Bakı metrosunda sevindirici yenilik tətbiq olunacaq

© Sputnik / Anar MustafayevSahil stansiyası
Sahil stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir

BAKI, 21 sentyabr — Sputnik. Əhalinin bütün təbəqələrinin metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə "Bakı Metropoliteni" QSC tarixinin ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəsinə start veriləcək. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Xətai metrostansiyası - Sputnik Azərbaycan
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edir

Bildirilib ki, layinənin məqsədi əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır: "Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil".

"Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır" — deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir: "Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə "Bakı Metropoliteni" QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb".

QSC-nin məlumatına görə, məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib: "Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib".

"Bakı Metropoliteni" QSC-dən o da qeyd edilib ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

Layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Xəbər lenti
0