23:42 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
93210

Boksçuya təklif baş rollarında Əli Atay və Begüm Birgönün rol alacağı "Osman səkkiz" filmindən gəlib.

BAKI, 28 avqust — Sputnik. Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu Mayk Tayson türk filmində çəkilmək üçün 350 min avro istəyib. Ağır çəki dərəcəsində indiyədək ən yaxşı boksçulardan biri kimi qəbul edilən boksçu 2 dəqiqəlik döyüş səhnəsinə çəkilmək üçün bu məbləği istəyib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, boksçuya təklif baş rollarında Əli Atay və Begüm Birgönün rol alacağı "Osman səkkiz" filmindən gəlib.

Filmin prodüseri Ömər Kaya bildirib ki, hazırda təklif və cavab təhlil edilir.

Məlumat üçün bildirək ki, Maykl Cerard Tayson ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib. Tayson 10 yaşına qədər sakit, heç kəsin diqqətini çəkməyən bir uşaq təsiri bağışlayıb. 11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını tamamilə dəyişib. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevib. Bir dəfə yerli uşaqlardan ibarət quldur qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birini götürür və başını üzərək yerə atır. Bundan bərk qəzəblənmiş Mayk onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları arasında Maykın nüfuzu birə-beş artır. Cinayətkar qrupun üzvü olan uşaqlar onu dəstələrinə cəlb edir, oğurluğa, cib soymağa təhrik edirlər.

Həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun kralı Məhəmməd Əli ilə görüşü olur. Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir.

Bu məktəbdə o idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsl insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Maraqlıdır ki, Mayk artıq 13 yaşında uzanılı halda 100 kq-lıq ştanqı qaldıra bilirdi. Bu zaman Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D`Amato ilə tanış etməyin vaxtı gəlib çatdığını başa düşür. Hər şey bundan başlayır: Kass D`Amatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir. Bütün bunların təsiri idi ki, Mayk Tayson rinqə o dövr üçün qeyri-adi imicdə çıxırdı: xalatsız, musiqi olmadan, qara tumanda və yalın ayaqla.

Qeyd edək ki, Mayk Tayson üç dəfə ailə həyatı qurub: ilk həyat yoldaşı Robin Hivens aktrisa olub, ikinci dəfə Monika Terner adlı həkimlə evlənib, üçüncü dəfə (2009) taleyini Lakiya Spayserlə bağlayıb. Ümumilikdə 8 uşaq sahibi olan Mayk Arizona ştatında yaşayır.

Əsas mövzular