Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

On iki quruma yalvarınca... tikinti icazəsi üçün daha sürünmək lazım gəlməyəcək

CC0 / Pixabay / BuildingTikinti, arxiv şəkli
Tikinti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Tikintiyə icazələrin verilməsində "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqi tikintiyə, daşınmaz əmlaka yatırım etmək istəyən iş adamlarının işini asanlaşdıracaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikinti üçün icazələrin alınması" işçi qrupunun iclası keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, iclas işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarım illiyi üçün icra və kommunikasiya planı əsasında tədbirlərin icrasına həsr olunub. 

Yataqxana, arxiv şəkli - Sputnik Azərbaycan
İllərin müşkülə çevrilən problemi: Tələbə, yoxsa məcburi köçkün arasında seçim etməliyik
Komissiyanın "Tikinti üçün icazələrin alınması" işçi qrupunun iclasında Bakı şəhəri üzrə istifadə edilən "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası və s. ilə bağlı görüləcək işlər müzakirə olunub.

Ekspertlər tikintiyə icazənin verilməsində "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, son illər Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında kifayət qədər irəliləyib: "Burada əsas problemlərdən biri tikinti üçün icazələrin alınması ilə bağlı idi. Yəni regionlarda bu sahədə problemlərin olması sözügedən hesabatda da dərc olunmuşdu. Azərbaycan hökuməti bu hesabata ciddi önəm verir və bununla bağlı müəyyən qərarların verilməsi gözlənilən idi. Tikinti üçün icazələrin alınması üzrə "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqi hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına gətirib çıxara bilər. Bu da investorlar üçün cəlbedicidir. Çünki "Doing Business" hesabatı beynəlxalq investorlar üçün əsas meyarlardan biridir".

O, bildirib ki, bu addım eyni zamanda regionlarda iş adamlarının, biznes çevrələrinin işlərini asanlaşdıra bilər:

"Əsasən regionlarda tikintiyə icazə ilə bağlı süründürməçilik halları, hətta bəzən qeyri-qanuni ödənişlərin edilməsinə sövq olunma halları müşahidə olunur. Ona görə regionların da "Bir pəncərə" sisteminə daxil olması, tikintiyə icazənin asan şəkildə və tez bir zamanda verilməsi biznes mühitinin yaxşılaşmasında mühüm rol oynaya bilər".

"Bu sahədə regionlarda problem ondan ibarət idi ki, təkcə yerli icra hakimiyyətləri deyil, bir neçə qurumlar da tikintiyə icazələrin verilməsində birbaşa iştirak edirdi. Bəzi hallarda 11-12 qurumdan icazə almaq lazım gəlirdi. Amma indi tikintiyə icazələrin verilməsində "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqi tikintiyə, daşınmaz əmlaka yatırım etmək istəyən iş adamlarının işini asanlaşdıracaq. Bu addım daha az xərclə və tez bir zamanda icazəni alıb işə başlamaq üçün şərait yaradacaq", - deyə ekspert bildirib.

Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Ekspert mənzil bazarındakı vəziyyət barədə: son 2 ildə bu evlərə maraq azalıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da deyib ki, əslində regional siyasət ölkə iqtisadiyyatının ağrılı yerlərindəndir: "Çünki regionlarda tikinti sektorunda yeni innovasiyaların tətbiqi ilə bağlı problemlər var. Bu, həm yerli icra strukturlarının fəaliyyəti ilə, həm də Bakıda tətbiq olunan innovasiyaların regionlara kifayət qədər tez çatmaması ilə izah olunur. Bu da regionların sosial-iqtisadi inkişafının stimullaşdırılmasına mane olur. O baxımdan regionlarda tikintiyə icazənin verilməsində "Bir pəncərə" sisteminin tətbiqi zəruridir".

"Ümumiyyətlə, real sektor təkcə institutların fəaliyyəti ilə yox, digər amillərlə də bağlıdır. Söhbət ilk növbədə pul-kredit siyasətindən, istehlakçıların alıcılıq qabiliyyətindən gedir. Bu amillər ciddi rol oynayır. Amma bununla yanaşı, sırf institusional tənzimləmə baxımından yerlərdə də daha rahat şəkildə tikinti və bütövlükdə real sektorun inkişafı üçün şəraitin yaradılması zəruridir. Tikinti sektoru strateji sektordur", - deyə ekspert bildirib.

Bu ərazilərdə evlər və obyektlər söküləcək - Yarımstansiya tikiləcək>>

Qeyd edək ki, Komissiyanın 2019-cu ilin ikinci yarımilliyi üzrə işçi qruplarının icra və kommunikasiya planlarının müzakirəsinə başlanılıb. Planların müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Xəbər lenti
0