11:25 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
179 0 0

"Ulu öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın"

BAKI, 10 may- 2018 — Sputnik. Milli Məclisin ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda Milli Məclisin spikeri, spikerin müavinləri, millət vəkilləri çıxış ediblər.

Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin sonları və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir: "Hər iki dövrdə Ümummilli Liderin yüksək idarəçiliyi sayəsində Azərbaycan mühüm inkişaf yolu keçib. Ulu Öndər müstəqillik yolunda maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilmiş, xalqın mənafeyinin müdafiəsi üçün mühüm işlər görülmüşdü".

Spiker qeyd edib ki, ulu öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: "İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə münasibətdə düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi".

O.Əsədov bildirib ki, Heydər Əliyevin Sovet hakimiyyətində vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planın ilk addımı idi: "1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkəni uçuruma sürükləyirdi. Lakin Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqiliyini qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı".

"Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyəti olan bir sıra qərarlar qəbul edildi. 1993-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ümummilli Lider Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını aldı. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai-siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu", — spiker əlavə edib.

Oqtay Əsədov vurğulayıb ki, Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən mühüm islahatların nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı: "Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis Ulu Öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktı qəbul edib".
Daha sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. Z.Əsgərov deyib ki, ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z.Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib. Z.Əsgərov onu da vurğulayıb ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir.

"İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühiti yaradır. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkişafa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur" — Əsgərov bildirib.

O qeyd edib ki, dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib: "Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər Prezident İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində məhkəmə sistemi daha da təkmilləşdirildi. İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, onu qorumaq heç də asan deyil".

İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
© Official website of President of Azerbaijan Republic

Z.Əsgərov onu da vurğulayıb ki, Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirilən tədbirlər bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza özünəəminlik hissi verir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piara baxmayaraq, Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir".

"Ulu öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın". Bu sözləri isə Milli Məclisin sədr müavini Bahar Muradova çıxışı zamanı deyib.
O bildirib ki, Ulu Öndərin daim var olması üçün bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq: "Necə ki, bu gün Prezident İlham Əliyev bu işi irəliyə aparır. Biz də öz növbəmizdə, Prezident İlham Əliyevə dəstək olmalıyıq. Ümummilli Lider Heydər Əliyev sağlığında yalnız öyülmür, həm də tənqid olunurdu. Ulu Öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Lakin illər keçdikcə onlar da Heydər Əliyevin irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir".

"Biz Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışarkən, əslində, Azərbaycanın 95 illiyi haqqında danışırıq. Ümummilli Lider hər zaman bizə düzgün yol göstərib, məsələni bir-bir anlamaqla yoluna qoymağı tövsiyə edib", — spikerin müavini əlavə edib.

B.Muradova vurğulayıb ki, vaxtilə Ulu Öndər Heydər Əliyevi özünə rəqib görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər: "Onun liderliyi, tam şəxsiyyət olması da bundadır. Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ümummilli Lideri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevənlərin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə, xalqa, millətə fayda gətirən ideyalarından doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə çıxışı zamanı ulu öndər Heydər Əliyevin ədalətli insan olduğunu xüsusi vurğulayıb: "Biz Ümummilli Lider Heydər Əliyevin dövlət maraqlarını hər şeydən üstün tutduğunun şahidiyik. Ulu Öndər Azərbaycanın bütün qayğılarını əzbər bilən bir insan idi".

"Azərbaycanda yaşayanlar tərəfindən vaxtilə Heydər Əliyevə qarşı Moskvada ədalətsizlik edildi. Bütün bunlara baxmayaraq, o, hər kəsə ədalətlə yanaşır, onları bağışlayırdı. Ümummilli Lider Heydər Əliyev ədalətsizliyə qarşı mübarizə aparırdı. Dahi şəxsiyyət mübariz idi. Amma Ulu Öndəri ağrıdan məsələ sonradan bəzilərinin ona xəyanət etməsi oldu", — S.Novruzov əlavə edib.

Millət vəkili Heydər Əliyevin ümumbəşəri şəxsiyyət olduğunu vurğulayıb: "O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli Lider partiya yaratmaq istəmirdi. Lakin sonradan əhalinin vəziyyətini dəyişmək üçün Yeni Azərbaycan Partiyasını yaratdı. Hazırda Yeni Azərbaycan Partiyası Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdirilməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu, Heydər Əliyevin siyasi xəttidir. Bizim borcumuz Azərbaycanın müstəqilliyinin əbədi olması üçün çalışmaqdır. Ümummilli Lider həm də humanist şəxsiyyət idi. Bildiyiniz kimi, Şərqdə ilk dəfə ölüm hökmü məhz dahi şəxsiyyət tərəfindən ləğv edilib".

Daha sonra çıxış edən deputat Zahid Oruc deyib ki, "Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var. Çünki belə şəxslər ölümsüzdür". Z.Oruc bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır: "Əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu Öndər Heydər Əliyev ümumilikdə milləti xilas edib".

Millət vəkili Ümummilli Liderin tarixdəki yerindən də danışıb: "Ulu Öndər Heydər Əliyev öz sistemi olan bir lider idi. O, müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan. Heydər Əliyevə xəyanət edənlər uğur qazana bilmədi. Azərbaycan Ümummilli Liderin sovet dövründə hakimiyyətdən getməsindən yalnız əziyyət çəkdi".

Əlaqədar

Vüqar Əliyev: “Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının əsasını qoyub”
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
Mirzəzadə: “Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi”
Heydər Əliyev siyasəti: Gələcəyə köklənmiş strateji məqsəd
"Heydər Əliyev Jak Şirakın üzünə dedi ki, Fransanı həmsədr kimi görmək istəmir"
Teqlər:
ümummilli lider, SSRİ, yubiley, Oqtay Əsədov, ulu öndər, Heydər Əliyev, Milli Məclis, Azərbaycan

Əsas mövzular