20:29 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Ekspert Rostislav İşenko Almaniya Kansleri Angela Merkelin Moskvaya səfərini şərh edərkən Avropada reallıqların yenidən dəyişdiyini deyib

BAKI, 13 yanvar — Sputnik. Sistemli təhlil və proqnozlaşdırma mərkəzinin prezidenti Rostislav İşenko Almaniya Kansleri Angela Merkelin Rusiyaya səfərini Sputnik üçün şərh edib.

Təxminən il yarım bundan əvvəl Almaniya Kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasındakı danışıqlar əsasən Ukrayna məsələlərini əhatə edirdi.

Lakin yanvarın 11-də iki lider arasında Moskvada baş tutmuş danışıqlarda Ukrayna mövzusu periferik yer alıb və üstünlük qlobal problemlərin müzakirəsinə verilib.

Beynəlxalq siyasətdə adətən son dərəcə ehtiyatlı olan, bir qayda olaraq mövcud formatı dəyişdirməyə can atmayan, hətta əhəmiyyətini itirmiş münasibətləri qoruyub saxlayan Almaniya bu dəfə ənənəvi gündəmi öz təşəbbüsü ilə qəfil və birmənalı şəkildə dəyişib. Rusiya əvvəllər də Almaniya ilə addımlarını müzakirə edib razılaşdırmağın əleyhinə olmayıb. Moskvada Berlini faciəvi təsadüf nəticəsində rəqiblər siyahısına düşmüş (və bundan əziyyət çəkən) təbii müttəfiq kimi görürlər.

Süni düşmənçilik

Rusiya və Almaniya arasında XIX əsrin sonlarından etibarən müşahidə olunmuş süni düşmənçiliyin "acı dadı" hələ də qalmaqdadır. Moskva və Berlin nəinki strateji tərəfdaş deyillər, onlar arasında hətta tam olaraq situativ ittifaq da yoxdur (elə görünür ki, Almaniya yalnız indi belə bir ittifaqın vacibliyini anlayır).

Lakin Merkelin Moskvaya son səfəri zamanı təklif etdiyi müzakirə formatı rəsmi münasibətlərin inkişaf tempini qabaqlayır. Qlobal problemləri müzakirə edərkən Rusiya və Almaniya görürlər ki, onların arasında həllolunmaz ziddiyyətlər yoxdur, onlar müasir dünyada baş verən proseslərin əksəriyyətinə demək olar ki, eyni prizmadan baxırlar, dünyada hökm sürən sistemli böhrandan təxminən eyni çıxış yollarını, cari problemlərin eyni həll yollarını görürlər.

Beləliklə, son görüş zamanı Yaxın Şərqdəki vəziyyət və "Şimal axını-2" qaz kəmərinin tikintisi əsas müzakirə mövzuları olub. Qaz kəmərinin bir qədər gecikmə olmasına baxmayaraq tamamlanacağı bəyan edilib. Hər iki lider borunun tikintisinin qaçılmaz olduğunu bildiriblər (Putin hətta tarixləri də elan edib: bu ilin sonu – gələn ilin əvvəli). İndi isə onun istismara verilməsi həqiqətən də qaçılmazdır.

Ortaq işlər bir araya gətirir

Ümumi problemlər (daha doğrusu, onların birgə həlli) bir araya gətirir. İki ölkənin obyektiv maraqları ümumi problemlərin effektiv həlli üçün de-yure olmasa da, de de-fakto siyasi-iqtisadi birliyin formalaşmasını tələb edir. NATO ətrafında və Avropa İttifaqı (Aİ) daxilindəki problemləri nəzərə alsaq, Berlinin bu məsələdə maraqlı olduğunu açıq şəkildə görərik.

Merkelin təqaüdə çıxmazdan əvvəl şəxsən Rusiya-Almaniya birliyini yaratmaq üçün vaxtının çatıb-çatmayacağını deyə bilmərəm (onun çox az vaxtı qalıb və bu da asan iş deyil), ancaq görünür kansler səy göstərəcək ki, varisi (kim olursa olsun) Almaniya siyasətinin bu strateji istiqamətini yenidən dəyişə bilməsin.

Merkeldən "Şimal axını-2" layihəsinə dəstək: "ABŞ sanksiyalarının əleyhinəyik">>

Mənim fikrimcə, Avropa siyasətinin ağırlıq mərkəzi Şərqə doğru dəyişir. Paris və Roma isə formalaşan yeni Berlin-Moskva-Pekin oxuna qoşulmağın əleyhinə deyillər (Fransa prezidenti və İtaliya baş naziri Merkelin Moskvadan uçmasından dərhal sonra Putinə zəng edərək Almaniya kanslerinin ziyarət zamanı toxunduğu eyni mövzuları müzakirə ediblər).

SSRİ-nin dağılmasından sonra Avropada təsir dairələrinin (başqa adı ilə həyati əhəmiyyətli maraq zonalarının) yeni reallıqlara uyğun olaraq yenidən qurulması başladı. Reallıqlar yenidən dəyişir. Tarixin qatarına gecikənlərə isə yalnız ağlamaq qalacaq.

Müəllifin fikri redaksiyanın mövqeyi ilə eyni deyil.

Əlaqədar

"Türk axını" işə düşdü: Bəs qazın qiymətləri necə olacaq?
Rusiya niyə Xəzər donanmasını gücləndirir
Putindən təklif: "Trampı Suriyaya dəvət edin"
"Bu qəbul edilməzdir" – Avstriya "Şimal axını-2" əleyhinə sanksiyaları tənqid etdi

Əsas mövzular