16:40 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
518 0 0

Həmin uşaqlar valideynləri tərəfindən evə aparılmadıqda, 18 yaşı tamamladıqda Fondun tabeliyində olan 1,2 və 3 saylı psixonevroloji sosial xidmət müəssisələrinə köçürülürlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Övlad valideynin ən həssas, ən zəif nöqtəsi olsa da, bəzən canının bir parçası sayılan övladını atan, ondan imtina edərək internata qoyan valideynlərə də rast gəlirik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu günlərdə yaydığı məlumata görə, son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq ailələrinə qayıdıb. Onlar sağlamlıq imkanları məhdud uşaqlar olub. Sağlamlıq imkanları məhdud uşaqlardan valideynlərinin imtina etməsi zaman-zaman müzakirə mövzusuna çevrilən məsələlərdəndir. Elə ən çox qınanılanlar da sağlamlığında problem olan uşağını internata qoyan valideynlərdir. Maraq doğuran məsələlərdən biri də sağlamlıq imkanları məhdud uşaqların valideynləri tərəfindən sosial xidmət müəssisələrinə qoyulduqdan sonra həmin ailələrə necə qaytarılması məsələsidir.

İcbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) yanında DSMF Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Sevinc Quluzadə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, hal-hazırda 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 294 sağlamlıq imkanları məhdud uşaq dövlət təminatındadır. Son 1 ildə isə müəssisələrdən 32 uşaq doğma ailələrinə qaytarılıb. S.Quluzadənin sözlərinə görə, sosial xidmət müəssisələrində yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar. Həmin müəssisələrdə sakinlərin normal yaşayışı, habelə reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb. Eyni zamanda, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən sosial xidmət müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Bəzən valideynlər həmin sosial müəssisələrdəki uşaqları ilə görüşə gələrkən, bu müəssisələrdə aparılan reabilitasiya işləri nəticəsində övladlarının davranışında müsbət dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar.

S.Quluzadə deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 fevral 2015-ci il tarixli 2-1 nömrəli qərarı ilə təsdiq edilmiş Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin nizamnamələrinə əsasən, həmin müəssisələrə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar qəbul edilirlər: "Çətin həyat şəraitində olan şəxslərin dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli qərarına əsasən təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılması üçün bir sıra sənədlərin tam şəkildə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə təqdim edilməsi tələb olunur. Bu sənədlərə valideynlər, qohumlar, digər qanuni nümayəndə, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslərin ərizəsi, uşağın şəxsiyyətini təsdiq edən sənəd, uşağın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən TSEK-in müayinə aktından çıxarış, yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış, uşağın yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış, 3x4 ölçüdə 2 ədəd fotoşəkil daxildir. Müvafiq sənədlər rayon şöbələri tərəfindən qiymətləndirilərək Dövlət Sosial Müdafiə Fonduna təqdim edildikdən sonra vətəndaşların sosial xidmət müəssisələrinə yerləşdirilməsi məsələsinə baxılır".

Valideynlərini tapa bilməyən fiziki və əqli məhdudiyyətli yeniyetmə xəstəxanadadır

Fond səlahiyyətlisinin sözlərinə görə, ki, həmin uşaqlar valideynləri tərəfindən evə aparılmadıqda, 18 yaşı tamamladıqda Fondun tabeliyində olan 1,2 və 3 saylı psixonevroloji sosial xidmət müəssisələrinə köçürülürlər. Müəssisələrə 18 yaşdan yuxarı əqli əlilliyi olan yetkinlik yaşına çatmış şəxslər qəbul olunurlar.

Qeyd edək ki, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təhsilə cəlb oluna bilməyən uşaqların reabilitasiyası aparılır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən Sputnik Azərbaycan-a bildiriblər ki, buraya əqli geriliyi olan, autizm, serebral iflic xəstəliyi olan uşaqlar gətirilir. Hansı ki, valideynlər o uşaqlara baxa, onları saxlaya bilmir. 

Bu müəssisələrdə həmin uşaqlara ilkin bacarıqlar öyrədilir. Bunun üçün müəssisələrdə əmək otaqları var. Müəssisəyə gələrkən uşaq aqressiv, ilkin bacarıqlara belə malik olmadıqları halda, sosial xidmət müəssisəsində reablitasiya keçdikdən sonra vacib vərdişlərə yiyələnirlər. Çox vaxt valideynlər də onlarla birgə reabilitasiya kursu keçir. Bu zaman valideyn öz uşağı ilə necə davranmalı olduğunu öyrənir. Uşaq əsas vacib vərdişlərə yiyələndikdən, inkişaf etdikdən sonra çox vaxt valideynlər uşaqlarını sosial xidmət müəssisəsindən apararaq ona evdə özləri baxırlar. Sözügedən müəssisələr uşaqlarını gətirib qoyan valideynlərin bəzən həmin uşaqlara baxmaq imkanlarının olmadığını da söyləyirlər: "Elə valideyn olur ki, maddi durumu o uşağa baxmağa imkan vermir, durumunu düzəltdikdən sonra, uşağın da inkişaf etdiyini görüb gəlib aparır evinə. Elə valideyn də olur ki, uşağından ötrü darıxdığını əsas gətirib müəssisədən götürür uşağı".

Müəssisələrdən bildirdilər ki, de-institusionalizasiya tədbirləri, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq işlər davam etdirilir. Amma 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə götürülən uşaqlarla bağlı şərtlər də var. Əgər vətəndaş uşağını sözügedən xəstəlikləri ilə əlaqədar evdə saxlaya, ona qulluq edə bilmirsə, Fondun yerli şöbələrinə müraciət edir. Göndəriş əsasında o uşaqlar müəssisəyə qəbul edilir. Amma bu zaman da onlar müayinədən keçirilir. Əgər uşaqda ay ərzində 5 dəfə qıcolma halları baş verirsə, o uşaqlar müəssisəyə götürülmür. Elə xəstə uşaqlar var ki, onların müalicəsiylə səhiyyə nazirliyinin müvafiq müəssisələri məşğul olmalıdır. Tutaq ki, uşaq şizofreniyanın ən ağır formasından əziyyət çəkirsə, yaxud da yoluxucu xəstəliyi varsa, belə uşaqlar müəssisəyə götürülmür. Mütləq uşaq götürülərkən onun yoluxucu xəstəliyinin olmaması barədə arayış tələb olunur.

Əsas mövzular