19:21 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Xalçatoxuma texnikası ilə gərdan hazırlayan Lüdviyyə İbrahimova

Hər zərrəsi bir tər damcısı - Tariximizə güzgü tutan naxışlar, gərdanlar

© Sputnik / Nigar Maharram.
XƏBƏRLƏR
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (16)
957 0 0

38 yaşlı Lüdviyyə xanım Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. Bir neçə il öz ixtisası üzrə çalışsa da, hazırda məşğul olduğu peşəsini daha çox sevir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Hər bir sənət nümunəsi kənardan adama nə qədər xoş görünsə də, onun hər bir zərrəsi üzərində sənətkarın nə qədər tər axıtdığından xəbərsizik. Amma bu işlər bəzən xırda göründüyü üçün kənardan ona qiymət vermək çətin olur. Bu səbəbdən də bəzən bu işdə tamamilə naşı olan, sənətə qiymət verə bilməyən insanlar belə sənət nümunələrini dəyər-dəyməz qiymətə almaq istəyirlər.

Alın təri ilə gözəl nümunələr yaradan ustalardan biri də Lüdviyyə İbrahimovadır. O, digər sənətkarlardan fərqli olaraq ən çətin üsluba əl atıb. Xalçatoxuma texnikası ilə gərdanlar hazırlamaq isə o qədər də asan deyilmiş.

Usta Lüdviyyə İbrahimova iş başında
© Sputnik / Nigar Maharram.
Usta Lüdviyyə İbrahimova iş başında

Sputnik Azərbaycan-ın əməkdaşı bu dəfə muncuqlardan gərdanın hazırlanma prosesində iştirak edərək, hana formasında olan daha kiçik ölçülü bir alətin üzərində onun necə hazırlanması prosesi ilə tanış olub.

Artıq 6 ildir ki, bu işlə məşğul olan L.İbrahimova gördüyü işin texnikası haqda bizə məlumat verdi: "Gərdan xalça toxuması texnikası ilə muncuqlardan boyunbağı və müxtəlif formaların hazırlanmasıdır. Əslində, məncə muncuqlarla belə nümunələr yaratmaq xalça toxumaqdan daha çətindir. Çünki muncuqlarla işləmək adamın gözünün nurunu əlindən alır".

Usta deyir ki, kənardan bu nümunələr adama çox xoş təsir bağışlasa da, bəzən alıcılar bu işlərin necə, hansı əzab-əziyyətlə hazırlanmasından xəbərsiz olur, bir balaca bəzək əşyası üçün qiymətin yüksək olmasından gileylənirlər. Amma gərdanın çox kiçik bir hissəsinin hazır vəziyyətə gətirilməsi üçün axıtdıqları qan-tərdən kiminsə xəbəri olmadığını deyir.

Lüdviyyə İbrahimovanın əl işləri
© Sputnik / Nigar Maharram.
Lüdviyyə İbrahimovanın əl işləri

Həmsöhbətimiz bildirir ki, bəzən gərdanların çertyojunu özü çəkir, bəzən də hazır nümunələrə baxmaqla müxtəlif naxışları yaradır. Bu naxışlar arasında isə daha çox milli, klassik olanlarına üstünlük verir: "Bizim Azərbaycan xalçalarında olan naxışları bu əl işlərimdə tətbiq edirəm. Naxışları yaratmaq üçün müxtəlif xalça rəsmlərindən də yararlanıram. Bəzən isə hansısa çertyoja baxmağa ehtiyacım olmur, elə öz düşüncəmə, fantaziyama əsaslanaraq müəyyən naxışlar yaradıram".

Hazırladığı gərdanların eni 3-4, uzunluğu isə 60-70 sm olur. Orta ölçülü bir gərdanın hazırlanması üçün adətən 3-4 gün zaman sərf edir.

Lüdviyyə İbrahimovanın istifadə etdiyi kiçik ölçülü bir alət
© Sputnik / Nigar Maharram.
Lüdviyyə İbrahimovanın istifadə etdiyi kiçik ölçülü bir alət

Mindən artıq əsəri olan L.İbrahimovanın ən maraqlı əl işlərindən biri isə Şəki Xan Sarayının şəbəkə naxışlarından ibarət gərdanlardır: "Bu gərdanlar nəinki yerli turistlər, o cümlədən də əcnəbi turistlər tərəfindən də böyük maraqla qarşılanır. Digər gərdanlar kimi onların da hazırlanması üçün 4-5 gün zaman sərf edilir".

Eyni zamanda həm də gildən müxtəlif nümunələr yaradan bəzək ustası gərdanın digəri ilə müqayisədə daha çətin olduğunu bildirir: "Məsələn, gildən dəst nümunələr hazırlamaq üçün 1 gün kifayət edir. Amma hansısa gərdan nümunəsinin hazırlanması üçün bəzən 5 günədək zaman gedir və bu işin hazırlanması üçün 5 minədək muncuqdan istifadə edirəm. Ona görə də, gildən hazırladığım nümunələrlə müqayisədə gərdanlar daha bahadır. Çünki burada zərgər dəqiqliyi lazımdır. Bir naxışın səhv olması bütün işi alt-üst edə bilər. Bundan başqa, rənglərin ahəngi, düzgün seçilməsi də çox önəmlidir. Çalışıram ki, bu rənglər xalçadakı rənglərlə uyğunluq, oxşarlıq təşkil etsin".

Lüdviyyə İbrahimovanın əl işləri
© Sputnik / Nigar Maharram.
Lüdviyyə İbrahimovanın əl işləri

"Bunadək isə gillə müxtəlif bəzək nümunələri yaradırdım. Müxtəlif rəngli gillərə müəyyən forma verərək onları bir neçə dəqiqə sobada bişirirdim. Gildən çox sayda belə nümunələr, sırğalar, üzüklər düzəltmişəm. Bu əl işlərimdə maraqla qarşılanırdı. Sonradan isə muncuqlarla müxtəlif nümunələr yaratmağa başladım", - deyə o əlavə edib.

ABAD-çılardan (Ailə Biznesinə ASAN Dəstək) biri olan həmsöhbətimiz deyir ki, buradakı aylıq qazancı 600 manatadək olur: "ABAD-dan mənə müəyyən sifarişlər verilir. Mən isə ilkin bir formanı, maket, ya da eskizi onlara göstərirəm. İdeyam bəyənildikdən sonra isə artıq hazırlamağa başlayıram. Hazırladığım adi muncuq dəstləri var ki, qiyməti 90 manatdır. Amma gərdanların qiyməti 70 manatdan başlayır".

Lüdviyyə İbrahimovanın əl işi
© Sputnik / Nigar Maharram.
Lüdviyyə İbrahimovanın əl işi

"Bəzək əşyalarına çox maraq olduğu üçün müxtəlif boyunbağılar hazırlamağa başladım. Əslində bu sənət çox qazanclıdır, sadəcə olaraq buna müəyyən qədər vaxt ayırmaq lazımdır ki, sifarişləri vaxtı-vaxtında yerinə yetirmək mümkün olsun", – deyə xanım usta qeyd edir.

38 yaşlı Lüdviyyə xanım Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. Bir neçə il öz ixtisası üzrə çalışsa da, hazırda məşğul olduğu peşəsini daha çox sevir.

Bəzən işsiz qalanda da evdə, öz alın təri ilə pul qazanmaq mümkünsüz deyilmiş....

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (16)

Əsas mövzular