Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə strategiya hazırlanır

© AFP 2023 / LOU BENOISTКоровы, фото из архива
Коровы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Strategiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsinə əsasən hazırlanır

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır. Strategiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsinə əsasən hazırlanır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, layihə çərçivəsində 2 regionda – Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin proqram rəhbəri Rayner Freund bildirib ki, Azərbaycan dövlətinin aqrar sahənin inkişafı üçün gördüyü işlərin tərkib hissəsi kimi başlanan "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində görüləcək işlərin dayanıqlı və uzunömürlü olması çox vacibdir: "Layihə çərçivəsində işlənəcək pilot aqrar xidmətləri modelləri gələcəkdə ölkədə qurulacaq modellərin necə olacağını göstərəcək".

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: "Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın".

Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihə ilə bağlı gözləntinin Azərbaycanda aqrar məsləhət xidməti üçün yerli şəraitə uyğun bir sistem yaradılması olduğunu bildirib: "Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək".

Qeyd edək ki, layihənin İdarə Heyətinin iclasında 2 pilot regionda və hədəf regionu kimi seçilmiş Lənkəran iqtisadi rayonunda 700 nəfərdən artıq fermer arasında aqrar məsləhət xidmətləri barədə götürülmüş sorğunun nəticələri müzakirə olunub. Bildirilib ki, inkişaf etmiş ölkələrin aqrar məsləhət xidməti modelləri pilot olaraq seçildikdə bu sorğuların nəticələrinə uyğun olaraq lokallaşdırılacaq.

Xəbər lenti
0