"Rəqiblərim mənim “kumirlərim” idi"

© pixabay / patrickbrassard0Karate
Karate - Sputnik Azərbaycan
Abunə olmaq
Komandamızdan Roman Heydərov bürünc, İrina Zaretska gümüş, Nuranə Əliyeva bürünc, Şahin Atamov gümüş və Rafael Ağayev qızıl medal qazanaraq adlarını karate tarixinə yazdırmağı bacardılar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Azərbaycanın karate üzrə milli komandası üçün ağır sınaqlardan biri geridə qaldı. Belə ki, Serbiyanın Novi Sad şəhərində keçirilən karate üzrə Avropa Çempionatı başa çatdı. Komandamızdan kata üzrə Roman Heydərov bürünc, kumite yarışlarında isə İrina Zaretska (-68) gümüş, Nuranə Əliyeva (-50) bürünc, Şahin Atamov (+84) gümüş və Rafael Ağayev (-75) kiloda qızıl medal qazanaraq adlarını karate tarixinə yazdırmağı bacardılar. Medal qazanan idmançılarımızın bəziləri yarış barədə təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüblər.

Kata üzrə Avropanın ən güclülərindən olan Roman Heydərov bildirib ki, artıq 3-cü ildir bürünc medal qazanır: "Bir neçə il öncə 17 yaşımda Fransada ilk dəfə kişilər arasında keçirilən Avropa çempionatında iştirak etdim. O zaman ilk beşliyə daxil olacağımı belə ağlıma gətirmirdim. Çünki rəqiblərim mənim “kumirlərim” idi. Günlərlə videolarda izlədiyim dünyada tanınmış idmançılar idi. Lakin qismət belə gətirdi ki, mən də onlarla birlikdə bir tatamidə öz gücümü göstərdim və hətta bəzi “kumirlərimə” qalib gələ bildim. Qalibiyyət kürsüsünə yüksəldim”.

© Photo : TRENDRoman Heydərov
Roman Heydərov - Sputnik Azərbaycan
Roman Heydərov

“Hal-hazırda kata üzrə kişilər arasında Avropanın ən gənc idmançısıyam. Çıxışlarım nəticəsində göstərdiyim nəticə hər kəsin məndən yaxın illərdə qızıl medal gözləməsinə səbəb olur. Bir sözlə, aylarla çəkdiyim əziyyət və məşqlərin nəticəsi yerdə qalmadı. Artıq üçüncü dəfədir kürsüdə “kumirlərim” ilə birlikdə qələbə sevinci yaşayıram və onlar artıq mənim rəqiblərimdi", — kata ustası əlavə edib. 

İdmançı deyib ki, bürünc yer tutması ilə razılaşır: "Çünki mənim yaşımda tarixdə qələbə kürsüsünə yüksələn olmayıb. Rafael Ağayevdən başqa heç kim üç il ardıcıl olaraq qazandığı nəticəsini qoruya bilməyib. Hələ ki, bu nəticə ilə kifayətlənirəm. 1-2 ilə artıq məqsədim qızıl medal olacaq".

Kumitedə 84+ çəki dərəcəsində gümüş medal qazanmış Şahin Atamov isə yarış haqqında bunları deyib: "Bu yarış digərlərindən onunla fərqlənirdi ki, bu, qitə çempionatı idi. Avropanın ən güclü idmançıları burada öz güclərini sınayırdılar. Bu, mənim üçün yaxşı nəticədir, amma təəssüflər olsun ki, kiçik bir səhv məni qızıl medaldan ayırdı”.

© Sputnik / Murad OrujovŞahin Atamov
Şahin Atamov - Sputnik Azərbaycan
Şahin Atamov

“Çox çalışacağam ki, gələn il bu nəticəni qızı medal ilə əvəzləyim. Bakıya qayıdan kimi məşqlərə davam edəcəm. Çünki bu il bizim 2020 Tokio Olimpiadasına lisenziya xarakterli Dünya çempionatı yarışımız var. Həmin yarış bizim üçün çox böyük önəm kəsb edir", — Ş.Atamov vurğulayıb.

Bürünc medal qazanan qadın idmançımız Nuranə Əliyeva bu beynəlxalq yarışda uğur qazanmasının səbəblərini açıqlayıb: “Rəqiblərim çox güclü idi. Hər dəfə yarışa çıxanda özümə inanıram. Bu dəfə də uğur qazanmağıma səbəb psixoloji hazırlığım idi. Müəllimlərimin və qohumlarımın mənə verdiyi dəstək sayəsində qələbə qazandım".

© Sputnik / Murad OrujovAvropa çempionu Nuranə Əliyeva
Avropa çempionu Nuranə Əliyeva - Sputnik Azərbaycan
Avropa çempionu Nuranə Əliyeva

Xəbər lenti
0