CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pirə xatir dağıdılmayan qəbirin gizlinləri açıldı

CC0 / / Tomb of NaimiXanəgah adibə kompleksi
Xanəgah adibə kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
“Qeyd olunan epizod çəkiləndə qadınlar fəryad edirdilər, elə bilirdilər, həqiqətən Rasim Balayevin dərisi soyulur”

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Naxçıvan füsunkar təbiəti, antik qalaları, orta əsr türk-islam memarlıq inciləri və dini məbədləri ilə həmişə diqqəti cəlb edib. Əbəs yerə bu müqəddəs torpağı "Nuh diyarı" adlandırmayıblar. Muxtar respublikada yerləşən ən məşhur türbələrdən biri də Əlincəçay xanəgahıdır. Barəsində danışdığımız abidə Culfa rayonunun Xanəgah kəndində, Əlincə qalasının ətəyində yerləşir.

Türbənin bələdçisi Sabirə Məmmədova abidənin tarixi haqqında Sputnik Azərbaycan-a danışıb: "Əlincəçay xanəgah kompleksi əmir, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə Memar Cəmaləddin tərəfindən inşa olunub. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmayıb. Ancaq memarlıq-konstruktiv quruluşuna görə abidəni XII-XIII əsrlərə aid edirlər". 

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli yanğın kəndə yaxınlaşır: Beşbarmaq dağı və Xıdır Zində piri təhlükədə - VİDEO

Türbənin içərisində hürufilik təliminin banisi Fəzlullah Nəiminin qəbri var. Sabirə xanım hürufilik təliminin banisinin burada dəfn olunmasının səbəbini belə izah edib: "Kəndimizin yaşlı insanlarının dediyinə görə, Nəimi 1396-cı ildə Əlincə qalasında hürufiliyi yaydığı üçün Teymurləngin oğlu Miranşah tərəfindən qətlə yetirildikdən sonra müridləri onu burada dəfn ediblər. Əvvəllər burada pir olub. Nəimini burada ona görə dəfn ediblər ki, onun qəbrini pirə xatir dağıtmasınlar".

Yerli əhali türbəni "Şeyx xorasan" adlandırır. Tədqiqatçılar arasında isə Nəiminin ləqəblərinə uyğun "Şeyx Xurasab" (günəşə oxşayan nurani şeyx) və ya "xorasanlı şeyx", "Xorasan şeyxi" kimi də adlandırılıb. Bələdçinin sözlərinə görə, bu ləqəblər Nəimi Xorasanda təhsil alıb, kamilləşib Azərbaycana gəldiyi üçün ona verilib: "Türbənin cənubunda inşa edilmiş türbə-məscid 1496-cı ildə Bikə xatın tərəfindən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə inşa edilib. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, vəfat etdikdən sonra xanəgahın yanında dəfn olunurdular".

Sufi şeyxi öz xanımı Xond Bikə ilə birlikdə sözügedən kənddə yaşayıb. Həmsöhbətimiz bildirir ki, Xanəgahın rəhbəri həmin ərazidə dəfn olunub. Xanımı Bikə xatın ərinin qəbrinin üstündə türbə-məscid inşa etdirib. Bikə xatın özü də xanəgahın yanında dəfn edilib. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalır. 

Xaçmazın Pirquluoba kəndində arxeoloji qazıntılar aparılıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sirli qəbirlər açıldı, skeletlər ekspertizaya göndərildi, hər kəs intizarla rəyi gözləyir

Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından XV əsrin müxtəlif illərinə aid məzar kitabələri aşkar olunub. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olub. Epiqrafik dəlillər göstərir ki, Xanəgah XVIII əsrdə də fəaliyyət göstərib və onun üzvləri buradan öz ideyalarını ətraf bölgələrə yayıblar.

Mütəxəssislər abidəni işlənmə texnikasına, sənət nümunələrinə görə, Orta Asiya və Cənubi Azərbaycanın gəc üzərində işlənmiş ən yaxşı sənət nümunələri ilə müqayisə edirlər.

Türbə 2006-cı ildə təmir olunub. Sovet dövründə digər abidələrimiz kimi bu türbə də bərbad vəziyyətdə olub. Türbə bələdçisinin sözlərinə görə, əvvəllər buranı nəinki turistlər, heç yerli camaat da tanımayıb: "Heç kəs maraqlanmırdı. Çox az adam tanıyırdı buranı. "Nəsimi" filmindən sonra qismən tanındı. Amma yenə də gələn yox idi. Lakin təmirdən sonra yerli turistlərlə bərabər xarici turistlər də gəlirlər".

Qeyd edək ki, Azərbaycan kinosunun incilərindən sayılan "Nəsimi" filminin böyük bir hissəsi Xanəgah abidəsinin ətrafında çəkilib. Bu da təsadüfi deyil. Mənbələrdə qeyd olunur ki, İmadəddin Nəsimi dövrünün görkəmli ariflərindən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girib, onun tərbiyə və təlimlərindən bəhrələnib. Səfərlərinin hamısında mürşidi Nəimi ilə yol yoldaşı olub və onun qızı ilə evlənib. Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınıb və onun əsas müddəalarını təbliğ edib. Elə buna görə də "Nəsimi" təxəllüsünü seçib. 

© Photo : Filmdən kadrNəsimi filmindən kadr
Nəsimi filmindən kadr - Sputnik Azərbaycan
Nəsimi filmindən kadr

Rejissor Həsən Seyidbəylinin quruluş verdiyi bu filmin çəkilişində Xanəgah kəndinin sakinləri yaxından iştirak ediblər. Sabirə xanım filmlə bağlı bəzi maraqlı məqamlara toxundu: "Sovet dövründə incəsənət nümayəndələrinə, kino xadimlərinə çox böyük hörmət var idi. O film çəkiləndə kəndimiz toy-bayram ab-havasında idi. Hamı işini atıb rejissora, aktyorlara kömək etməyə çalışırdı. Seyidbəylini, İsmayıl Dağıstanlını, Rasim Balayevi və başqa aktyorları yaxından görmək bizim üçün böyük fəxr idi".

Yerli əhali filmin heyətinə kömək etməklə yanaşı, batal (döyüş) səhnələrin çəkilişində də iştirak ediblər. Filmin kuliminasiya nöqtəsi — Nəsiminin dərisinin soyulması səhnəsi də məhz həmin kənddə lentə alınıb.

© Photo : Filmdən kadrNəsiminin dərisinin soyulması səhnəsi
Nəsiminin dərisinin soyulması səhnəsi - Sputnik Azərbaycan
Nəsiminin dərisinin soyulması səhnəsi

Sabirə xanım deyir ki, həmyerliləri həmin səhnəni real qəbul ediblər: "İndi hamı, hətta ən ucqar kənddə belə, kinonun necə çəkildiyi haqda, qismən də olsa, məlumatlıdır. Amma o dövrdə elə deyildi. Qeyd olunan epizod çəkiləndə qadınlar fəryad edirdilər. Hamı buna inanırdı. Neçə müddət bunun şokunu yaşadılar. Elə bilirdilər, həqiqətən də Rasim Balayevin dərisi soyulur. Elə rejissora da bu lazım idi".

Xəbər lenti
0