18:20 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
112410

"Aprel ayında faraş məhsullar bazara çıxacaq və biz tərəvəz məhsullarının qiymətində çox ciddi ucuzlaşmanı müşahidə edəcəyik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Soğanın qiymətində bahalaşma müşahidə olunur. Mətbəximizin bəzəyi olan acı nemət son iki həftədə təxminən 30-35 faiz bahalaşıb. İndi soğanın 1 kiloqramının qiyməti ən azı 1 manatdır. Bəzi yerlərdə isə daha keyfiyyətli soğan 1 manat 30 qəpiyə satılır. Qırmızı soğanın 1 kiloqramı isə 1 manat 50 qəpiyə təklif edilir.

Satıcılar Sputnik Azərbaycan-a deyiblər ki, soğan mövsümü başa çatır, ona görə qiymət artıb: "Anbarlarda soğan az qalıb. Hər il bu vaxtları soğanın qiyməti artır, çünki mövsüm başa çatır. Bir azdan təzə soğan çıxacaq və qiymətlər ucuzlaşacaq".

Qiymətin artması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə hər ilin mart-aprel aylarında soğanın qiymətində bahalaşma müşahidə edirik: "Koronavirus təhlükəsi olmayanda da mövsümün bu vaxtında bu məhsulların qiyməti ucuz olmurdu. Son illər demək olar ki, soğan idxal etmirik, yerli istehsal hesabına tələbat təmin edilir. Soğan mövsümü başa çatanda artıq bütün ehtiyatlar xərclənir. Builki vəziyyət bir az fərqlidir, koronavirus ilə bağlı müəyyən məhdudiyyət var. Koronovirus təhlükəsi fonunda builki qiymətlər o qədər də kritik qiymətləndirilə bilməz".

O bildirib ki, hər il bu vaxtı müşahidə etdiyimiz bahalaşma bu il də bu məhsul üzrə müşahidə edilib: "Amma soğan ilə bağlı təhlükə görmürəm. Biz artıq ilkin yaz dövründəyik və aprel ayından etibarən faraş tərəvəz məhsullarının ölkədə yığımı başlayacaq. Burada da ən birincisi soğandır. Qiymətlərdə çox ciddi ucuzlaşma müşahidə edəcəyik, çünki hər il belə olur. Ümumi əkinlərin böyük əksəriyyəti faraş məhsullardır. Fermerlərimizin faraş tərəvəzçiliyə çox böyük maraqları var. Soğanın bahalaşmasının uzun müddət davam edəcəyini gözləmirəm".

"Aprel ayında faraş məhsullar bazara çıxacaq və biz tərəvəz məhsullarının qiymətində çox ciddi ucuzlaşmanı müşahidə edəcəyik", – deyə o əlavə edib.

Əsas mövzular