CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Armudu stəkanla dünya səyahəti – Azərbaycanlı bloger simvolumuzu təbliğ edir

© © Courtesy of Sabina HajiyevaПроект Сабины Гаджиевой @Armoodu_
Проект Сабины Гаджиевой @Armoodu_ - Sputnik Azərbaycan
Abunə olmaq
Səbinə Hacıyeva özünün populyar səyahət bloqunda Azərbaycanı təbliğ etməyin qeyri-adi üsulunu fikirləşib.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. @Armoodu bloqunun yaradıcısı azərbaycanlı Səbinə Hacıyeva son zamanlar sosial şəbəkələr və KİV-də ən çox müzakirə olunan şəxsə çevrilib. Gənc qız müxtəlif ölkələrə səfər edərək gözəl mənzərələrin fonunda armudu stəkanla şəkil çəkdirir.

Hacıyevanın bu işi görməkdə məqsədi Azərbaycanın mədəni dəyərlərini təbliğ etməkdir. Öz bloqu və qeyri-adi ideyası ilə bağlı Hacıyeva Sputnik Azərbaycan-a ətraflı danışıb.

Səyyah-bloger Bakıda doğulub-böyüyüb. 2008-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinə daxil olub və 2012-ci ildə oranı bitirib. Elə həmin il MBA-ya (Master of business administration) daxil olub və İsveçrənin UBIS Universiteti ilə birgə ikili magistr təhsili alıb.

Hələ üçüncü kurs tələbəsi olanda, Hacıyeva Azərbaycanın böyük banklarından birində işləməyə başlayıb və həmişə sosial layihələrdə, treninqlərdə, müxtəlif aksiyalarda fəal iştirak etməyə çalışıb.

"Mən təbiətən daim hərəkətdə olan adamam, həmişə nə iləsə məşğul oluram, yeni biliklərə yiyələnməyə çalışıram. Həyatın müxtəlif dövrlərində şəkil çəkmək, rəqs etməklə məşğul olmuşam, gitara və ispan dili məşğələlərinə getmişəm. Hesab edirəm ki, hərəkət olmadan, həyat dayanar", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Ərə gedəndən sonra həyat yoldaşının işi ilə əlaqədar olaraq ABŞ-a köçüb, hazırda da orada yaşayır və işləyir. Onun sözlərinə görə, Amerikaya köçmək həyatının ən çətin seçimlərindən biri olub. Qız heç vaxt ailəsindən, doğmalarından, dostlarından kənarda yaşamağı planlaşdırmayıb və bu barədə heç fikirləşməyib də.

"Həyatda hər şey ola bilər. Biz Nyu-Yorkda müvəqqətiyik və tezliklə Vətənimizə qayıdacağıq. Amerika böyük imkanlar ölkəsidir, mən hətta şansımı dəyələndirərək hazırda buradakı ən yaxşı banklardan birində işləyirəm. Burada tez-tez evdə qonaq qarşılayırıq. Qonaqlar üçün Azərbaycan yeməkləri hazırlayıram, onlara ölkəmizin tarixi, mədəniyyəti, ənənələri barədə danışıram. Çay məclisi isə həmişə armudu stəkanla müşayiət olunur", - deyə Hacıyeva bildirib.

O, armudu stəkan və çayın pərəstişkarıdır. Məhz elə buna görə də @Armoodu bloqunu yaradıb. Bu stəkan Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Qız çox istəyir ki, armudu stəkan Azərbaycanın simvollarından biri olsun, necə ki, Matryoşka Rusiyanın, klomplar (başmaqlar) Niderlandın, yaxud da pivə parçı Almaniyanın simvoludur. Hacıyevanın sözlərinə görə, bütün dünyada bu simvollar bu və ya digər ölkəni xarakterizə edir, armudu stəkanın onlardan nəyi əskikdir? Bununla əlaqədar olaraq, həmyerlimizin əsas məqsədi azərbaycanlılara məxsus qeyri-adi stəkan barədə daha çox insana məlumatın verilməsidir.

Bütün bunlarla yanaşı, Hacıyeva armudu stəkanların kolleksiyasını toplayır və bu kolleksiya günü-gündən böyüyür. Stəkanları ona əsasən dostları verir. Bundan əlavə, Hacıyevanın dünyanın müxtəlif ölkələrində fərqli şəraitdə armudu stəkanla çəkilmiş böyük kolleksiyası var.

Onun bloqu ilə əlaqədar ilk səfəri Monteneqroya olub. O, artıq armudu stəkanı ilə bir çox ölkələrə, hətta Afrikaya səyahət edə bilib.

"Mən artıq neçə ölkəyə səyahət etdiyimin hesabını itirmişəm. Hələ bir çox fotolarımı, o cümlədən Ekvadorda çəkilənləri bloquma yerləşdirməmişəm. Səyahətlər zamanı bir sıra çətinliklərlə üzləşirəm. Misal üçün, Puerto-Rikoya səfərim zamanı güclü küləyin əsməsi səbəbindən stəkan nəlbəkidə dayanmırdı və nəticədə külək onu salıb qırdı. Rokfeller mərkəzindəki müşahidə göyərtəsinə isə özünlə yemək və içki götürmək qadağandır. Amma mən qorxa-qorxa və risk edərək özümlə ora çay apardım və artıq şəkil çəkmək üçün icazə aldım", - deyə Hacıyeva bildirib.

Qız heç vaxt bloqunun bu qədər populyar olacağını düşünməyib. Hətta bir dəfə orada heç nə paylaşmamaq qərarını da verib. Buna səbəb izləyicilərinin onun bloqunun ünvanına neqativ rəylər yazmaları olub. Lakin bir dəfə həmsöhbətimiz təslim olmamaq və səyahətləri zamanı çay stəkanı ilə fotolar çəkdirmək qərarına gəlib. Qız inanır ki, onun bloqu günlərin birində bütün dünyada məşhur olacaq.

Hazırda Səbinənin bloqu ilə bağlı çoxlu planları var, lakin hələlik onları açıqlamaq niyyətində deyil. Bununla yanaşı, Səbinənin "Facebook"-da sosial qrupu var. Burada insanlar sənədlərin, təcili malların, dərmanların və s. çatdırılmasında bir-birilərinə kömək etməklə məşğuldurlar.

"Qrupun iş prinsipi sosial şəbəkə vasitəsilə insanlar arasında etibarlı əlaqələrin qurulması ilə bağlıdır. Əgər siz gəzinti planlaşdırırsınızsa və baqajınızda boş yer varsa, bu yeri ehtiyacı olanlara təklif edə bilərsiniz. Bu cür elanların qrupa yerləşdirilməsi tamamilə pulsuzdur. Qrupun cəmi beş ay əvvəl yaranmasına baxmayaraq, abunəçilərin sayı beş mini keçib. Artıq onlarla insan bir-birinə kömək edib.", - Hacıyeva əlavə edib.

O, gələcəkdə Azərbaycanla bağlı bir sıra digər layihələr də həyata keçirmək niyyətindədir.

Xəbər lenti
0