbəyini kəsdilər, sağ-salamat apardılar".

Çəkisi 3 kiloqram 700 qram olan körpə nənəsi Gülnar İsgəndərovanın qucağında dünyaya gəlib.

© Sputnik / Ibrahim Hashimov.
Mehman Rzayev

"Anada artıq sancılar başlamışdı. Zəng elədik taksi şirkətinə. Gəlib çıxdı. Yarı yolda ananın ağrıları bir az da şiddətləndi və uşaq maşında dünyaya gəldi. Mən də maşındaydım, uşaq elə qucağımda dünyaya gəldi. Sözün düzü biz bunu gözləmirdik. Bizim üçün gözlənilməz hadisə oldu", - deyə Gülnar İsgəndərova qeyd edib.

7 saylı Doğum Evinə yerləşdirilən ananın və körpənin vəziyyəti yaxşıdır. Körpənin atası Ramik İsgəndərov bunun onlar üçün unudulmaz hadisə olduğunu bildirib.

"Sıxlıqla əlaqədar olaraq sürücüyə müraciət etdim ki, yaxınlıqdakı xəstəxanaya bizi dərhal çatdırsın. Amma qismət beləymiş ki, xəstəxanaya çatmamış uşaq maşında dünyaya göz açdı. Belə bir hadisəni biz adətən kinolarda görərik. Amma bu hadisəni özümüz yaşayanda həqiqətən də bizim üçün həm çox maraqlı, həm həyəcanverici oldu. Bizim üçün bu, tarixə, yaddaşlarımıza yazılan gün olaraq qaldı",- deyə körpənin atası vurğulayıb.

© Sputnik / Ibrahim Hashimov.
Fatimə İskəndərova

Ailənin ikinci övladı olan körpəyə Fatimə adı qoyulub. Şirkətdən bildirildi ki, ailəyə bir illik pulsuz gediş hədiyyə edilib. Həmçinin, sürücü də mükafatlandırılıb və uşağı xəstəxanaya çatdırmaq üçün onun etdiyi manevrlərə, qayda pozuntularına görə tətbiq olunan cərimələri şirkət ödəyib.

Əsas mövzular