Məhsul qıt, qiymətlər od tutub yanır – Səbəb bəlli, çıxış yolu yox

© Sputnik / Murad OrujovПродажа весенних фруктов, фото из архива
Продажа весенних фруктов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt əhalisinin mövsüm meyvələrinin qiyməti ilə bağlı narazılığı heç də əsassız deyil

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Əriyin bir kiloqramının qiyməti 5-7 manat, gilasın ən yeməli növü olan "öküzürəyi" nin qiyməti 5-8 manat, albalının bir kiloqramı 4-5 manat, çiyələyin isə qiyməti 3-4 manat... Bazarlarda və marketlərdə mövsüm meyvələrinin qiyməti ilə nəinki qışa tədarük görmək, heç doyunca alıb yemək də olmur. Mövsüm meyvələrinin iyun ayının sonunda bu qiymətə satılması həyətində meyvə ağacı olmayan paytaxt əhalisini demək olar ki, bu meyvələrə tamarzı qoyub. 53 yaşlı Bakı sakini Türkan Kərimova hələ çiyələkdən başqa heç bir mövsüm meyvəsini alıb dadmadığını söyləyir. Həmsöhbətimiz deyir ki, mövsüm meyvələrindən Nübar etmək üçün meyvələrin qiymətinin ucuzlaşmasını gözləyir: "Ötən il bu vaxt mən ərikdən də, gilasdan da yeyib doymuşdum. Amma bu il meyvə az qala sovulur, mən hələ bir kiloqram ərik alıb yeyə bilməmişəm".

© Sputnik / Zulfiya GuluyevaYarmarkada meyvə satışı
Məhsul qıt, qiymətlər od tutub yanır – Səbəb bəlli, çıxış yolu yox - Sputnik Azərbaycan
Yarmarkada meyvə satışı

Paytaxt əhalisinin mövsüm meyvələrinin qiyməti ilə bağlı narazılığı heç də əsassız deyil. Apardığımız müşahidələr də göstərir ki, bu gün Bakıda marketlərdə və bazarlarda mövsüm meyvələrinin qiyməti sözün əsl mənasında kəllə-çarxdadır. Elə vətəndaşları da düşündürən əsas məsələ bunun səbəbidir. Sputnik Azərbaycan-ın əməkdaşı mövsüm meyvələrinin qiymətinin bahalığının səbəblərini araşdırıb.

Öncə yolumuzu paytaxtın iri supermarketlərindən salırıq. Qiymətlərin elə də münasib olmadığı günlərlə piştaxtada qaldığı üçün rəngi dəyişən meyvələrdən bəlli olur. Supermarketlərdə çiyələyin qiyməti nisbətən münasib olsa da, əriyin bir kiloqramı 5, gilasın bir kiloqramı isə 4,5 manatdan aşağı satılmır. Satıcılar marketdə qiymətlərin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini, ona görə də, səbəbini bilmədiklərini söyləyirlər. Bazarda isə çeşid bol olduğu üçün mövsüm meyvələrinin qiyməti də fərqlənir. Məsələn, ərik 5-7, gilas 5-9, çiyələk-4-5 manat arasında satılır. Satıcılar isə qiymətlərin baha olmasının səbəbini bu il məhsuldarlığın az olması və müxtəlif səbəblərlə izah edirlər. Satıcı Habil Abdullayev deyir ki, məhsulu yerindən baha aldığı üçün baha satır: "Artıq müştərilərə cavab verməkdən də yorulmuşuq. Gələn meyvənin niyə bu il baha olduğunu soruşur. Heç bizdən soruşan yoxdur ki, yerindən neçəyə almısız? Anam-bacım, meyvə rayondan gəlir. Rayonlarda da meyvənin qiyməti od tutub yanır. Yerindən gilasın bir kiloqramını 2,50-3 manata alırıq. Bunun üstünə yol haqqını, bazarda yer pulunu gələndə qiymət gəlib 5 manata çıxır. Bazarda bu gün 5 manata da gilas var, 9 manata da. Maldan-mala fərq var. Əgər siz yaxşı, mürəbbəlik gilas istəyirsinizsə, təbii ki, qiyməti də baha olacaq. Amma bazarda hər kəsin cibinə uyğun meyvə var. Bu il məhsul az olub. Ona görə də, qiymətlər yerində də bu mövsüm bahadır".

© Sputnik / Zulfiya GuluyevaYarmarkada meyvə satışı
Məhsul qıt, qiymətlər od tutub yanır – Səbəb bəlli, çıxış yolu yox - Sputnik Azərbaycan
Yarmarkada meyvə satışı

Buradan çıxıb, yolumuzu salırıq H. Cavid prospekti 20-A ünvanında yerləşən "Kənddən Şəhərə" yarmarkasına. Yarmarkada bazarla və marketlərlə müqayisədə qiymətdə xeyli ucuzluq müşahidə olunur. Yarmarkadan gilasın bir kiloqramını 4, əriyin bir kiloqramını isə 4 manat 70 qəpiyə almaq mümkündür. Çiyələyin bir kiloqramı isə 3 manata təklif olunur. Amma alıcılar yarmarkadakı qiymətdən də gileylənirlər. Onlar bir kiloqramı 4 manata gilas alıb mürəbbə bişirməyin mümkünsüz olduğunu söyləyirlər. Yarmarkada həmsöhbət olduğum Leyla Yusifova deyir ki, meyvənin üzərinə şəkərin qiymətini də gələndə bir kiloqramlıq banka gilas 10 manatdan yuxarı xərc aparır.

Şəmkirdən yarmarkaya məhsul gətirən Araz Quliyev isə deyir ki, bu il mövsüm meyvələrinin qiymətinin baha olmasının ilk səbəbi məhsul qıtlığıdır: "Bu il çəyirdəkli meyvələri hələ çiçək dövründə soyuq vurdu. Ona görə də, meyvə əvvəlki illərdəki kimi çox deyil. Ötən il ağacların budaqları meyvədən qırılırdı. Bu il vəziyyət elə deyil axı..."

Satıcının sözlərinə görə, mövsüm meyvələrinin qiymətinin baha olmasına təsir edən daha bir amil meyvələrin rayonlardan birbaşa Rusiya bazarlarına daşınmasıdır: "Sizin rayonlarındakı vəziyyətdən xəbəriniz yoxdur. İri yük maşınları meyvə almaq üçün növbə gözləyir. Elə yerindəncə kilosunu 2 manata, 2 manat 50 qəpiyə alıb yükləyirlər maşınlara. Bu yarmarkada bazara çıxarılan öz məhsulumuzdur. Mən qardaşımın məhsulunu satıram. Əgər mənim Bakıda evim olmasa burada məhsul satmaq heç mənə sərf də eləməz..."

Paytaxtı mövsüm meyvələri ilə təmin edən şimal rayonlarımızın fermerləri isə bahalığın səbəbini belə izah edirlər.

© Sputnik / Zulfiya GuluyevaYarmarkada meyvə satışı
Məhsul qıt, qiymətlər od tutub yanır – Səbəb bəlli, çıxış yolu yox - Sputnik Azərbaycan
Yarmarkada meyvə satışı

Xaçmaz rayon sakini Vaqif Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövsüm meyvələrinin qiymətinin baha olmasının bir səbəbi məhsulun bu il az olmasıdırsa, digər əsas səbəb fermerlərin xərcinin artmasıdır: "Heç fermerdən soruşan yoxdur ki, ötən il aldığın dərmanları bu il neçəyə alırsan? Gilas elə meyvədir ki, qulluq olunmasa həm məhsuldarlıq aşağı olur, həm də meyvəni qurd basır. Ona görə də, gərək vaxtında dərmanlayasan. Ötən il aldığımız dərmanların qiyməti 20-25 manat bahalaşıb. Elə dərmanlar var ki, hər litrində 15 manat bahalaşma var. Bir səbəb budur. Digər səbəb isə məhsula tələbatın artmasıdır. Mövsüm meyvələri Rusiya bazarına daşınır. 50-60 hektar bağı olan fermerlər yerli bazara ümumiyyətlə mal vermir. İşçi götürüb məhsullarını yığdırıb yük maşınları ilə Rusiyaya göndərirlər. Yerli bazara mal verən bizim kimi insanlardır. Ona görə, qiymət belə bahadır. Bu gün Xaçmazın özündə gilasın qiyməti 2-2 manat 50 qəpik arasında dəyişir. Ərik isə çətin becərilən ağac olduğundan, məhsuldarlıq bu il dolu vurduğundan aşağıdır".

Astarada sitrus bağları - Sputnik Azərbaycan
FOTO
Cənub bölgəsində meyvə yığımından maraqlı fotolar

Xaçmazda əlaqə saxladığımız digər fermerlər isə yaxın 10 günə mövsüm meyvələrinin qiymətində ucuzlaşma olacağını vəd edirlər. Onların sözlərinə görə, Qubada hava ilə bağlı gilas 10 günə yetişəcək. Yerli bazarda da mövsüm meyvələrinin qiymətində ucuzlaşmanı ancaq ondan sonra gözləmək olar.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə deyir ki, bu gün mövsüm meyvələrinin qiymətinin baha olmasının bir neçə səbəbi var: "İlk səbəb çəyirdəkli meyvələrin ilkin yaz dövründə mayalanma prosesinin getməsinə iqlimin təsiri oldu. İki həftə yağan yağışlar, dolu üzündən mayalanma prosesi zəif getdi. Bu gün çəyirdəkli meyvə ağaclarına vizual baxışla da bunu görmək mümkündür ki, ağacın bir tərəfində mayalanma gedib, digər tərəfində yox. Bu da məhsuldarlığa öz təsirini göstərdi. Digər səbəb iri təsərrüfatlardan mövsüm meyvələrinin Rusiya bazarına daşınmasıdır. Bu gün Rusiya bazarında mövsüm meyvələrinə tələbat böyükdür. Bir səbəb isə mövsüm meyvələrinin məhsulvermə dövrünün qısa olmasıdır. Bu meyvələrin məhsulvermə dövrü 40-45 gün çəkir. Bu da qiymətə təsir edir. Eyni zamanda daxili bazarda da mövsüm meyvələrinə tələbat böyükdür. Gilas, meyvə ən çox sevdiyimiz meyvələrdəndir. Üstəlik digər meyvələrlə müqayisədə bu meyvələrdən qışa daha çox tədarük görülür. Bütün bunlar bu gün mövsüm meyvələrinin qiymətinin baha olmasına gətirib çıxardır".

Xəbər lenti
0