07:18 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Həkim, arxiv şəkli

Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik

CC0 / valelopardo / Doctor
XƏBƏRLƏR
Qısa URL
60340

Ölkədə xəstəliyə hətta “xərçəng” deməkdən də çəkinənlər az deyil. Guya xəstəliyə “xərçəng” deyilsə, özün də buna tutularsan kimi batil inanclar var

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan insanı həkimə getməkdən çəkinir. Daha doğrusu, adətən xəstəxanaya yetişəndə, tibb elminin ona kömək etmək imkanı mümkünsüz olur.

Gələn ilin yanvar ayının ilk günündən ölkədə tibbi sığorta haqqında qanun qüvvəyə minəcək. Yəni uzun müddət davam edən qarışıqlığa son qoyulacaq. Hər bir ölkənin səhiyyə ilə bağlı öz qanunu, özəlliyi var. Tam olaraq öz vətəndaşına havayı tibbi xidmət göstərən Milli Səhiyyə sistemindən tutmuş, insanı sığortası bitən kimi küçəyə atmaq təhlükəsi ilə üz-üzə qoyan sığorta tibbinə kimi müxtəlif variasiyalar mövcuddur. Qarışıq sistemlər də az deyil.

Koreyada tibbi sığorta sistemi var, amma doğuşa gedən qadına dövlət xeyli vəsait ayırır

Məsələn, Cənubi Koreyada tibbi sığorta sistemi var, amma doğuşa gedən qadına dövlət xeyli vəsait ayırır. Bu pulla həm xərci ödəmək, həm də doğuşdan 3 gün sonra 21 günlük sanatoriyaya istirahətə getmək olar. Burada xanımlar uşaqla məşğul olmurlar, yəni gündə 6 dəfə yeyib yatırlar. Balası ilə təmas yalnız yedizdirmə zamanı olur. Qadın bədəni 3 həftəyə qismən bərpa olunur. Evə dönən xanıma daha sonra 11 gün tibb bacısı yardım edir.

Həkim-firma işbirliyi: Cinayətkar tandem gələcəyimizi məhv edir>>

Koreyada uşağına baxan qadın olduqca böyük imtiyaz əldə edir. Həm özünü, həm də körpəsini tibbi müayinədən keçirmək baxımından. Kubada tibbə fərqli yanaşmadır. Kasıb ölkə olsa belə, olduqca mükəmməl səhiyyə sistemi qurulub. Kubada havayı ali təhsil almaq imkanı demək olar hər kəs üçün mümkündür. Təhsil sistemi minlərlə həkim istehsal edir və bu həkimlərin əsas işi əhaliyə yüksək xidmət göstərməkdən ibarətdir. Norveç, Fransa, İngiltərədə mövcud olan milli səhiyyə sistemləri sözün əsil mənasında insana xidmətə köklənib.

Hindistan əhalisinin cəmi 15 faizinin tibbi sığortası var

Səhiyyə sistemi ala-yarımçıq vəziyyətdə olan ölkələr də az deyil. Məsələn, Hindistanda mövcud olan səhiyyəni qeyri-mükəmməl adlandırmaq olar. Ölkədə 1,2 milyard əhali yaşayır, onların olduqca böyük qisminin yaşayışı kasıblıq həddindən də aşağı səviyyədədir. Bu insanların nə tibbi sığortası var, nə də gələcəyə ümidi. Gündəlik yemək tapdısa, deməli, acından ölməyəcək. Belə bir şəraitdə hökumətin nəsə etmək imkanı da azdır. Əməlli-başlı sənədi belə olmayan birisinin sığorta haqqı ödəyəcəyinə ümid bəsləmək olmur.

Hindistanda televizorsuz yaşayan milyonlarla ailə var. Hətta yeni hind filmi ekrana çıxanda, kasıb məhəllədə yaşayanlardan birini bu kinoya baxmağa ezam edirlər. Filmə baxıb digərlərinə sadəcə süjeti danışır. Əgər sağlamlıqla bağlı problem yarandısa, hər hansı bir tibbi yardım almaq olmayacaq. Ölkə əhalisinin cəmi 15 faizinin tibbi sığortası var, qalan əhali problem yaranarsa, xidmət haqqını ödəməlidir.

Hindistan hökuməti problemi aradan qaldırmaq üçün tədbir planı da hazırlayıb. Əmək və məşğulluq nazirliyinin təşəbbüsü ilə 2008-ci ildən Hindistanda Milli tibbi sığorta proqramı işə düşüb. Bu proqrama əsasən yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ailələrə biometrik smart-kart verilir. Bu kart xəstəliyə düçar olmuş insanın hətta şəxsi klinikada normal tibbi xidmət almasına imkan verir. Belə kartın sahibi özünü dünyanın bəlkə də ən xoşbəxt adamı kimi duyur. Hindistan hökuməti bu xidməti dövlət büdcəsindən ödəyir. Nə qədər acınacaqlı olsa da, Hindistanın dövlət tibb müəssisələri cavan, səriştəsiz həkimləri üçün təcrübə meydançası rolunu oynayır. Bir qədər təcrübə toplayıb ad-san qazanan belə həkimlər dərhal şəxsi, bahalı klinikaya üz tuturlar.

Həkim Şəkidən gətirilən xəstələrlə bağlı: "Kimsə deyə bilməz ki, hansısa fəsad olmayacaq">>

Hindistanın, əlbəttə, varlı regionları və ona uyğun tibbi müəssisələri də var. Hətta belə klinikalar xaricdən gələn qonaqları da müalicə edirlər. Amma Hindistanın əksər vətəndaşının bu xidmətdən yararlanmağa imkanı yoxdur.

Bu xəstəxananın Bakıətrafı kəndlər üçün əhəmiyyəti olduqca böyükdür

Azərbaycanın səhiyyə sisteminin strukturundan danışmaq bir qədər çətindir. Bizim səhiyyə sovet səhiyyəsinin qalıqları üzərində qurulmuş, sözdə havayı, əslində isə pullu, bir qədər də şəxsi klinikaların mövcud olduğu bir sistemə əsaslanır.

Bir tərəfdən dövlət hesabına külli miqdarda səhiyyə ocaqları tikilir, digər tərəfdən isə şəxsi klinikaların sayı artır. Həm dövlət, həm də şəxsi klinikalarda pul ödəmək tələbi var, söhbət xidmətin səviyyəsindən və ödənişin həcmindən gedir. Məsələn, Sabunçuda yerləşən və çox böyük ərazini əhatə edən dövlət xəstəxanasında böyük mənada yüksək xidmətdən danışmaq çətindir, amma bu xəstəxananın Bakıətrafı kəndlər üçün əhəmiyyəti olduqca böyükdür.

Ürəyi ağrıyan, ağciyərində problem olan, hər hansı kiçik cərrahi əməliyyata möhtac olan hər hansı bir şəxs burada yerindəcə tibbi yardım ala bilər. Məsələn, uşağın qolunda dərin yara əmələ gəlibsə, tibb bacısı yaranı təmizləyə, cərrah yerindəcə tikə bilər. 10 manat həkimin, 5 manat isə tibb bacısının xidmət haqqıdır. Pul olmasa belə, bu xidmət göstəriləcək. Amma insanlar az da olsa, pul ödəyirlər. Rentgen vasitəsilə nəfəs yolunda olan hər hansı problemi aşkarlamaq üçün 10-15 manat ödəmək də kifayət edər.

Ürəyin kardioloqun yanında müayinəsi, üstəgəl bir-iki əlavə analiz cəmi 30-35 manata başa gələcək. Yəni 20 ABŞ dollarına. Yəqin dünya praktikasında belə hala rast gəlmək çox çətindir. Kimsə deyə bilər, axı burada nə var? Çox sadə prosedurdur, bunu eləmək bəyəm bu qədər çətindir? Amma Hindistanla müqayisədə Azərbaycan vətəndaşının imkanı xeyli çoxdur. Dünyada hər il nə qədər uşaq bizə sadə görünən bir yaradan ölür, çünki ən adi bir xidməti almağa imkan tapılmır.

Həyatının 12 ilini sərf edən bir şəxsin 300-400 manata çalışması ağlasığan görünmür

Sadə tibbi xidməti Azərbaycanda almaq nə qədər asandırsa, hər hansı bir çətin əməliyyat üçün xaricə getmək daha məsləhətdir. Bizim tibbin səviyyəsi dünya miqyası ilə müqayisədə elə də yüksək deyil. İnsanlar müalicə üçün ilk növbədə Rusiya, Türkiyə, İrana üz tuturlar. Hətta Gürcüstana da gedənlər var. Daha imkanlılar Almaniya və İsrailə üstünlük verirlər.

"Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar" – MÜSAHİBƏ>>

Səhiyyədəki elə də ürəkaçan olmayan mənzərə bir sıra faktorlara bağlıdır. Bu sahə olduqca böyük vəsait, güc-qüvvə, mükəmməl təhsilin olmasını tələb edir. Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait tibb işçilərinin böyük ordusunu saxlamağa kifayət etmir. Həkim olmaq üçün həyatının 12 ilini sərf edən bir şəxsin 300-400 manata çalışması da ağlasığan görünmür. Axı, həkim peşəsinə yiyələnən həmvətənlərimiz bu gün Türkiyə və Almaniyanın bir sıra aparıcı klinikalarında təcrübə toplamaq üçün illərini qurban verirlər.

Bu səbəbdən dövlət xəstəxanalarında çalışmaq istəyənlərin sayı günü-gündən azalır. Ya da xidmət dalınca gələn pasiyentlər elə eyni qaydada pul ödəməli olurlar. Tibbi sığortanın özü ölkədə olsa da, tətbiq edilməsi hələ də tam formada mümkün olmayıb. Ayrı-ayrı böyük şirkətlər əməkdaşları sığorta edirlər, amma bu proses hələ də vətəndaşların böyük əksəriyyətini əhatə etməyib.

Filankəsdə nə xəstəlik tapılıb? Cavab adətən “o zəhrimardan” olur

Tibbin geridə qalmasının səbəbi həm də Azərbaycan insanın düşüncə tərzinə bağlıdır. Həkimə getmək, ara-sıra özünü müayinədən keçirmək ənənəsi ölkədə yox dərəcəsindədir. Kimsə bir ağrısı belə olsa, həkimə getməz, elə türkəçarə ilə başını aldadar. Çox vaxt həkimə müraciət edən şəxsin vəziyyəti çox ağır olduğundan, nəsə yardım etmək də mənasız olur. Vaxtında bir müayinə ilə düzələn məsələ nəticədə illərlə dərman qəbulu, müxtəlif analizlərin verilməsi, ağır əməliyyat keçirmək kimi halları yaşamaqla sonlanır.

İnsanlarda həkimə getmək, ağır bir xəstəlik barədə məlumat almaq, məcburi əməliyyat keçirmək qorxusu var. Ən böyük qorxulardan biri onkoloji xəstəlik barədə xəbəri həkimdən eşitməkdir. Ölkədə xəstəliyə hətta xərçəng deməkdən də çəkinənlər az deyil. Biri o digərindən soruşur: filankəsdə nə xəstəlik tapılıb? Cavab adətən “o zəhrimardan” olur. Guya xəstəliyə xərçəng deyilsə, özün də buna tutularsan kimi batil inanclar var.

Həkim icbari tibbi sığorta barədə: əhalinin bütün təbəqlərini əhatə etməlidir>>

Həkimə və Azərbaycanın səhiyyəsinə qarşı bir inamsızlıq var. Pasiyent həkimin ona müalicə obyekti kimi yox, məhz pul gətirən bir müştəri gözü ilə baxdığını düşünür. Ölkədə hər hansı bir profilaktik tədbirlər keçirilmir. Bəzən klinikalar fərdi qaydada yoxlama aparmaq üçün xüsusi endirim təklif edirlər. Burada da bir məntiq var. Endirimli olsa belə, hər yoxlama onlarla insanın problemini aşkarlayır və müalicə olunmaq üçün tələb yaradır.

Nə yoxlanmağa meyllidir, nə də müalicə almağa

Azərbaycan insanı sağlamlığına qarşı olduqca qəddar bir mövqedə durur. Nə yoxlanmağa meyllidir, nə də müalicə almağa. Düşünür, bir təhər yola verərəm də.

Yeni tibbi sığorta sisteminin tam olaraq oturuşması, insanların buna adaptasiyası əlbəttə bir-iki ilə başa gəlməyəcək, amma nədənsə başlamaq lazımdır. Atalar demişkən, vay yarımçıq əlindən. Nə pulluyuq, nə havayı, nə ondanıq, nə bundan. Nə həkimə gedirik, nə də müalicə olunuruq. 

Ara-sıra evimizi təmir edir, maşınımızı profilaktik müayinədən keçiririk, amma özümüzü müalicə etməkdən qaçırıq. Ayaq qırılanda sınıqçının, uşağın  boğazında yad cisim qalanda çöpçünün, ruhumuz ağrıyanda isə falçının yanına gedirik. Kimi də dindirsən, hər yeri ağrıyır, amma yenə də həkimə getməz.

Böyük mənada bəlkə də tibbi sığorta sistemi ilk mərhələdə nəyisə dəyişə bilməyəcək. Amma sığortanı almaq istəyirsənsə, deməli ən azı vaxtaşırı müayinədən keçməli olacaqsan.

Bəlkə bu yolla həkim qorxusundan azad ola bilərik. Uşaqlara da həkimin iynəsi ilə “xox” gəlməyə son qoyarıq. Başqa çarəmiz də yoxdur.

Əsas mövzular