10:16 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2610

Azərbaycanın məşhur aktyor və rejissoru Cahangir Novruzov Moskvada keçiriləcək yaradıcılıq gecəsində öz rolları və filmləri barədə danışacaq, gənc həmkarları ilə təcrübəsini bölüşəcək.

BAKI, 29 yanvar — Sputnik. Moskvada, Elm Mərkəzinin Alimlər Evində, fevralın 7-də Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzovun yaradıcılıq görüşü keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə gənc aktyorlar və Xalq artistinin yaradıcılığını daimi olaraq izləyən şəxslər iştirak edəcəklər. Aktyor öz rolları, filmləri, tamaşaları barədə danışacaq, gənc həmkarları ilə təcrübəsini bölüşəcək.

Cahangir Novruzov Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti (2018), Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur.

O, Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) Rejissorluq fakültəsini bitirib.

1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət Adamlarını Təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in Xalq artisti professor A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik edib.

1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb.

Azərbaycan teatrında inanılmaz sosial layihə - Bu dəfə səhnəyə fərqli şəxslər çıxacaq

1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyəyə Universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova və musiqi müəllimi Mütəllib Novruzovun oğludur.

Əsas mövzular