15:15 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Tibbi sığorta

Bu yenilik gələn ildən sizi gözləyir – İndidən nə ödəyəcəyinizi bilin

© CC0 / Darko Stojanovic / Medical
XƏBƏRLƏR
Qısa URL
124020

Uşaqların, işləməyən pensiyaçıların, hamilə qadınların, əyani təhsil alan tələbələrin, əlillərin, işsiz statusu alanların, ünvanlı sosial yardımı proqramından istifadə edənlərin icbari tibbi sığorta haqları dövlət tərəfindən ödəniləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

Qeyd edək ki, Milli Məclisdə "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirə edilir. Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.

Ekspertlər icbari tibbi sığorta haqlarını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, icbari tibbi sığortadan bütün vətəndaşlar istifadə edəcək: "Amma icbari tibbi sığorta haqları baxımından iki qrup olacaq. Birincisi, icbari tibbi sığorta haqları dövlət tərəfindən ödənilən vətəndaşlardır. Belə ki, uşaqların, işləməyən pensiyaçıların, hamilə qadınların, əyani təhsil alan tələbələrin, əlillərin, işsiz statusu alanların, ünvanlı sosial yardımı proqramından istifadə edənlərin icbari tibbi sığorta haqları dövlət tərəfindən ödəniləcək. 2020-ci ilin dövlət büdcəsindən icbari tibbi sığorta haqlarının ödənilməsi üçün hər bir vətəndaş üçün 90 manat, bütövlükdə təxminən 1 milyard manata yaxın vəsait ayrılacaq".

"İcbari tibbi sığorta haqlarını işləyən vətəndaşlar ödəyəcək. İşləyən vətəndaşlar üçün icbari tibbi sığorta haqları 2 qrup üzrə qruplaşdırılıb. Bunlar dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorunda çalışan vətəndaşlardır. Dövlət və neft sektorunda çalışanlar bir qrup kimi götürülüb. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar isə ayrıca bir qrupdur"-deyə ekspert bildirib.icbari

İqtisadçı qeyd edib ki, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanların icbari tibbi sığorta haqlarının məbləği dövlət və neft sektorunda çalışanlar ilə müqayisədə daha aşağıdır: "Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Yəni aylıq ödəniş dövlət və neft sektorunda əmək haqqının 2 faizidir, qeyri-dövlət və qeyri-neft sektorunda isə aylıq ödəniş əmək haqqının 1 faizidir. Məsələn, dövlət və neft sektorunda çalışan şəxs 500 manat maaş alırsa, aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan şəxs 500 manat maaş alırsa, aylıq 5 manat icbari tibbi sığorta haqqı ödəyəcək".

Uşaq bağçası
© Official website of President of Azerbaijan Republic

"Aylıq ödəniş məbləğləri qeyri-dövlət və qeyri-neft sektorunda daha az proqnozlaşdırılıb. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar dövlət və neft sektoru ilə müqayisədə daha az ödəniş edəcəklər. Bütövlükdə bütün işləyən vətəndaşlar icbari tibbi sığorta haqlarının ödənilməsinə cəlb olunacaqlar"-deyə ekspert əlavə edib.

Sığorta üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a deyib ki, dövlət büdcəsindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur: "Bu, minimum təkliflər paketidir və buraya təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. Bu xidmətlərdən vətəndaşlar istifadə edə biləcək. Amma buraya sığorta şirkətlərini cəlb etmək yaxşı olardı. Çünki özəl sığorta şirkətlərinin işçi qüvvəsi var, işlədiyi metodlar var, bundan istifadə edə bilərlər".

İqtisadi İslahatların Təhlili və Kommuniksiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn mətbuata açıqlamasında deyib ki, burada məqsəd daha çox ehtiyac olan bölgələrə öncəlik verilməsindən gedir: "Biz statistik rəqəmlərə də nəzər salsaq aydın olur ki, ölkə üzrə tibbi kadr potensialının əsas hissəsi paytaxta cəmləşib. Belə ki, dövlət tibb müəssisələrində işləyən həkimlərin 59 faizi və ya 17 231 nəfəri Bakıda fəaliyyət göstərir. Bakı şəhərində əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 77,4 təşkil edir ki, bu da ölkə üzrə ümumi göstəricidən 2,5 dəfə çoxdur. Oxşar tendensiya tibb müəssisələrinin ölkə üzrə bölgüsündə də müşahidə edilir. Müvafiq qurumun Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanaların şəbəkəsinə daxil olan 472 stasionarı təhlil edərkən məlum olub ki, xəstəxanaların 19 faizi, çarpayı fondunun isə 37 faizin Bakı şəhərində cəmləşib. Bakı şəhərində əhalinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayılarının sayı 62,6 təşkil edir ki, bu da ölkə üzrə göstəricidən 1,6 dəfə yüksəkdir".

"Burada bir faktı da qeyd etmək yerinə düşər ki, bütün üçüncü səviyyə xəstəxanalar, o cümlədən elmi-tədqiqat institutları, Azərbaycan Tibbi Universitetinin tabeliyində olan xəstəxanalar da paytaxta yerləşir. Təhlillər göstərir ki, Bakı şəhərində hər 100 nəfərə düşən stasionar xidmət və cərrahi əməliyyat sayı ölkə üzrə göstəricidən 2 dəfə yüksəkdir. Bu rəqəmlər də göstərir ki, ilk olaraq regionlardan başlamaq daha məqsədəuyğundur. Bir daha qeyd edirəm ki, icbari tibbi sığortanın tətbiqdən bir müddət sonra proseslər tam axarına düşəcək və Azərbaycan vətəndaşları bu islahatların nəticəsini görəcəklər"-deyə Ramil Hüseyn bildirib.

Qeyd edək ki, ikinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.

İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.

Onu da bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rayonda qeydiyyatda olub Bakıda (digər şəhər və rayonlar) yaşayan vətəndaşların icbari tibbi sığorta xidmətlərindən necə istifadə edəcəyinə aydınlıq gətirib. Agentlikdən APA-ya bildirilib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə xəstənin həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var. Məlumatda qeyd olunub ki, icbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək. Sözügedən sənədlər hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən təhkimolunma qaydaları təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. https://apa.az/az/sosial_xeberler/Bakida-yasayan-rayon-qeydiyyatli-sxslrin-icbari-tibbi-sigorta-xidmtlrindn-istifad-qaydasi-aciqlanib-560912

Əsas mövzular