19:05 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan şərabları, arxiv şəkli

Onların valeh olduğu "Made in Azerbaijan": Şərabımız Çinə axacaq

© Photo: Facebook / ganjasharab2
XƏBƏRLƏR
Qısa URL
7642 0 0

Azərbaycan şərabı öz dadına, keyfiyyətinə və qiymətinə görə Çin istehlakçılarının ürəyincədir

BAKI, 7 sentyabr — Sputnik. Çin Azərbaycan məhsullarının nəinki bu ölkəyə, bütün Asiya regionuna yayılması üçün gözəl platforma ola bilər. Bunu Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan — Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair mətbuat konfransı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinin səlahiyyətlərini icra edən Yusif Abdullayev deyib.

"VI Çin-Avrasiya" sərgisinin bağlanışı və ÇXR-da "Azərbaycan şərab evi"nin açılışı ilə bağlı danışan Abdullayevin sözlərinə görə, hər bir tədbirin uğuru onun praktiki nəticələri ilə müəyyən edilir. Urumçidə keçirilmiş sərgidə Azərbaycan şirkətləri tərəfindən imzalanmış sazişlər və əldə edilmiş ilkin razılıqlar qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu göstərir.

"Azərbaycan şirkətləri zeytun yağı, mineral sular, limonadlar, qənnadı məmulatları, fındıq və qurudulmuş meyvə, nar şirəsi, üzüm və nar şərablarının tədarükü ilə bağlı əvvəlcədən razılığa gəliblər. Bundan başqa, sazişlər təkcə Çin şirkətləri ilə deyil, həm də Şri-Lanka nümayəndələri ilə bağlanıb. Bu isə əhatə dairəsinin seçiminin düzgün olduğunu göstərir" — deyə Abdullayev bildirib.

AZPROMO nümayəndəsi qeyd edib ki, sərginin keçirildiyi günlərdə (29 avqust — sentyabrın 2-də) Çin hökumət nümayəndələrinin iştirakı ilə Urumçidə ilk "Azərbaycan Şərab Evi" açılıb. Bu, həm də Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir. Noyabr ayında isə Şanxayda keçiriləcək Provine şərab sərgisi çərçivəsində növbəti şərab evinin açılması məsələsinə baxılır.

Qeyd edək ki, "Azərbaycan Şərab Evi" Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.

Abdullayevin sözlərinə görə, Azərbaycan şərabı öz dadına, keyfiyyətinə və qiymətinə görə Çin istehlakçılarının ürəyincədir. Buna görə də, spirtli içki satışı ilə məşğul olan Çin şirkəti ilə əldə edilən razılığa əsasən sentyabrın axırlarında Çinin Luçjou şəhərində Azərbaycan pavilyonu açılacaq.

Azərbaycan məhsullarının logistikası ilə bağlı Sputnik Azərbaycan-ın sualını cavablandıran Abdullayev qeyd edib ki, Urumçidəki "Azərbaycan şərab evi"nin açılışı və sərgi üçün şərablar hava yolu ilə daşınıb. Gələcəkdə isə şərab məhsullarının Çinə daşınmasında dəmiryol nəqliyyatından və gəmi daşımaçılığından istifadə ediləcək.

İctimai-özəl təşəbbüs kimi 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə fəaliyyət göstərir.

Geniş beynəlxalq şəbəkə sisteminə sahib olan AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvüdür (WAIPA) və hal-hazırda assosiasiyanın vitse-prezidentlik statusuna malikdir. Gürcüstan, Avstriya, İtaliya və Çində yerləşən və Bakıdakı mərkəz vasitəsilə koordinasiya olunan beynəlxalq nümayəndəlikləri müştərilərinə yerində və qısa zaman çərçivəsində xidmət göstərir. Həmçinin AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə sıx əlaqələr formalaşdırıb. Dünyanın 37 ölkəsindən 80-dən çox təşkilat ilə əməkdaşlıq və tərəfdaşlıq memorandumları qüvvədədir.

Teqlər:
Yusif Abdullayev, AZPROMO, Bakı Biznes Mərkəzi, məhsul, şərab, Azərbaycan, Çin

Əsas mövzular