11:27 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Ukraynada seçki bülleteni

"Bu ölkədə insanlar məhz şoumeni prezident seçmək istəyirlər"

© Sputnik / Stringer
XƏBƏRLƏR
Qısa URL
5417 0 0

Ukrayna prezidenti vəzifəsi uğurunda bu dəfə nə az, nə çox - düz 39 namizəd mübarizə aparacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Həftəsonu Ukrayna xalqı tarixi qərar verəcək. Belə ki, martın 31-i Ukraynada növbəti prezident seçkiləri keçiriləcək. Bu prezident seçkiləri həm də rekord sayda namizədin qatılması ilə də Ukrayna tarixinə düşüb. Belə ki, Ukrayna prezidenti vəzifəsi uğurunda bu dəfə nə az, nə çox - düz 39 namizəd mübarizə aparacaq. Aparılan son sorğuların nəticələrinə görə, şoumen Vladimir Zelenskiy respondentlərin 32%, Ukrayna prezidenti Pyotr Poroşenkoya 17%, Batkivşina partiyasının sədri Yuliya Timoşenko isə respondentlərin 12,5%-i öz səsini verməyə hazırdır. Ekspertlər isə Zelenskiyin populyar olmasına baxmayaraq, onun prezident seçkilərində 50%-lik baryeri keçə bilməyəcəyini, nəticədə isə Ukraynada prezident seçkilərinin ikinci turunun keçiriləcəyini proqnozlaşdırırlar.

Azərbaycanda da Ukrayna siyasi həyatında baş verənlər diqqətlə izlənilir. Sputnik Azərbaycan məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu və Millət vəkili, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Naqif Həmzəyev ilə həmsöhbət olub.

Политолог Эльхан Шахиноглу
© Sputnik / Murad Orujov
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Ukraynada hazırda üç namizədin prezident olmaq üçün şansları olduqca yüksəkdir: "Lakin Ukraynanın yeni prezidentinin seçkilərin ilk turunda bəlli olacağını düşünmürəm. Ukraynada prezident seçkilərinin keçirilməsinin ikinci turu qaçılmazdır. Prezident seçkilərinin ikinci turuna isə şoumen Vladimir Zelenskiy, Batkivşina partiyasının sədri Yuliya Timoşenko və hazırkı prezident Pyotr Poroşenkonun çıxmaq şanları yüksəkdir. Seçkilərin ikinci turunda hansı namizədin qalib gələcəyini söyləmək çətindir. Son rəy sorğularının nəticələrinə baxsaq görərik ki, şoumen Zelenskiy, həm Poroşenko, həm də Timoşenkodan iki dəfədən çox səs toplaya bilər".

Ekspert vurğulayıb ki, bunun özü də qəribə məsələdir: "İnsanlar hansısa tanınmış siyasətçini deyil, məhz şoumeni prezident seçmək istəyirlər. Görünür Ukraynadakı vəziyyət ona gətirib çıxarıb ki, ukraynalılar siyasət və siyasətçilərdən beziblər və ölkənin prezidenti kimi yeni bir şəxsi görmək istəyirlər. Ona görə də Zelenskiyin şansı yüksəkdir".

Politoloq hesab edir ki, prezident seçkilərinin ikinci turuna Zelenskiy və Poroşenko qalarsa, sonuncu əlində olan imkan və administrativ resurslardan istifadə etsə, həmçinin digər namizədlər hazırkı Ukrayna prezidentini dəstəkləsə, onda ikinci turda bu namizədlər arasında başabaş mübarizə gedə bilər: "Hazırkı vəziyyətdə Zelenskiyin qalib gəlmək şansları olduqca yüksəkdir".

Seçkilərin ikinci turuna Vladimir Zelenskiy və Pyotr Poroşenkonun qalacağı təqdirdə üçünü güclü namizəd Yuliya Timoşenkonun kimi dəstəkləyəcəyinə dair suala cavab verən Elxan Şahinoğlu bildirib ki, bununla bağlı mümkün iki variant mövcuddur: "Birinci variant odur ki, Yuliya Timoşenko namizədlərdən heç birini dəstəkləməyəcək. Yəni öz seçicilərinə azad qərar vermək imkanı yaradacaq. Onun hazırkı prezident Pyotr Poroşenkonu dəstəkləyəcəyini inanmıram. Çünki onların münasibətləri olduqca gərgindir. İkinci variant isə Zelesnkiyin vəzifə vədi qarşılığında Timoşenkonun onu dəstəkləməsidir. Lakin bu, daha çox parlamentdən asılıdır. Ukraynada prezident seçkilərindən də vacib, oktyabrda keçiriləcək parlament seçkiləridir. Belə ki, parlament seçkilərində müxalif qüvvə qalib gəlsə, prezident istədiyi qərarları həyata keçirməyə çətinlik çəkəcək".

Ekspert qeyd edib ki, Ukraynada sosial-iqtisadi vəziyyət olduqca ağırdır: "Mən bunu öz şəxsi qənaətimə görə də deyə bilərəm. Düzdür, hazırkı Ukrayna prezidenti Pyotr Poroşenko hakimiyyətə gəldiyi vaxtdan bəri müəyyən işlər görüb. Ukraynada ordu sıfırdan qurulub, təhlükəsizlik sistemi yenidən qurulub. Lakin Poroşenko iqtisadiyyat və sosial sahələrdə problemləri həll edə bilmədi. Məhz buna görə də hazırkı prezidentin reytinqi yüksək deyil. Zelenskiy isə siyasətçi deyil, lakin olduqca populyardı. İnsanlar onu elə də yaxşı tanımır. Tanımadıqlarına görə də Zelenskinin onun gözləntilərini doğruldacaqlarına inanırlar".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Ukraynada kimin prezident seçilməsindən asılı olmayaraq, Ukraynada iqtisadi-sosial vəziyyəti dəyişmək olduqca çətindir: "Hazırda ölkədə zavod və fabriklər öz işini dayandırıb, Rusiya ilə iqtisadi münasibətlər dağılıb. Yəni ölkədə ciddi islahatlara ehtiyac var. Lakin ciddi islahatlar üçün də ciddi investisiyalar lazımdır. İndiki halda isə Avropa İttifaqı da daxil olmaqla, heç bir ölkə Ukraynaya investisiya yatırmır. İnvestisiyalarsız isə Ukrayna iqtisadiyyatını dirçəltmək çox çətin olacaq".

Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü
Millət vəkili, Ukrayna-Azərbaycan parlamentlarası dostluq qrupunun üzvü Naqif Həmzəyev

Millət vəkili, Ukrayna-Azərbaycan parlamentlarası dostluq qrupunun üzvü Naqif Həmzəyev isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının tərkibində Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcək.

O bildirib ki, daha öncə seçkilərə hazırlıq işləri ilə bağlı Ukraynada olub. Deputat qeyd edib ki, seçki öncəsi müşahidələr, həmçinin keçirilən bütün görüşlərdə bir fikir səslənir ki, Ukraynada prezident seçkilərinin ikinci turunun baş tutma ehtimalı olduqca böyükdür: "Lakin prezident seçkilərində ikinci turun olub-olmaması martın 31-indən sonra bəlli olacaq. Seçkilərə hazırlıq isə yaxşı təşkil olunub".

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçiriləcək. Seçkilərin rəsmi nəticələri aprel ayının 10-una qədər elan olunmalıdır. Həmçinin, bu tarixə qədər Ukrayna MSK-ı seçkilərin ikinci turun keçirilib-keçirilməməsi barədə qərar qəbul etməlidir.

Əgər prezidentliyə namizədlərdən heç biri 50%+1 səs yığmayacağı təqdirdə prezident seçkilərinin ikinci turu 21 apreldə keçiriləcək.

Prezident seçkilərinin ikinci turunun nəticələrinə dair Ukrayna MSK-nın protokolları 1 may 2019-cu ilə qədər elan olunmalıdır.

Ali Radada keçirilən andiçmə mərasimindən sonra Ukrayna prezidenti iyunun 3-nə qədər öz səlahiyyətlərini icra etməlidir.

Əsas mövzular