16:10 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
 “Hacı Molla Hüseyn” hamamı

Hamamın içində, içində və çölündə... Orada min bəladan xilas ola bilərsiz

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
50210

Yerli sakinlər arasında gəzən inanca görə, hamamda yuyunan insanlar həm soyuqdəymədən xilas olur, həm də bir çox xəstəliklərdən sağalırlar

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan kifayət qədər maraqlı coğrafi mövqedə yerləşir və çox gözəl tarixi məkanlara sahibdir. Ölkəmizdə elə tarixi abidələr də var ki, bu abidələr oraya səfər edən turistlərlə yanaşı, tarixçilərin də marağına səbəb olur. Həm tarix baxımından, həm də arxitektura cəhətdən olduqca möhtəşəm abidələrimiz var ki, onlar bu gün də möhtəşəmliyi və əzəməti ilə bütün insanlığa xitab edir.

Lahıcda süvenir mağazası
© Sputnik / Ilham Ahmadov
Lahıcda süvenir mağazası

İsmayıllı rayonunun Lahıc qəsəbəsi də həm tarixi məkanları, həm də özünəməxsus tikililəri ilə buraya səfər edən insanların marağına və təəccübünə səbəb olur. Belə tarixi məkanlardan biri də Hacı Molla Hüseyn hamamıdır. XIX əsrə aid olan bu tarixi məkan özünün sadə və əzəməti ilə hamının diqqətini cəlb edir.

“Hacı Molla Hüseyn” hamamı
© Sputnik / Ilham Ahmadov
“Hacı Molla Hüseyn” hamamı

Əslində, hamam 1897-cu ildə Lahıcın imkanlı şəxslərindən olan  Hacı Abbas tərəfindən inşa edilib. İllər keçdikdən sonra tikili onun varisi kimi Hacı Molla Hüseynə verilib və elə o zamandan da onun adı ilə adlanıb. Tarixi məkanın tikilməsinin əsas məqsədinin o zamanlar məşhur Haqverdiyevlər ailəsinin tələbatını ödəmək olduğu söylənilir.

Bina təkrarsız arxitekturaya malikdir. Binanın layihəsini şəkili usta Kərbəlayı Sultan verib. Hamam 4 hissədən ibarətdir: çöl hamam deyilən hissə; soyunub-geyinmə otağı; içəri hamam - çimmək üçün yer; hamam qızdırılan hissə.

Hamamın qızdırılması üçün hissə yer altındadır. Burada, hamamı odunla qızdırmaq üçün nəzərdə tutulmuş ocaq və isti su tutumlu iki xəzinə var.

Lahıcda hamam binası memarlıq abidəsi kimi Dövlət tərəfindən qorunur
© Sputnik / Ilham Ahmadov
Lahıcda hamam binası memarlıq abidəsi kimi Dövlət tərəfindən qorunur

Bina tağlıdır və 4 sütun üstündə inşa edilib. Çöl hamamda isə çarhovuz var.

Bina sovet dönəmində kolxozun mülkiyyəti olub və anbar kimi istifadə edilib. Yerli sakinlər iddia edirlər ki, həmin zamanlarda bəzi şəxslər qərəzli şəkildə abidəyə ziyan vururlarmış, bu da müəyyən dağıntıların olmasına səbəb olub.

Müstəqillik əldə olunduqdan sonra tarixi məkan sahiblərinə qaytarılıb və dövlət tərəfindən qorunması təmin olunub. Amma sakinlər tarixi abidənin indiki vəziyyətindən də razı deyillər. Onların sözlərinə görə, sahibləri binanı primitiv şəkildə təmir etdiriblər və indi bura ictimai hamam kimi fəaliyyətdədir. Hazırda hamam həftənin tək günləri qadınlar, cüt günləri isə kişilər üçün fəaliyyət göstərir.

1897-cu ildə Lahıc varlısı Hacı Abbas tərəfindən tikilib
© Sputnik / Ilham Ahmadov
1897-cu ildə Lahıc varlısı Hacı Abbas tərəfindən tikilib

Hamam binası memarlıq abidəsi kimi dövlət reyestrinə salınsa da, binanın əsaslı təmirə və restavrasiyaya böyük ehtiyacı olduğu göz önündədir. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev qeyd etdi ki, bina şəxsi mülkdür və tarixi məkan olduğu üçün dövlət tərəfindən qorunmaqdadır.

Onun sözlərinə görə, insanları bura dartıb gətirən başqa bir səbəb də var. Yerli sakinlər arasında gəzən inanca görə, hamamda yuyunan insanlar həm soyuqdəymədən xilas olur, həm də bir çox xəstəliklərdən sağalırlar.

Lahıcdakı hamamın binası tağlıdır və 4 sütun üstündə durur.
© Sputnik / Ilham Ahmadov
Lahıcdakı hamamın binası tağlıdır və 4 sütun üstündə durur

Böyük ehtimalla, bu, xalq arasında yayılan mifdən başqa bir şey deyil. Amma Lahıca gedəndə bu hamamda olmamaq günahdır.

“Ən böyük günah isə bu tarixi abidənin dağılması ola bilər. Bu tarixi abidə qorunmalıdır” – deyə Kamal Əliyev qeyd edir.

Əsas mövzular