06:54 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
35710

Hazırda on minlərlə obyekt fəaliyyətini dayandırıb. Bu obyektlərdə çalışan minlərlə işçi işsiz qalıb. Ən böyük problem isə bu obyektlərin icarədə olmasıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Koronavirus infeksiyası pandemiya elan edildikdən sonra Azərbaycanda karantin rejimi tətbiq edilməyə başlandı. Bəzi sahələr istisna olmaqla, ölkədə bir çox sahələrin fəaliyyəti dayandırıldı.

Karantin rejimi bir çox digər sahələr kimi kirayə bazarına da mənfi təsirini göstərir. Artıq xeyli müddətdir ki, bazarda kirayə obyektlərin qiymətdən düşməsi, obyektlərin boşaldılması halları müşahidə olunur.

Yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
 Eyni zamanda, obyekt işlədənlər fəaliyyətlərini dayandırsalar da, bəzi sahibkarlar onlardan işləmədikləri müddətin kirayə haqqını tələb edirlər. Kirayə haqqı ödənilmədiyi təqdirdə isə sahibkarlar obyektlərdən çıxarılır. Hazırda müflis olmağa başlayan kifayət qədər sahibkarlar var.

Bir sözlə, kirayə bazarında hər şey bir-birinə qarışıb, sahibkarla icarədar arasında ciddi anlaşılmazlıq yaranıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hal uzun müddət davam edərsə, ölkədə ciddi iqtisadi böhran baş verəcək.

"Pandemiya elan edildikdən sonra əksər biznes mərkəzləri, mollar, ticarət mərkəzləri, qeyri-yaşayış obyektləri, iş mərkəzləri karantinlə əlaqədar olaraq bağlandı. Hazırda on minlərlə obyekt fəaliyyətini dayandırıb. Bu obyektlərdə çalışan minlərlə işçi işsiz qalıb. Ən böyük problem isə bu obyektlərin icarədə olmasıdır. Bu gün həmin obyektlərin fəaliyyətdə olmamasına baxmayaraq, əmlak sahibləri vətəndaşlardan həmin obyektlərin icarə haqqını tələb edirlər. Təsəvvür edin ki, obyektlər işləmir, ancaq kirayə haqqı alınır və tələb edilir", – deyən ekspert vurğulayıb ki, bu zaman icarədarın iki yolu qalır. O, ya obyekti boşaltmalı, ya da icarə haqqını ödəməlidir.

Bakıda kirayə mənzillər ucuzlaşacaqmı - ekspert əmlak bazarındakı vəziyyətdən danışır

E.Fərzəliyevin fikrincə, bəzi obyekt sahibləri bir ayın və ya yarım ayın pulunu almır. Əksər sahibkarlar isə icarədarları məcbur edib, kirayə pulunu alırlar: "İndi təsəvvür edin ki, bir tərəfdən obyektlər işləmir, insanlar yaşamaq üçün vəsait axtarır, digər tərəfdən də sahibkarlar icarə haqqını tələb edir. Şəhərdə icarə qiymətləri isə 1000 manatdan başlayır". Ekspert vurğulayıb ki, əhali həm pandemiya, həm də müflis olmaq təhlükəsi ilə üz-üzədir.

Onun sözlərinə görə, hazırda bir çox iş adamları var ki, banklardan kreditlər götürərək, biznesini idarə etməyə çalışır. Karantin dönəmində obyektlərin fəaliyyəti dayandırıldığı üçün həmin obyekt icarədarlarının yenidən bu obyektlərin fəaliyyətini bərpa etməsi uzun zaman alacaq.

Ekspert vurğulayır ki, bu gün böyük supermarketlər fəaliyyət göstərir və bu marketlərə kifayət qədər vətəndaşlar daxil olur: "Bunu nəzərə alıb, kiçik obyektlərin də fəaliyyətinə icazə vermək olar. Bu həmin sahibkarın vəziyyətini bir qədər düzəldə bilər. Sahibkar obyekt açdığı zaman ora müəyyən qədər pul vəsaiti qoyur. Hazırda fəaliyyət dayandırılıb. Gəlir yox, qazanc yox, xərclər saysız-hesabsız. Xərc qoyduğu üçün obyekti bağlamaq da istəmir ki, bəlkə bir müddət sonra fəaliyyətə icazə verilər".

E.Fərzəliyev bildirib ki, növbəti karantin rejimi tətbiq edildiyi zaman, təkcə virus təhlükəsi deyil, iqtisadi təhlükəni də nəzərə almaq lazımdır. Çünki insanlar virusdan qorunarkən, iqtisadi baxımdan daha təhlükəli vəziyyətə düşürlər. Qərarlar verilən zaman insanların iqtisadi vəziyyəti də nəzərə alınmalıdır.

Əsas mövzular