01:04 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Xırdalan şəhərində yerləşən qarajlar

Xırdalan sakinləri 30 illik "dost"larından ayrılacaqlar - Səbəb diqqətsizlikdir

© Sputnik / Irade JELIL
XƏBƏRLƏR
Qısa URL
275701

Vətəndaşlar bu qarajlarda həm artıq əşyalarını, həm də avtomobillərini saxlayırlar

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Xırdalan şəhərində vətəndaşlara sovet dövründə avtomobillərin saxlanılması üçün verilən qarajlar sökülür. Artıq bu barədə onlara xüsusi xəbərdarlıq da edilib. Sakinlər isə bu qərarı ədalətli hesab etmirlər.

Sputnik Azərbaycan-a müraciət edən Xırdalan şəhəri 30-cu məhəllənin sakinləri deyir ki, onlara məxsus qarajların söküləcəyi ilə bağlı ərazi Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları xəbərdarlıq edib. Vətəndaşlara bildirilib ki, qarajlar söküləcəyi üçün tez bir zamanda boşaldılmalıdır.

Xırdalan şəhərində yerləşən qarajlar
© Sputnik / Irade JELIL
Xırdalan şəhərində yerləşən qarajlar

Qeyd olunan ünvanda yaşayan sakin Qənirə Əhmədova bildirib ki, həmin qarajlar, daha doğrusu, qarajların ərazisi 30 il əvvəl onlara verilib. Sonradan vətəndaşlar öz hesablarına qarajları tikiblər. Uzun müddət istifadələrində olan qarajlara çıxarış almaq isə vətəndaşların heç yadına da düşməyib. Elə hesab ediblər ki, əgər ərazidə qarajı özləri tikibsə, özləri istifadə edirsə, kimsə onların əlindən ala bilməz. 

Amma göründüyü kimi məsələ onların düşündüyü kimi deyilmiş.

Şikayətçi sakin Qənirə Əhmədova deyir ki, əşyalarının bəzisini evdə yer olmadığı üçün qaraja yığır. Onun kimi digər sakinlər də həmin qarajlardan müxtəlif məqsədlər üçün istifadə edir. Yəni bu qarajlar bir növ onlar üçün əlavə otaq kimidir.

"Qarajlar sökülsə, əşyalarım çöldə qalacaq. Deyirlər ki, söküb yerində çoxmərtəbəli bina tikəcəklər. Sovet dövründə həmin qarajlar bizə "ət kombinatı"nın rəhbərliyi tərəfindən verilmişdi. Mən 35 ildir ki, burada yaşayıram. Ancaq qarajlar üçün çıxarış almaq yadımıza düşməyib. Bu gün isə bizə deyirlər ki, qarajlar boşaldılsın, söküləcək" - deyə sakin qeyd edib.

Sakinlərin sözlərinə görə, hazırda ərazidəki 25 qarajın sökülmə ehtimalı var. Ehtimal ona görədir ki, hələlik sadəcə xəbərdarlıq edilib. Bu xəbərdarlıq isə vətəndaşların yuxusuna haram qatıb. Çünki vətəndaşlar bu qarajlarda həm artıq əşyalarını, həm də avtomobillərini saxlayırlar. Binanın həyəti çox kiçik olduğu üçün qarajlar söküləcəyi təqdirdə avtomobillərini saxlamağa yerləri olmayacaq.

"Əgər burada çoxmərtəbəli bina tikilsə, o zaman bizim bütün həyatımız alt-üst olacaq. Biz sakit yaşamaq istəyirik. Sakitliyimizə toxunmasınlar" - deyə sakinlər aidiyyəti qurumların məsələyə biganə qalmamasını xahiş edib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli açıqlamasında bildirdi ki, sovet dövründə vətəndaşlara öz avtomobillərinin saxlanılması üçün verilmiş qarajlar öz aktuallığını itirib.

"Odur ki, Xırdalan şəhərinin ümumistifadə ərazilərinin abadlaşdırılması tədbirləri çərçivəsində həmin qarajların ərazidən çıxarılması nəzərdə tutulub" - deyə Qasımbəyli qeyd edib.

O, həmçinin əlavə edib ki, keçən bir il ərzində Xırdalan şəhərində bu tip 250-yə yaxın qaraj sökülüb və belə qarajların sökülməsi davam edəcək.

Əsas mövzular