12:18 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
100901

Bakı şəhərində çoxmərkəzli sistemin formalaşdırılması məqsədilə əsas mərkəzlə yanaşı, 4 alt və 2 regional mərkəz yanaşmasının tətbiq edilməsi planlaşdırılır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün şəhərlərin planlaşdırılmasında yeni yanaşma tələb olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşaması yeni çağırışlar tələb edir. Qeyd olunur ki, bununla əlaqədar olaraq əsas çağırış isə şəhərlərin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır. A.Quliyev deyib ki, Bakı şəhərinin bundan sonrakı inkişafını planlı şəkildə aparmaq lazımdır. O, artıq bununla əlaqədar olaraq Bakının baş planı üzərində işə başlanıldığını, çoxmərkəzli yanaşmanın tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Bu isə o deməkdir ki, Bakı bir mərkəzdən ibarət olmayacaq, müxtəlif alt mərkəzlər yaradılacaq. 

Maraqlıdır, bu təkliflərin reallaşması mümkündürmü?

Memar Zemfira Budaqova Sputnik Azərbaycan-a açıqlamasında belə bir layihənin reallaşmasının mümkün olub olmadığı haqda danışıb: "Bakının mərkəzində yaşayış binaları olmamalıdır. Yaşayış binalarının yerləşdiyi bu ərazilərdə mərkəzlər yaradılmalıdır. Şəhərsalmanın qanunlarından kənara çıxmaq olmaz.  Amma təəssüflər olsun ki, şəhərsalmanın qanunlarından tamamilə kənara çıxıldığını görürük, Bakıda şəhərsalmanın qanunlarına cavab verən bir şey yoxdur. Şəhərsalmanın qanunlardan biri, hər bir şəhərin özünün sputniklərinin olmasını tələb edir. Yaşayış yerlərinin özlərinin də mərkəzi olmalıdır. Nə olsun ki, inşa olunan binalar gözəldir, axı bunlar şəhərsalmanın planlarına uyğun deyil".

"Bakının kəndləri, rayonlarının da mərkəzləri olmalıdır. Suraxanı palçığın içində boğulur. Nə üçün burada mərkəzlər yaradılmır? Müxtəlif sputniklər yaradılsa, şəhər daha da böyüyər. Müxtəlif belə yeni mərkəzlər yaradılmalı və onların əsas mərkəzlərlə birbaşa əlaqəsi qurulmalıdır. Hər bir mərkəzin özünün müasir xəstəxanası, bankı və s olmalıdır", - deyə o əlavə edib. 

Bu gün bir çox ölkələr "car free" qaydası tətbiq edərək avtomobilləri şəhərlərin mərkəzindən uzaqlaşdırır. Əsas şüar isə budur ki, küçələr maşınlar üçün deyil, piyadalar, rahat gəzinti, sağlam həyat üçündür. Maraqlıdır, yuxarıda haqqında bəhs etdiyimiz layihə reallaşarsa, belə bir addım necə, atıla bilərmi?

Z.Budaqova da bu fikirlə razıdır: "Şəhərin mərkəzi hesab edilən ərazilərdə maşınların hərəkəti məhdudlaşdırılmalıdır. İçərişəhərdə isə ümumiyyətlə maşınların hərəkətinə icazə verilməməlidir, piyada gəzinti üçün şərait yaradılmalıdır. Şəhərsalmanın qanunlarında da bu tələblər öz əksini tapır. Amma təəssüflər olsun ki, Bakının mərkəzində biz bunun əksini görürük. Hətta ağırçəkili, yəni yük maşınları da Bakının mərkəzində rahatlıqla hərəkət edir. Restoranlara müxtəlif məhsulların daşınması üçün xüsusi, yüngül çəkili maşınlar olmalıdır".

Bakı və Abşeronda qış yarmarkaları təşkil olunub

O, Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini müsbət qiymətləndirmədiyini də vurğulayıb: "Dağüstü parkın yanında o boyda hündür tikililər ucaltmaq olmaz. Bu şəhərsalmanın tələblərinə tamamilə ziddir. Bizim şəhər relyefli olduğu üçün ona uyğun şəhərsalma planına əməl etməliyik. Mövcud mənzərəyə baxanda ya elə bilirsən ki, binalar bir-birinin başına çıxıb, ya da ki, elə düşünürsən ki, bir-birinin arxasında gizlənib. Bu səbəbdən də Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini müsbət qiymətləndirmirəm".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Bakının hazırlanmaqda olan Baş planının əsas prioritet istiqamətlərindən biri çoxmərkəzli yanaşmanın tətbiq edilməsidir. Şəhərdəki təkmərkəzli quruluş hədsiz yüklənmə və sıxlığa, mühəndis kommunikasiya sistemlərinin tələbatı ödəməməsinə, ictimai nəqliyyatın tarazsız inkişafına və digər bu kimi hallara səbəb olur. Mövcud problemlərin aradan qaldırılması, güclü və dayanıqlı inkişafı təmin etmək üçün çoxmərkəzli şəhərin yaradılması vacibdir.

Pirşağı dəmir yolu stansiyası
© Official website of President of Azerbaijan Republic

Bakı şəhərində çoxmərkəzli sistemin formalaşdırılması məqsədilə əsas mərkəzlə yanaşı, 4 alt və 2 regional mərkəz yanaşmasının tətbiq edilməsi planlaşdırılır.

Alt mərkəzlər əsas mərkəzin yükünün bölüşdürülməsinə xidmət edəcək. İctimai nəqliyyat vasitəsilə əlçatan olacaq və magistral yollar üzərindən əsas mərkəzlə şəhərətrafı əraziləri birləşdirəcək.

Bundan başqa qeyd olunub ki, regional mərkəzlər şəhərin əsas hissəsinin analoqu kimi çıxış edəcək. Paytaxtın genişlənməsi və ya əhalinin artımı üçün kifayət qədər ərazi potensialına malik olmaqla, müxtəlif nəqliyyat vasitələri (xüsusilə dəmir yolları) əsas şəhər mərkəzi ilə birləşəcək.

Əsas mövzular