01:26 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9 0 0

İqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib.

BAKI, 16 iyul — Sputnik. "Bu gün koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Bu xəstəxanaların 36-sı Sizin Sərəncamınızla son müddət ərzində inşa edilib. Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq, cənab Prezident, son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunub. Onların 40-ı Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə xidmət göstərmək üçün ayrılıb. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə işlər aparılır".

Bunu Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Baş Nazir bildirib ki, qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirilib, xəstəxanalara verilib: "Ən müasir ECMO cihazlarının sayı artırılıb. Cənab Prezident, son dövrdə təcili tibbi yardımın xidmətlərinə əhali tərəfindən müraciətlərin sayının artması səbəbindən əlavə avtomobillərə tələbat artıb. Tapşırığınızla xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək tibb müəssisələrinə paylanılıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək.

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir.

Cənab Prezident, Siz də qeyd etdiniz, karantin rejimi ilə əlaqədar mart ayının 14-dən etibarən Operativ Qərargah tərəfindən bəzi izolyasiya tədbirləri həyata keçirilməyə başlanılıb. Martın 24-dən isə “Sanitar-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən xüsusi karantin rejimi tətbiq edildi və mərhələli şəkildə gücləndirilməyə başlandı. Karantin rejimi ilə əlaqədar görülmüş işlər və tətbiq olunmuş məhdudiyyətlər ölkə iqtisadiyyatına təbii olaraq mənfi təsirini göstərdi.

Sizin Operativ Qərargah qarşısında qoyduğunuz vəzifələr dövlətin bütün imkan və resurslarını xəstəliklə mübarizəyə yönəltməsinə, vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün tədbirlərin görülməsinə səfərbər olunmaqdan ibarət idi. Bunun təsdiqi olaraq 19 mart tarixli Sərəncamınızla pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlanıb. Ümumiyyətlə, bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib. Xüsusi karantin rejimi dövründə məhdudlaşdırıcı tədbirlər müsbət nəticə verdi və bu səbəbdən, Siz də qeyd etdiyiniz kimi, may ayının ortalarından Operativ Qərargah tərəfindən yumşalma prosesinin həyata keçirilməsinə başlanıldı. Lakin əfsuslar olsun ki, bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət olunmaması səbəbindən xəstəliyin sayı artdı. Bu cür halların qarşısını almaq məqsədilə qərargah təkrar olaraq məhdudlaşdırıcı tədbirlərə əl atmağa başladı və 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq olundu. Son günlərdə xəstəliklə əlaqədar rəqəmlərdə müsbət tendensiya müşahidə olunur və bu da pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərin düzgün istiqamətdə aparılmasını təsdiqləyir".

Əsas mövzular