16:38 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Azərbaycan Gömrük Tarixi Muzeyi

Azərbaycanda xilas edilmiş xəzinə: "Hissə-hissə çıxarmaq istəyirdilər"

© Sputnik / Nigar Maharram.
XƏBƏRLƏR
Qısa URL
20110

Gömrük işçiləri heç ağlınıza gəlməyəcək əşyaları müsadirə edirlər, ən maraqlılarını biz sizə göstəririk

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Əsrlər öncə müxtəlif yollarla ələ keçirilən tarixi dəyəri olan bəzi əşyalar, nümunələr var ki, onların qiymətini bilməyən şəxslər müxtəlif yollarla ölkədən çıxardaraq pul qazanmağa çalışırlar. Lakin tarixi nümunələrə, əşyalara, elə tarixin özünə verilən dəyər başda Azərbaycanın Dövlət Gömrük Komitəsi olmaqla bir sıra qurumlar tərəfindən qorunur.

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Eramızdan əvvəldən başlayan tarixin özü isə elə Azərbaycan Dövlət Gömrük Komitəsinin Tarix Muzeyində mühafizə olunur. Necə? Elə bunu öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı olan bəndəniz Bakının Maştağa qəsəbəsində yerləşən muzeyə yollandı.

Bizi qarşılayan Azərbaycan Gömrük Tarixi Muzeyinin direktoru Ramiz Ağayevlə daxili tur çərçivəsində muzey, onun işi, tarixi, burada saxlanılan eksponatlar haqda məlumat alırıq.

Azərbaycan Gömrük Tarixi Muzeyinin direktoru Ramiz Ağayev
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyinin direktoru Ramiz Ağayev

Muzeyin yaşı çox olmasa da, burada mühafizə olunan əşyaların bəzilərinin yüz ildən də artıq yaşı var. Bəzi eksponatların yaşı isə bizim eramızdan daha əvvələ gedib çıxır. Əslində, müxtəlif tarixlərin qovuşduğu belə qapalı, sehrli aləmdə olmaq həm də zövqvericidir, tarixlə daha yaxından, əyani tanış olmaq imkanı qazandığımız üçün...

Artıq 13 ildir fəaliyyət göstərən muzeydə 100-ə yaxın eksponat sərgilənsə də, sən demə, fondun özündə saxlanılan qədim əşyaların sayı bundan altı dəfə çoxdur.

R.Ağayev öncə tarixdən söz açır: "Bakı gömrükxanası 1807-ci ildə yaranıb. Fəaliyyətinə isə 1809-cu ildən etibarən başlayıb. İdarə öncə "Azneft" dairəsində olan 27-ci aptekin ərazisində yerləşib. O zamanlar Bakıda 70-dən artıq tərsanə vardı. O dövrkü tarixə nəzər salsaq, görərik ki, gömrükdə olan indiki qayda-qanunların bir hissəsi o vaxt da olub. Rəssam Rafiq Əsgərovun çəkdiyi, 19-cu əsrin gömrük fəaliyyətini əks etdirən rəsmdə də gömrük sertifikatlarının yoxlanılması əksini tapıb. Həmin dövrdə Rusiya imperatoru I Aleksandrın fərmanına əsasən, imperiya ərazisində idxal olunan bütün mallara bu cür sertifikatlar verilməli idi. Sertifikatlarda idxal olunan mal və onun rəsmiləşdirilməsi barədə lazımi informasiya yerləşdirilirdi. O dövrdə bu sertifikatların verilməsində məqsəd daxil olan mal və məhsullara görə Rusiya ərazisində onlardan ikinci dəfə rüsum alınmasının qarşısını almaq idi.

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Həmin rəssamın digər bir rəsmində isə çayxanada olan gömrük işçisi təsvir edilib. Çünki o zamanlar bütün xəbərləri çayxanalardan əldə edərdilər. Elə gömrük işçiləri də müxtəlif vaxtlarda yollarını buradan salardılar ki, müəyyən məlumatlar alsınlar. Rəsmdə bir şəxsin gömrükçünün qulağına nəsə pıçıldaması öz əksini tapıb".

Muzeyin direktoru daha sonra bizə gömrükdə müsadirə olunan əşyalar haqda məlumat verir: "Burada nümayiş etdirilən bütün əşyalar gömrük nəzarətinin həyata keçirilməsi zamanı əldə olunub. Muzeydəki bütün nümunələr tarixi və bədii əhəmiyyət kəsb edir".

Muzeyi gəzdikcə eramızdan əvvələ aid süngülər, qılınclar, heyvan fiqurlu heykəllərlə də rastlaşırıq. Onların üslubu bir-birindən tamamilə fərqlənir. Hər bir əsrə aid nümunə özünəməxsus hazırlanma tərzi ilə seçilir.

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Həmsöhbətimiz deyir ki, əksər hallarda bu cür əşyalar gömrük xidmətinin əməkdaşlarından bilərəkdən gizlədilir: "Çox zaman bu cür əşyaları başqa ölkələrdə satmaq üçün qaçaqmalçılıq yolu ilə, tranzit və idxal yolu ilə çıxarmağa çalışırlar. Lakin Dövlət Gömrük Komitəsi tərəfindən bütün bu qanunsuz halların qarşısı alınır".

R.Ağayev deyir ki, şəxslər tərəfindən bu cür nümunələr gömrük xidməti əməkdaşlarına əvvəlcədən təqdim edilərkən Dövlət Gömrük Komitəsi tərəfindən həmin əşyaların müvafiq rəsmi sənədə malik olması araşdırılır: "Biz Azərbaycan Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının həmin əşyanın ölkədən çıxarılması ilə bağlı rəsmi icazəsinin olub-olmamasını araşdırırıq. Gömrük xidməti tərəfindən araşdırmalar aparıldıqdan sonra isə əşyanın çıxarılması qeyri-qanuni sayılarsa, bu işə istintaq idarəsi və sonradan məhkəmə də cəlb olunur. Sonda isə məhkəmə həmin əşya və nümunənin müsadirə olunub-olunmaması ilə bağlı qərar çıxarır".

"Öncədən razılığın alınması vacibdir. Yəni kimsə özündə olan və qədim hesab edilən bir əşyanı ölkədən çıxarmaq istəyirsə, bunun üçün o, Dövlət Ekspert Komissiyasına müraciət etməli və çıxarış üçün müvafiq rəsmi sənəd almalıdır", - deyə direktor əlavə edir.

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Həmsöhbətimiz söhbət əsnasında 2006-cı ilədək olan fəaliyyətdən də söz açır: "Bunadək, yəni muzey yarananadək gömrük xidmətinin müsadirə etdiyi qədim əşyalar başqa qurumların tabeliyinə verilirdi. Yəni 2006-cı ilədək biz müsadirə etdiyimiz nümunələri Mədəniyyət Nazirliyinin muzeylərinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Qafqaz Müsəlmanları İdarəsinə, Azərbaycanda fəaliyyətdə olan müxtəlif dini icmalara, Şirvanşahlar Sarayına və digər mədəni və elmi mərkəzlərə təhvil verirdik. İndiyə qədər mindən artıq müsadirə olunmuş tarixi-bədii eksponat əvəzsiz olaraq bu qurumlara verilmişdir".

"Müsadirə olunmuş nümunələr arasında taxtadan əl üsulu ilə yonulmuş İsa peyğəmbərin heykəli də vardı. Onun 19-cu əsrin sonunda Bakıda hazırlandığı ehtimal olunurdu. O zamanlar Bakıda katolik kilsəsi fəaliyyət göstərirdi. Ötən əsrin 30-cu illərində həmin kilsənin bolşeviklər tərəfindən sökülməsi zamanı heykəl kilsədən oğurlanmışdı. Bu məsələni aydınlaşdırmaq üçün ilk olaraq provaslav xristianlarla görüşdük və məlum oldu ki, həmin heykəl onlara aid deyil. Katoliklərlə görüşdükdə isə onlar bu heykəlin özlərinə aid olduğunu söylədilər. İllər sonra biz həmin heykəli bərpa edərək Bakıda yeni tikilmiş katolik kilsəsinə hədiyyə etdik. Bu gün həmin heykəl kilsədə yerləşdirilib".

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Muzeydə qədim üzərlik qabları da görmək mümkündür. Qəribəsi budur ki, gömrükdən nəinki belə kiçik, eləcə də həcmcə çox böyük əşyaları da keçirməyə çalışıblar. Bu, yerli ustaların əl işi olan mebellərə baxmaqla isə əvvəlki əsrlərin üslubu ilə tanış olmaq mümkündür: "1990-cı illərdə 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərinə aid olan belə mebelləri hissə-hissə sərhəddən keçirməyə cəhd göstərilmişdi. Lakin bu planlar baş tutmayıb. Mebeldən başqa, qədim musiqi aləti - Əfqanıstana aid olan rübab da muzeyimizdə saxlanılır. Onun üzəri sədəflə işlənilib", - deyə R.Ağayev bildirir.

Muzeydə Əfqanıstana aid böyük silahlar da saxlanılır. Qalxanın üzərində həkk olunan cənnət quşları diqqətimizi çəkir. Direktor izah edir ki, simvolun mənası - vətən uğrunda savaşanların yerinin behişt olması anlamına gəlir.

Azərbaycan Gömrük Tarixi Muzeyi
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

Divarlardan asılan Azərbaycan xalçaları isə muzeyə fərqli bir rəng, ab-hava bəxş edir. Qarabağ incəsənətinin müxtəlif nümunələri, fərqli üslublarda hazırlanan xalçalar, sumaxlar, kilimlər, zililər, Çələbi, Malıbəyli xalçaları füsunkarlığı ilə göz oxşayır. Onların bəziləri 19-cu, bəziləri isə 20-ci əsrin əvvəllərində hazırlanmışdır. Burada həmçinin tikmə sənətinə aid müxtəlif nümunələri də görmək mümkündür. Hazırda Muzeydəki xalçaların əksəriyyəti fondda saxlanılır.

Sirli tarixin qorunub-saxlanıldığı muzeydə müqəddəs Quranın əlyazma kitabları ilə, həmçinin yəhudi dini əşyaları və pravoslav ikonaları ilə də tanış olmaq mümkündür.

R.Ağayev nümayiş olunan qədim sikkələrdən də danışır: "Burada müxtəlif ölkələrə aid qədim sikkələr (qızıl, gümüş və mis pul vahidləri) var. Nümayiş olunan bu nümunələrin sayı təxminən 100-dür. Onlardan ən qədiminin tarixi antik dövrlərə gedib çıxır".

Muzeyi gəzdikcə müxtəlif ölçülü, fərqli dizaynlı samavarları görürük. Məlumata görə, 19 və 20-ci əsrə aid olan bu samavarlar Rusiyanın Tula şəhərində yerləşən "Potaşov" zavodunda istehsal olunub.

  • Azərbaycan Gömrük Tarixi Muzeyi
    Azərbaycan Gömrük Tarixi Muzeyi
    © Sputnik / Nigar Maharram.
  • Azərbaycan Gömrük Tarixi Muzeyi
    Azərbaycan Gömrük Tarixi Muzeyi
    © Sputnik / Nigar Maharram.
  • Azərbaycan Gömrük Tarixi Muzeyi
    Azərbaycan Gömrük Tarixi Muzeyi
    © Sputnik / Nigar Maharram.
  • Azərbaycan Gömrük Tarixi Muzeyi
    Azərbaycan Gömrük Tarixi Muzeyi
    © Sputnik / Nigar Maharram.
1 / 4
© Sputnik / Nigar Maharram.
Azərbaycan Gömrük Tarixi Muzeyi

R.Ağayev muzeyin fondundakı maraqlı eksponatlardan biri olan soba daşı haqda da məlumat verir: "Onun çəkisi 100 kiloqramdan artıqdır. Gəctəraşlıq oyma üslubundadır, üzərində ərəb əlifbalı kufi xətlə yazılar mövcuddur. Soba üzlüyünün qapısı tac formasındadır, üzərindəki nəbati ornamentlər isə mis kuporosu ilə işlənib. Dəyərinə gəldikdə isə bu eksponatımız da digərləri kimi çox qiymətlidir".

Həmsöhbətimiz bildirir ki, muzey əşyalarının qorunmasına böyük diqqət göstərilir və zaman-zaman, ehtiyac yaranarsa, nümunələr bərpa olunur. Bu baxımdan, muzey ölkəmizdə olan və muzey sahəsində fəaliyyət göstərən mütəxəssislərlə sıx əməkdaşlıq edir.

Gömrük Tarixi Muzeyi 2008-ci ildən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının, 2013-cü ildən isə Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür.

Teqlər:
gömrük, tarix, muzey

Əsas mövzular