01:35 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
51 0 0

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı Qasim Rzayi deyib ki, 7-8 min nəfərin gündəlik olaraq qanuni şəkildə sərhəd-keçid məntəqəsindən hərəkət etməsi iki ölkə arasında münasibətlərin inkişafının bariz nümunəsidir.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 yanvar - Sputnik. Yanvarın 19-da Astara şəhərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıblar. Onlar sərhəd təhlükəsizliyinin təminatı, dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkili, transsərhəd cinayətkarlığının təzahürləri ilə mübarizə, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icrası məsələlərini nəzərdən keçiriblər. Görüşdə sərhəd-mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulanıb. 

Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıblar. Bununla yanaşı, “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.   Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub. 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Sputnik Azərbaycan-a açqılamasında bildirib ki, İranla bağlı qarşıda avtomobil yolunun, yeni dəmiryolunun açılışı, yeni körpünün inşa olunması var.

“2020-ci il üçün qarşımızda bir sıra məqsədlər dayanır. Bunların hamısı xidməti əlaqələrin inkişafının təzahürüdür. Qeyd etmək istərdim ki, 2018-ci illə müqayisədə 2019-cu ildə həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. Şəxslərin sayı təqribən 21.5 % artıb ki, bu da çox ciddi göstəricidir. Nəqliyyat vasitələrinin sayı isə təqribən 13 % artıb. Dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması müzakirə olunur. Bu məsələ həm də hökumətlərarası müzakirə obyektidir. Bu gün sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi gündəlikdədir. Bütün bunlar hamısı ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir”, - deyə Elçin Quliyev bildirib.   

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı Qasim Rzayi isə deyib ki, 7-8 min nəfərin gündəlik olaraq qanuni şəkildə sərhəd-keçid məntəqəsindən hərəkət etməsi iki ölkə arasında münasibətlərin inkişafının bariz nümunəsidir:   

“Hər iki dövlət səy göstərir ki, ölkələrimiz arasında istər dəmiryolu, istərsə də avtomobil yolu ilə bağlı məsələləri inkişaf etdirsinlər. Biz sərhədçilər olaraq bu layihələrin əvvəlində dayanırıq və onların inkişafına töhfə vermiş oluruq. Bu layihələrin icrası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan göstərən amildir. Bu görüşün özü də sərhəd münasibətlərinin inkişafına böyük töhfədir”.

Rzayi sözügedən görüşdə mövcud münasibətləri daha da inkişaf etdirmək qərarına gəldiklərini bildirib. 

“İstəyirik münasibətlərimizi aşağı səviyyədəki sərhədçilərə də çatdıraq ki, onlar da öz aralarında münasibətləri bizim səviyyəmizdə qursunlar. Bizim görüşümüz regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə ciddi bir mesajdır. Heç bir qüvvə bizim dövlətlər və millətlər  aralarındakı münasibətlərə nifaq sala, münasibətləri poza bilməz”, - deyən iranlı general bildirib ki, gələcək planlarda Elçin Quliyevin Tehrana, onun da Bakıya səfəri var. Ondan sonra İran, Azərbaycan sərhədçilərinin və Türkiyə jandarmeriyasının iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Bu görüşlər regionda münasibətlərin inkişafına təsir göstərən amillərdən olacaq. Eyni zamanda bu, regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələrə mesajdir.

Əsas mövzular