05:13 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Hava limanında adam, arxiv şəkli

Almaniya saxlanılan şəxsləri Azərbaycana ekstradisiya edəcəkmi?

© CC0 / oadtz / airport
XƏBƏRLƏR
Qısa URL
920 0 0

Almaniyada saxta sənəd alveri ilə məşğul olmaqda günahlandırılan şəxslər təqsirli bilinsələr, cəzalarını çəkdikdən sonra deportasiya oluna bilərlər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Almaniyada sənəd alveri ilə məşğul olmaqda ittiham olunan tanınmış mühacirlərin həbsi ölkə mətbuatının gündəminə çevrilib. Əsas müzakirə mövzusuna çevrilən məsələ isə Almaniya polisinin bu ölkənin müxtəlif şəhərlərində keçirdiyi əməliyyatlar zamanı saxladığı azərbaycanlıları ölkəmizə deportasiya və ekstradisiya edib-etməyəcəyidir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən hüquqşunas Sahib Məmmədov bildirib ki, bu, nəzəri baxımdan mümkündür: "Bizim Almaniya ilə qarşılıqlı hüquqi yardım haqqında müqaviləmiz yoxdur. Həmin şəxslərin ölkəmizə ekstradisiyası ancaq dövlətlərin könüllü razılığı ilə ola bilər. Ramil Səfərovun ölkəmizə ekstradisiyası buna nümunə ola bilər. Macarıstanda baş vermis hadisəyə görə, Macarıstan Respublikası Azərbaycanla könüllü razılığa gələrək həmin şəxsi Azərbaycana qaytardı. Belə bir praktikanın olması göstərir ki, bu yolla ekstradisiya mümkün ola bilər. Digər halda isə bu çətin olacaq. Düzdür, biz "Ekstradisiya haqqında" Avropa Konvensiyasına tərəfdaş çıxmışıq. Amma burada fərqli məsələlər var. Biri var şəxs cinayəti törədib ölkədən qaçmış olsun, biri də var cinayəti xarici ölkədə törətsin. Düzdür, onların təqsirsizlik prezumpsiyası hüququ var. Biz bunu pozmamalıyıq. Əgər cinayət xarici ölkədə törədilibsə, həmin şəxs və şəxslərin ölkəmizə ekstradisiyası çətin məsələdir. Azərbaycanın İran, Rusiya ilə belə bir müqaviləsi var ki, ölkəmizdə cinayət törədən Rusiya və İran vətəndaşı cəzasının yerdə qalan hissəsini çəkməsi üçün öz ölkəsinə ekstradisiya oluna bilər. Amma bizim konkret Almaniya ilə belə bir müqaviləmiz yoxdur. Ona görə də, bu mənə praktiki baxımdan çətin görünür. Əgər şəxs öz ölkəsində cinayət törədib başqa ölkəyə qaçırsa, İnterpol vasitəsilə həmin cinayətkar öz ölkəsinə tutularaq göndərilir. Olduğu xarici ölkədə cinayət törədənlərin isə ölkəmizə ekstradisiyası çətin məsələdir. Əgər baş vermis cinayət faktı sübut olunarsa, onun Azərbaycanla bağlılığı ortaya çıxarsa onların ölkəmizə göndərilməsi real görünə bilər".

S. Məmmədov bildirir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunarkən cəzasını çəkdikdən sonra ölkədən deportasiya olunur: "Belə hallar bir çox ölkələr üçün xarakterikdir. Mümkündür ki, Almaniyada saxta sənəd alveri ilə məşğul olan şəxslər təqsirli bilinsələr, cəzalarını çəkdikdən sonra deportasiya olunsunlar. Cinayət əməlindən asılı olaraq onlara yüngül cəza və cərimə tətbiq oluna bilər".

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəni saxlayıb. Həmin siyahıda tanınmış adlar var. "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır.

Əsas mövzular