İstifadə müddəti bitmiş avtobuslarla bağlı xəbərdarlıq olunub

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Sürücünün sərnişin həyatı üçün təhlükə yaradacaq istənilən hərəkətinə görə qurum qarşısında cavabdeh şəxs birbaşa daşıyıcının özüdür"

BAKI, 7 fevral — Sputnik. "Dünən 551 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında dayanan yük maşınına çırpılması bir neçə nəfərin xəsarət almasına səbəb oldu. Nəzərinizə çatdıraq ki, avtonəqliyyat parkının illərdir ən böyük problemi, statistik rəqəmlə desək, avtobusların (paytaxt da daxil) 77 faizinin orta yaş həddi 10 ildən artıq olmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova öz "Facebook" səhifəsində yazıb.  

O qeyd edib ki, bununla əlaqədar olaraq istismar müddəti sərnişindaşıma üçün təhlükə yarada biləcək yaşda olan avtonəqliyyat vasitələri ilə bağlı bütün daşıyıcılara (fiziki və hüquqi şəxslərə) DANX tərəfindən rəsmi xəbərdarlıq məktubları göndərilib.

Дождь, фото из архива - Sputnik Azərbaycan
BNA sürücülərə xəbərdarlıq edir

Allahyarovanın sözlərinə görə, növbəti 5 il ərzində mərhələli şəkildə həmin avtonəqliyyat vasitələrinin yaş həddinin 10 ildən aşağıya salınması əsas prioritetdir: "77 faiz kifayət qədər böyük rəqəmdir. Bütün avtonəqliyyat vasitələrinin eyni anda dəyişdirilməsi sərnişindaşımada ciddi xaosa gətirib çıxaracağından, proseslərdə mərhələli həll qaçılmazdır. 551 saylı marşrut xəttinin daşıyıcısı fiziki şəxs Kənan Nəcəfova da bu qəbildən olan yazılı bildiriş və əlavə xəbərdarlıq məktubu qəzaya qədər də göndərilib. Fiziki şəxs avtobusların yenilənməsi ilə bağlı proseslərə start verdiyini və bunun üçün müəyyən müddətə möhlət istədiyini qurumumuza bildirsə də, görünən tərəf odur ki, sərnişinlərin həyati təhlükəsinin qarşısını almaq üçün daha sərt addımlar atmağımız şərtdir!"

"Bəzi saytlarda bildirildiyi kimi, hadisəyə sürət həddinin aşılması deyil, əyləc sistemindəki nasazlıq səbəb olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı DANX-ın əməkdaşları da dərhal cəlb olunub. Daşıyıcı Kənan Nəcəfov şəxsən özü yaralıların xəstəxanaya yerləşdirilməsində yaxından iştirak edib. Ancaq bu kimi humanist davranışlar, vətəndaşlıq borcununun hadisə anında yerinə yetirilməsi heç kəsi məsuliyyətdən uzaqlaşdıra bilməz" - qurumun sözçüsü əlavə edib.

N.Allahyarova qeyd edib ki, ölkə başçısının "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda sərnişinlərin təhlükəsiz daşınması ən vacib tələbdir. Tələbin icrası ilə bağlı bütün zəruri tədbirlərin görülməsinə başlanılacaq.

"Bir daha daşıyıcı şəxslərə (fiziki və hüquqi) bildirmək istərdik ki, avtonəqliyyat vasitəsində qəzaya səbəb kimi sürücü faktoru arxasında gizlənməkdən vaz keçsinlər. Sürücülər həmin şəxslərin işəgötürdüyü əməkdaşlardır. Sürücünün sərnişin həyatı üçün təhlükə yaradacaq istənilən hərəkətinə görə qurum qarşısında cavabdeh şəxs birbaşa daşıyıcının özüdür! Sürücü yol verdiyi nöqsana görə hüquq mühafizə orqanları və qanun qarşısında hüquqi qarşılıq alacaq. Qurumumuza bəhanə qismində "sürücü" faktorunun qoyulması yolverilməzdir" - deyə o əlavə edib.

Xəbər lenti
0